“İstəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın” - Əli Orucov

11-04-2018, 12:00           
“İstəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın” - Əli Orucov
Son illərdə Azərbaycan müxalifətinin icazəsiz aksiyalar keçirməsinə rast gəlinmir. 2013-cü ildən etibarən müxalif düşərgə indiyə qədər demək olar ki, razılaşdırılmamış mitinq, piket təşkil etməyib. Daha öncələr belə aksiyalar keçirən müxalifətin bundan imtinası maraq doğurur.

Düzdür, son beş ildə müxalifətin aksiya keçirmək üçün etdiyi müraciətlərin əksəriyyətinə razılıq verilib. Bu səbəbdən icazəsiz aksiyaların gündəmdən düşdüyü də qeyd olunur. Lakin elə hallar da olub ki, müxalifət hər hansı bir tədbir keçirmək istəyib, buna yer ayrılması üçün olunan müraciətə hakimiyyət sərt münasibət sərgiləyib. Demokratik düşərgənin isə buna reaksiyası susqunluq olub...

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli bütün bunun bir neçə səbəbinin olduğunu düşünür: “İllər öncə müxalifət razılaşdırılmamış mitinqlər ona görə keçirirdi ki, hakimiyyət mitinq keçirmək üçün normal bir yer versin. Gənclərin sayəsində müxalifət buna nail oldu və iqtidar ”İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunu mitinq keçirmək üçün siyasi opponentlərinə verdi. İllərdir bu imkandan müxalifət lazımınca niyə istifadə edə bilmir, bu artıq başqa bir mövzudur. Razılaşdırılmamış aksiyalar əhəmiyyətini itirməyib. Sadəcə olaraq, razılaşdırılmış aksiyaya kifayət qədər adam yığa bilməyən ənənəvi müxalifət çox gözəl anlayır ki, razılaşdırılmamış aksiyada, ümumiyyətlə, heç nə edə bilməz.

Əvvəllər şəhərin mərkəzində razılaşdırılmamış mitinq etmək üçün ənənəvi müxalifətin gücü var idi, çünki sıralarında güclü gənclər təşkilatları var idi. Artıq bu gənclərin bəziləri əvvəlki təşkilatlarından ayrılıb, özləri üçün ayrı təşkilatlar qurub, digərləri isə ümumiyyətlə siyasətdən ayrılıb. Bunun niyə belə olduğunu artıq ənənəvi müxalifət düşünsün. Güclü gənclər təşkilatları olmayan partiyalar nəinki razılaşdırılmamış, hətta güclü razılaşdırılmış mitinqlər belə edə bilməyəcəklər".

AMİP katibi Əli Orucov ölkədə qarşıdurmaların baş verməməsi üçün icazəsiz aksiyalar keçirmədiklərini qeyd etdi: “Müxalifətin razılaşdırılmamış aksiyalardan qaçmasının müxtəlif səbəbləri var. İlk növbədə istəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın, zorakılıq halları artsın, kövrək ictimai-siyasi sabitlik pozulsun. Yaxın Şərqdə, sərhədlərimizə yaxın geniş siyasi coğrafiyada müharibələrin getdiyi, terrorun və separatizmin tüğyan etdiyi, supergüclərin ciddi qarşıdurması fonunda daxili gərginliyin artması arzuolunan deyil. Kütləvi aksiyalar iqtidarlara təsir edəcək ən effektli təsir vasitəsidir. Əgər bütün sivil mübarizə vasitələri tükənərsə, dialoq və müzakirələrə yol bağlanarsa, qarşı-qarşıya duran tərəflərdə kompromis tapılmazsa, yaxud da problemlərin həllinin başqa variantları mümkünsüz olarsa, o zaman kütləvi aksiyalara əl atılır ki, bu da sonda həmişə yaxşı nəticələr vermir. Zorakılıq halları artır, iğtişaşlara, nəzarətdən çıxan proseslərədək gedib çıxır, müxalifət düşərgəsi olaraq bundan çəkinməyə çalışırıq. Yanlış olaraq bəzi qüvvələr kütləvi aksiyaları gövdə və güc göstərisi kimi qələmə verməyə çalışırlar. Doğrudur, bu amil də var. Amma əsas məqsəd hakimiyyətə təsir göstərmə, onu hansısa siyasətindən, qərarlarından çəkindirmək, aksiyanı keçirən siyasi qüvvələrlə hesablaşmağa məcbur etməkdir. Eyni zamanda ictimai fikri və nəbzi göstərməkdir. Ötən əsrin 80-ci illərinin sonu və 2000-ci ilin əvvəllərinədək bu taktika səmərə verirdi. Amma Azərbaycanda izdihamlı mitinqlər dövrü indi arxada qalıb. Kütləvilik, mütəşəkkillik alınmadığından effektsiz olur. Bu heç də o demək deyil ki, mitinqlər əhəmiyyətini itirib. Sadəcə, iqtidar digər hüquq və azadlıqlar kimi sərbəst toplaşma azadlığını da məhdudlaşdırıb. Etirazçı, yaxud da narazı vətəndaş meydanda güclü lider və alternativ güclü komanda görmədiyindən inamsızlıq sindromundan çıxa bilmir. Açığı, ölkədə də vəziyyət tam dözülməz və ya böhran həddində deyil ki, son çıxış yolu kütləvi aksiyalara qalsın”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.