ABŞ-ın ən böyük şirkəti BTC-də pay aldı - səbəb

28-02-2018, 11:02           
ABŞ-ın ən böyük şirkəti BTC-də pay aldı - səbəb
Ekspert: “Bu, neft kəmərindən gələn mənfəətin artacağı ilə bağlı bir siqnaldır”

Məlum olduğu kimi, Amerikanın “ExxonMobil” neft şirkəti Bakı-Tiflis-Ceyhan neft kəmərini idarə edən “BTC Co”nun səhmdarlarının tərkibinə daxil olub. “Trend”in məlumatına görə, bu barədə Azərbaycanda 2017-ci il üzrə fəaliyyət yekunlarına əsasən, BP şirkətinin hesabatında deyilir. “ExxonMobil” “CIECO” şirkətinin 2,5 faizini alıb.

Hesabatda bildirilir ki, razılaşma artıq baş tutub.

Qeyd edək ki, hazırda 2002-ci il avqust ayının 1-də layihənin həyata keçirilməsi üçün təsis edilən “BTC Co”nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); “Chevron” (8,9 faiz); “Statoil” (8,71 faiz); TRAO (6,53 faiz); “Eni” (5 faiz ); “Total” (5 faiz); “Itochu” (3,40 faiz ); “Inpex” (2,5 faiz); “ExxonMobil (2,5 faiz); ”ONGC" (2,36 faiz).

Bəs görəsən, dünyanın ən böyük neft şirkətlərindən birinin BTC-nin səhmdarlarından biri olmasının səbəbi nədir? Burada iqtisadi, yoxsa siyasi səbəblər əsas rol oynayır?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, əsas səbəb Qazaxıstan neftinin gələcəkdə artan həcmlərinin dünya bazarına daşınması ilə bağlıdır: ““ExxonMobil” dünyanın ən böyük neft şirkəti sayılır. Onların “Azəri-Çıraq-Günəşli”də də hissələri var. Ancaq öz neftlərini adətən başqa yolla, dəmir yolu ilə daşıyırdılar. Ona görə də BTC-yə ehtiyac duymadıqlarını bildirirdilər. “ExxonMobil” bizim yeni böyük neft-qaz layihələrimizdə yoxdur. Böyük ehtimalla Azərbaycandakı neft istehsalındakı rolu da tədricən azalacaq.

Sadəcə olaraq, “ExxonMobil” Qazaxıstanda neft ehtiyatlarına sahibdir və bu ölkənin neft hasilatının növbəti illərdə ikiqat artma ehtimalı var. Onlarda “Kaşaqan” neft yatağı fəaliyyətə başlayacaq, “Tengiz” yatağında olan istehsal həcminin böyüməsi düşünülür. Qazaxıstanın əlində olan daşıma infrastrukturu bu artan miqdarın dünya bazarına çıxarılması üçün kifayət etmir. Onların hazırda Rusiya üzərindən keçən bir boru xətti var ki, Novorossiyskə gedir, oradan dünya bazarına çıxır. Eyni zamanda Qazaxıstan Azərbaycanın infrastrukturundan istifadə edir. Əsas səbəb bundan ibarətdir.

Qazaxıstanda “ExxonMobil”in də içində yer aldığı neft rezervlərindən artan istehsalı dünya bazarına daşımaq üçün mövcud infrastruktur yetərsiz qaldığı üçün Amerika şirkətinin BTC-yə müraciət etməsi təbiidir. “ExxonMobil” burada həm öz neftinin daşınmasından gəlir əldə edə bilər, həm də BTC ilə daşınan bütün neft ehtiyatlarına görə əldə olunan gəlir hissədarlar arasında müvafiq nisbətə uyğun şəkildə bölüşdürülür və “ExxonMobil” buradan da qazanc əldə etmiş olur. Burada əsas səbəb Qazaxıstanın neft hasilatının artacağı ilə bağlı proqnozlardır. Bu, kifayət qədər real proqnozdur".

Ekspertin sözlərinə görə, burada ikinci məqam ondan ibarətdir ki, qonşu ölkə öz neftinin daşınmasında Rusiyadan asılılığını azaltmaq istəyir: “Qazaxıstan öz neftinin artan hissəsini, əlavə maliyyə ödəməklə Rusiya üzərindən də daşıya bilərdi. Ancaq bu diversifikasiyanın qarşısını ala bilərdi. Qazaxıstan neft daşınmasına görə bir ölkədən asılılığı azaltmaq istəyir. İkincisi, Novorossiyskə gedən neft türk boğazlarından keçməlidir, Türkiyənin də bu mövzuda çox böyük həssasiyyəti var. Çünki İstanbul dünyanın ən böyük şəhərlərindən biridir, Bosforda olacaq bir neft qəzasının nələrlə nəticələnəcəyini təxmin etmək belə mümkün deyil. Ancaq Azərbaycan üzərindən keçən və BTC ilə gedən neft birbaşa Aralıq dənizinə çıxır, Türkiyə üçün nəinki təhdid yaradır, əksinə, bu ölkəyə tranzit gəlirləri gətirir. Məsələnin bu aspekti də var. Qazaxıstanın bir dövlət olaraq diversifikasiyaya getmə planlarının, eyni zamanda Türkiyə ilə münasibətlərin daha yaxşı tutulması ilə bağlı Qazaxıstan dövlətinin götürdüyü siyasi xəttin fərqində olduqları üçün ”ExxonMobil" gələcəyə yönəlik belə bir yatırım edib. Gələcəkdə həm öz məhsullarının təhlükəsiz və ucuz şəkildə dünya bazarına çıxmasını təmin etsin, həm də buradan əlavə qazanc əldə etsin".

E.Soltanovun fikrincə, “ExxonMobil”in BTC-də yenidən pay sahibi olmasının bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, bu addım neft boru kəmərinin rentabelliliyinin artacağı mövzusunda verilən bir siqnaldır: “Bakı-Tiflis-Ceyhan ayrıca bir proyekt olaraq düşünülərsə, bu xəbər onun daha çox mənfəət əldə edəcəyi anlamına gəlir. ”ExxonMobil" kimi bir şirkət pulunu ancaq gələcəkdə yüksək divident götürə biləcəyi bir yerə yatıra bilər. Belə böyük bir şirkət gələcəyə yönəlik mənfəət hesablarını çox ciddi alqoritmlərlə, çox ciddi mütəxəssislərin cəlb olunması ilə həyata keçirir. “ExxonMobil” BTC-də səhmdarlardan biri olubsa, bu, neft kəmərinin gələcəkdə daha çox gəlir gətirəcəyinə işarədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.