Putinin gizli ordusu: “Vaqner” qrupu

26-02-2018, 12:44           

İlk dəfə 2015-ci ildə Ukraynada üzə çıxan “Vaqner” qrupu haqqında Rusiya üzrə mütəxəssislər Moskva Dövlət Universitetinin nümayəndəsi Kərim Xas və Harvard Universitetinin məzunu Dimitar Beçev Türkiyənin “Habertürk” nəşrinə danışıblar.

Teleqraf.com xəbər verir ki, Xas bu qrupun Rusiya Prezidenti Vladimir Putinə xidmət etdiyini deyib.

Onun sözlərinə görə, Putinin gizli ordusu əvvəlcə Ukrayna və Krımda görünüb:

“Bu qrupun üzvləri kamuflyaj geyimdən istifadə edir, amma həmin formaların üzərində onların Rusiyaya məxsus olduğunu aydınlaşdıran heç bir işarə yoxdur. Dünya ictimaiyyəti qrupun Rusiyaya aid olduğunu bilsə də, Kreml hər dəfə bu informasiyanı rədd edir. Ukraynadakı separatçıların rəhbəri, Rusiya ordusunun sabiq polkovniki İqor Strelkov sosial mediada “Vaqner” qrupu ilə bağlı maraqlı məlumat paylaşıb.

O bildirib ki, “Vaqner” qrupunun bölgədə 2 birliyi olub. Onlardan biri tamamilə məhv edilib, digəri isə parçalanıb”.

Bəs bu qrup niyə “Vaqner” adlanır və kimlərdən ibarətdir?

“Vaqner” İraq müharibəsində ABŞ tərəfindən istifadə edilən “Bləkvoter” kimi özəl hərbi şirkətdir. Rus mediası bu qrupu ağır silah və zirehli texnika ilə təmin edilən, qeyri-rəsmi hərbi birlik kimi təqdim edir.

Kərim Xas bu birliyin rəsmən tanınmamasının səbəblərini açıqlayıb:

“Rusiyada özəl hərbi şirkətlər qanunla qadağandır. Kreml qəsdən qanunda xüsusi boşluq yaradıb. Belə birliklərin fəaliyyəti ölkə daxilində qadağandır.

Muzdlu hərbçilər ilk dəfə Ukraynada üzə çıxdı və özlərini “Slav” adlandırdı. Daha sonra 2015-ci ildə bu birlik “Vaqner” qrupuna çevrildi. Krımın ilhaqında onun xüsusi rolu var. Qrupun rəhbəri Rusiya ordusunun sabiq kəşfiyyatçısı Dmitri Utkindir. Utkin bundan əvvəl Ukrayna və Krımda xidmət edib. ABŞ-ın sanksiyalar siyahısında adı keçir. Utkinin bu qrupun adını “Vaqner” seçməsi də təsadüfi deyil.

Riçard Vaqner Adolft Hitlerin çox sevdiyi bəstəkar olub. Məlumatlara görə, bu, Utkinin neo-nasist olması anlamına gəlmir. O, rus taktikasından istifadə edərək, ideoloji dezinformasiya yaratmağa çalışır”.

Kərim Xasın sözlərinə görə, “Vaqner” qrupunun əsas tapşırıqlarından biri neft sahələrində nəzarəti ələ almaqdır. Bununla şirkət özünün maliyyə mənbəyini təmin edir. Çünki “Vaqner” qrupu Rusiyadan gələn qaynaqlardan başqa, öz gəlir mənbəyini də yaradır. Putinlə “Vaqner” qrupu arasında razılaşmaya əsasən, qrup ələ keçirdiyi neft sahələrindən gələn gəlirin dörddə birinə sahiblənir. Son toqquşmaların Suriyanın Deyr-əz-Zor bölgəsində olması da gözlənilən idi. Çünki Rusiya Müdafiə Nazirliyi şirkətə maliyyə dəstəyini azaldacağını açıqlamışdı”.

Dimitar Beçev isə muzdlu əsgərlərin kimlərdən təşkil olunması ilə bağlı sualı cavablandırıb:

“Muzdlu əsgərlər arasında Rusiya ordusunun sabiq hərbçiləri, millətçilər, hətta bolşeviklər də var. Onlar Rusiya ordusunun hərbçilərindən daha çox maaş alırlar.

Rusiyanın hazırda Suriyada 7 min hərbçisi var. Təbii ki, bura “Vaqner” qrupu daxil deyil. Suriyada bu qrupun 3 min əsgəri xidmət aparır. “Vaqner”in üzvlərinin əksəriyyəti çeçen və Qafqaz əsillidir. Onların aylıq məvacibi 1300-4000 dollar arasındadır. Qrup üzvləri öldükdə ailə üzvlərinə külli miqdarda təzminat ödənilir. Bu məbləğ təxminən 3 milyon rubl (53,7 min dollar) həcmindədir. Onlar yaralandıqda isə 12 min dollar təzminat alırlar.

Rusiya ordusunun zabiti isə ortalama 1200 dollar maaşla kifayətlənir...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.