“İdarəçilik sistemini nə qocalar evinə, nə də gənclər klubuna döndərmək olmaz”

11-04-2018, 12:19           
“İdarəçilik sistemini nə qocalar evinə, nə də gənclər klubuna döndərmək olmaz”
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisidir. 11 apreldən sonra ölkəmizdə hansı dəyişikliklərin olacağı barədə müxtəlif mövqelər var. Azərbaycan iqtidarının daxilində ciddi kadr islahatları aparacağı, bir çox iri ranqlı məmurların formalaşacaq yeni hökumətdə yer almayacağı bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bir çox maraqlı mətləblərə aydınlıq gətirdi: “Ölkə prezidentinin idarəçilik fəlsəfəsində yeniləşmə başlıca xətlərdən birini tutur. Hər zaman kadr dəyişiklikləri həyata keçirilir, eyni zamanda həm siyasi, həm də hüquqi xarakterli başlanmış olan islahatlar da davam etdirilir. Heç şübhəsiz ki, bu ənənə bundan sonra da davam etdiriləcək. Mənə elə gəlir ki, dünyada gedən proseslər nəticəsindəki yeni çağırışlar bizə bu islahatların daha kardinal şəkildə davamlı olmasını tələb edir. Bu islahatlar həm də çevik olmalıdır. İslahatların səviyyəsinə hazır olan yüksək vəzifəli məmurlar şübhəsiz ki, cənab prezident tərəfindən yeni hökumətdə nəzərə alınacaqlar. İndiyə qədər bəzi istisnalar olmaqla, ölkə başçısının komandasının kifayət qədər yetkin olduğu məlumdur. Yeni hökumətin tərkibində, məncə, yeniliklər olacaq. Potensialı tükənən, yeniliklərə öz töhfəsini verə bilməyən, yorulan, tükənən məmurların daha böyük potensialı, enerjisi olan şəxslərlə əvəzlənəcəyini istisna etmirəm”.

F.Ağamalı Nazirlər Kabinetinin seçkilərdən sonra ləğv ediləcəyi barədə gedən söz-söhbətlərə də aydınlıq gətirdi: “Bildiyim qədəri ilə Nazirlər Kabineti Azərbaycan Konstitusiyasında təsbit olunub. Nazirlər Kabineti o zaman ləğv oluna bilər ki, konstitusiyada dəyişiklik olunsun, bu təsbit oradan çıxarılsın. Yalnız bundan sonra cəmiyyətdə gedən bu müzakirələr reallaşa bilər. Heç şübhəsiz ki, mətbuatda, ictimaiyyətdə vitse-prezidentlik institutunun səlahiyyətlərinin genişləndirilməsi müzakirələri gedir və bunun mən də tərəfdarıyam. Bu institutun fəaliyyət imkanları daha da artırılmalı, bu qurum ölkə idarəçiliyində daha ciddi rol oynamalıdır. Burada isə əsas işlər Azərbaycanın birinci xanım Mehriban Əliyevanın üzərinə düşür. Tamamilə əminəm ki, Mehriban xanımın istedadı, yüksək intellekti nəticəsində vitse-prezidentlik institutu yüksək səviyyədə cəmiyyətdə yer alacaq, aparıcı bir quruma çevriləcək”.

Deputat gənc kadrların iş başına gətiriləcəyini də istisna etmir: “Mən bu cür düşüncənin sahibiyəm ki, idarəçilik sistemi kifayət qədər mürəkkəb bir sahədir. Düşünürəm ki, Azərbaycanda idarəçilik sistemini nə qocalar evinə, nə də gənclər klubuna döndərmək olmaz. Burada yaşlı nəslin içərisində potensialı tükənməyən, ciddi enerji ilə fəaliyyət göstərən insanlar varsa, bu şəxslərin imkanlarından idarəçilik sistemində istifadə etmək lazımdır. Lakin o şəxslər də var ki, hazırda potensialları tükənib, idarəçiliyə töhfə vermirlər, belə şəxslər istefaya getməli, onları yeni nəsil nümayəndələri əvəz etməlidir. Lakin yeni şəxslər də auditoriyadan birbaşa gələ bilməzlər. Bu şəxslərin mütləq idarəçilik sistemində təcrübələri olmalıdır. Bunlar olmadan gözləntilər doğrulmaz. Bir misal çəkim, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri gəncdir. Bundan əvvəl o, Qiymətli Kağızlar Bazarına rəhbərlik edirdi. İndi görünür ki, bu şəxs idarəçilik sistemində kifayət qədər formalaşmadığı üçün orada problemlər mövcuddur. Artıq ikihakimiyyətlilik var, icraçı direktorla sədr arasında problemlər yaşanır. Bu qurum təəssüflər olsun ki, cəmiyyətdə təsdiqini tapa bilmədi. Bu misalı çəkməkdə məqsədim odur ki, ciddi xarakter daşıyan vəzifələrə təcrübəsi olan insanlar bilikləri, bacarıqları və ən əsası vətənpərvərlikləri ilə təyin olunsunlar. Bu gün idarəçilik sistemində orta nəsil də var. Onların da fəaliyyəti göz qabağındadır. İdarəçiliyimizə onlar da öz töhfələrini verməkdədirlər. Bəzən bunların üzərinə də mətbuatda hücumlar edilir. Belə hücumların yetərincə əsaslı olduğunu düşünmürəm. Bu daha çox sifarişə bənzəyir. O insanlar ki, Azərbaycan dövlətçiliyinə xidmət ediblər, töhfələrini veriblər, həmin şəxsləri çox hörmətlə yola salmaq lazımdır. İnsan qocaldıqca onda bəzi dəyişikliklərin olması təbiidir. Bu şəxslərin istefası qoyularkən xidmətləri üzərində də dayanmaq lazımdır. Təəssüflər olsun ki, indi daha çox yaşlı nəslin vəzifədən getməsi mövqeləri səslənir. Unutmaq olmaz ki, həmin yaşlı nəslin xidmətləri sayəsində bu gün Azərbaycan dövləti ayaqdadır. O komanda ilə bərabər prezident bu uğurlara imza atıb. Ölkə başçısının tapşırıqlarını bu şəxslər uğurla yerinə yetiriblər. Sabitliyimizdə böyük xidmətləri olan Daxili İşlər Nazirliyi var. Fövqəladə Hallar Nazirliyinin də müsbət fəaliyyəti gözümüzün önündədir. Bunların hamısını sadalamaq istəmirəm. Müsbətlər qeyd olunmalıdır, çatışmayan cəhətlər varsa, hökmən göstərilməlidir. Bunları qərəzli olmadan etmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.