Seçki sonrası gözləntilər doğrularsa...

11-04-2018, 12:19           
Seçki sonrası gözləntilər doğrularsa...
Azərbaycan bu gün prezident seçkiləri mərhələsini arxada qoyur. Seçkilər ərəfəsində bu siyasi hadisədən sonrakı Azərbaycan siyasəti və iqtisadiyyatı ilə bağlı çoxsaylı fərziyyələr, ehtimallar irəli sürülüb, müxtəlif proqnozlar səsləndirilib.

Bir çox mənbələr prezident seçkilərindən sonra həm hökumətin tərkibində, həm həyata keçirilən siyasətlərdə ciddi dəyişikliklərin olunacağını gözləyirlər. Xüsusilə iqtisadi sahədə dəyişikliklərin daha böyük miqyasda olacağı, bu sahədə dövlət siyasətini həyata keçirən mühüm qurumların rəhbərlərinin dəyişəcəyi, iqtisadiyyatın idarə olunmasında böyük yeniliklərin ediləcəyi gözləntiləri daha çoxdur. Bu gözləntilər reallaşarsa, Azərbaycan iqtisadiyyatında hansı dəyişikliklər mümkündür?

Suala cavab verən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, seçki o zaman iqtisadiyyatdakı proseslərə təsir göstərir ki, prezident fərqli adam seçilsin: “Yeni gələn adam öz platformasına uyğun siyasət yürüdür. Azərbaycanda isə ölkə prezidentinin başqa adam seçiləcəyi ehtimalı yoxdur. Bu baxımdan, mövcud şərtlər daxilində böyük ehtimalla, iqtisadiyyatın idarə edilməsi metodlarında ciddi dəyişikliklər olmayacaq. Başqa sözlə desək, düşünmürəm ki, prezident seçkilərindən sonra iqtisadi idarəetmədə taktika və strategiyada hansısa dəyişikliklər olsun”.

Bununla belə, ekspertin sözlərinə görə, seçkilər erkən elan olunarkən müəyyən qruplar səbəb kimi köklü iqtisadi islahatların aparılması zərurətini önə çəkirdilər: “Belə əsaslandırma irəli sürülürdü ki, siyasi və iqtisadi islahatlar üçün zərurət yaranıb. Bu əsaslandırmaların real olduğunu qəbul edərsək, seçkilərdən sonra iqtisadi siyasətdə müəyyən dəyişikliklərin olunacağını gözləmək olar. Əslində bu gün belə ehtimal bizim müşahidələrimizdə də öz əksini tapır. Ehtimal olunur ki, seçki ilə ölkə prezidenti apardığı siyasətin legitimliyi ilə bağlı xalqın dəstəyini alıb daha sonrakı addım olaraq həm ölkədə struktur islahatlarına, həm də formalaşmış müəyyən məmur-oliqarx biznesinə qarşı mövqe sərgiləyə bilər. Bu, gözləntilərdən biridir. Əgər bu gözlənti özünü doğruldarsa, o zaman Azərbaycan iqtisadiyyatı üçün seçkidən sonrakı dövr yeni mərhələ kimi qiymətləndirilə bilər. Bu zaman korrupsiya, inhisarçılıq kimi elementlərin miqyasının azaldılması, Azərbaycan iqtisadiyyatında mühitin liberallaşdırılması nəticəsində inkişaf tempini artırmaq mümkün olacaq”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.