İsrailin ardınca Avropa da Azərbaycan neftindən üz döndərir

28-08-2015, 09:34           

Bazarlardan daxil olan informasiyalara görə Avropada az kükürdlü Aralıq dənizi neftinin satışı Qərbi Afrikadan neft təchizatının artmasına görə aşağı düşəcək.

Bu isə yerli neftayıma zavodlarının Azərbaycan nefti olan "Azeri Light"a və "CPC Blend"ə olan tələbatını azaldacaq.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə dünyanın enegetika üzrə ixtisaslaşmış nüfuzlu agentliyi “Platts” bildirir.

Asiyada Qərbi Afrika neftinə tələbatın azalmasını və əlverişli nəql marşrutunu nəzərə alaraq Avropanın neft emalı şirkətləri sentyabr ayında Nigeriya və Anqoladan əlavə neft təchizatına qərar veriblər. Ekspertlərin qiymətləndirmələrinə görə, sentyabr ayında Avropaya Qərbi Afrikadan 50 milyon barrelə qədər neft çatdırılacaq. Bu, gündə orta hesabla 1,6 milyon barrel neft deməkdir.

Ö növbəsində bu görünməmiş neft axını istifadəçilərin ənənəvi neft növlərinə tələbatınının parametrlərini dəyişdirib. Bu isə xüsusən "Azeri Lights" markalı Azərbaycan neftinə münasibətdə differensialların aşağı düşməsinə gətirib çıxarıb.

Avqustun 26-da CİF şərti ilə çatdırılan Azərbaycan neftinin qiyməti “Brent”+1.70 dollar formulu ilə müəyyən olunub. Başqa sözlə, Azərbaycan nefti ilə Brent markalı neftin qiymətləri arasında fərq əvvəlki 2,30 dollardan 1,70 dollara enib.

Ekspertlər qeyd edirlər ki, bu cür situasiya dünya bazarlarında neftə olan təklifin artmaqda davam etdiyi bir vaxtda yaranıb. Tələbat isə artmır. Xüsusən Hindistanın Qərbi Afrika neftinə tələbatı azalıb. Hindistan adətən ayda 8-12 milyon barrel neft idxal edirdi.

Həmçinin Anqola neftinin 40-50 faizini alan Çində neftə tələbat azalıb.

“Avqust ayında Çin Anqolada hasil olunan neftin üçdə ikisini alıb. Lakin sentyabr ayı üçün onlar əvvəlki həcmin ancaq yarısı qədər neft alacaqlarını bidiriblər”- neft treyderlərindən biri deyib.

Treyder əlavə edib ki, artıq qalan Anqola neftini dərhal avropalılar alacaq. Ekspertlərin mövqeyinə görə, həm Anqola, həm də Nigeriya sentyabr ayında nefti satmaq üçün üzlərini Avropaya çevirəcəklər. Alternativ mənbələrin bu qədər çox olduğu bir vaxtda neftin qiyməti durmadan aşağı enəcək. "Platts" analitikləri buna əmindir.

Xatırladaq ki, bir neçə gün əvvəl virtualaz.org saytı “Financial Times”ə istinadən Azərbaycan neftinin əsas müştərisi olan İsrailin son üç ayda İraqın şimalında kürd administrasiyası tərəfindən hasil olunan neftə üstünlük verdiyini yazıb. İsrail mayın əvvəlindən avqustun 11-nə qədər kürdlərdən 19 milyon barrel neft alıb. Bu isə dünya bazarındakı qiymətlərlə 1 milyard dollar deməkdir və İisrailin neftə olan tələbatının üçdə ikisidir.

İsrail indiyədək neftə olan tələbatının təxminən yarısını Azərbaycan neftinin hesabına ödəyirdi. Beləliklə, dünya bazarlarında neft bolluğu ona gətirib çıxarıb ki, İsrailin ardınca Avropa da Azərbaycan neftindən üz döndərir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.