Ağ Ev və Kreml hərbi toqquşma ərəfəsində: Bakıya təhdid...

12-04-2018, 07:38           

Rusiya və ABŞ arasında münasibətlər son 5 gün ərzində daha da kəskinləşib. Həm Skripal olayı, həm də Suriyada Əsəd rejiminin kimyəvi silahdan istifadəsi tərəflərin bir-birinə qarşı sərt ittihamlar səsləndirməsinə səbəb olub. Xüsusilə tərəflər arasında açıq toqquşma BMT Təhlükəsizlik Şurasında yaşanıb. ABŞ-ın açıq şəkildə Rusiyanı Suriyadakı mülki vətəndaşların qatili adlandırmasına Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya sərt reaksiya verib. O, Moskvanın müttəfiqlərinə qarşı istənilən zərbənin qarşısının Rusiya tərəfindən alınacağını və hətta bunun ağır nəticələrə gətirib çıxaracağını bildirib.

Təhlükəsizlik Şurasındakı qarşıdurmadan dərhal sonra maraqlı açıqlamanı ABŞ Prezidenti Donald Tramp yayıb. Tramp Suriya ilə bağlı ABŞ-ın 48 saat ərzində hərbi cavab verəcəyini bildirib. Bundan sonra isə ABŞ-ın iki hərbi gəmisi Suriyanın sahillərinə yan alıb. Bu gəmilər Rusiyanın Suriyadakı Tartus hərbi dəniz bazasının 100 kilometrliyində qərarlaşıblar. Bu gəmilərlə bərabər, ABŞ “Truman” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında Aralıq dənizinə xüsusi zərbə qüvvəsi göndərib.

Suriya cəbhəsində münasibətlərin gərginləşdiyi vədədə ABŞ Rusiyaya qarşı sərt sanksiyalar da tətbiq edib. 24 rusiyalı biznesmen və yüksək vəzifəli şəxsi əhatə edən sanksiyalar artıq öz təsirini Rusiya bazarında nümayiş etdirməyə başlayıb. Amerika sanksiyalarına məruz qalan şirkətlərin səhmlərində böyük geriləmə müşahidə olunub. Sanksiyalara məruz qalan milyarderlərin itkisi isə hələlik ən azı 12 milyard dollar səviyyəsində ölçülür. Bununla bərabər rubl yenidən dollar və avro qarşısında ucuzlaşmağa başlayıb.

Bəzi ekspertlər ABŞ-ın yeni məhdudiyyətlərini ikinci sanksiyalar dalğası (ilki 2014-cü ildə - red.) adlandırmağa başlayıblar. Onların fikrincə, bu dalğa ölkədən həm kapital axınını sürətləndirəcək, həm də yeni devalvasiyaya rəvac verəcək. Moskvanın yeni sanksiyalar qarşısında nə qədər dözümlü olacağı da hələlik sual olaraq qalır.

Hazırda əsas məsələ Moskvanın bundan sonra nə edəcəyidir. Hər bir halda Kremlin səssiz qalacağı və öz mövqeyindən əl çəkəcəyi təxmin edilmir. Moskvanın bundan sonra daha da aqressivləşəcəyi, xüsusilə də bu aqressiyanı öz qonşularına münasibətdə nümayiş etdirəcəyi proqnozlaşdırılır. Həm yeni sanksiyalar, həm geosiyasi maraqlar, həm də ABŞ-ın CAATSA qanunu çərçivəsində Rusiyanın hərbi sənaye kompleksinə qadağalardan sonra Rusiyanın dünya hərb bazarındakı mövqelərini saxlamaq uğrunda mübarizəsi Moskvanın Vaşinqtonla münasibətlərini daha da gərginləşdirəcək. Dünyanı qorxudan əsas məsələ isə bu toqquşmanın siyasi müstəvidən çıxaraq, döyüş meydanlara keçəcəyidir.

Məsələ ilə əlaqədar Axar.az-a danışan rusiyalı politoloq Konstantin Kalaçev tərəflərin bundan sonra da eyni masa arxasına əyləşəcəyinə inanmadığını deyib. Kalaçevin fikrincə, dünya üçün ən qorxulu məqam ABŞ-Rusiya toqquşmasından daha çox, bu toqquşmaya mane olacaq və tərəfləri barışdıracaq heç bir alternativ gücün olmamasıdır:

“Danışıqlar və yenilənmə haqqında hazırda tərəflərdən heç biri indi danışmır. Qarşılıqlı şantajda dərəcələrin artırılması davam edir. Hələlik dünya siyasətində elə bir nüfuzlu subyekt görünmür ki, barışdırıcı və ya danışıqların təşəbbüskarı rolunu üzərinə götürə bilsin. Ona görə də sülhün azsaylı tərəfdarlarından kimə ümid bağlanacağı hələlik aydın deyil. Əgər amerikalılar Suriyaya hücum etsələr və qurbanlar arasında rusiyalı hərbçilər olsa, o zaman hadisələr qeyri-müəyyən və geri dönüşü mümkün olmayan xarakter alacaq. İndi artıq problem ayrı-ayrı rus milyarderləri deyil. Kimyəvi hücum amerikalılar və rusiyalılar arasında birbaşa toqquşmaya səbəb ola bilər”.

İki böyük güc arasında münasibətlərin gərginləşməsinin Qafqazda da öz əksini tapacağı güman edilir. Bölgədə tərəflərdən heç birinin tam nüfuz sahibi olmaması onların burada toqquşma ehtimalını artırır. Digər tərəfdən, Cənubi Qafqazda ABŞ-ın müttəfiqi sayılan Gürcüstanın olması Rusiyanı artıq uzun illərdir narahat edir. Azərbaycana gəldikdə isə nə Moskva, nə də Vaşinqton Bakının rəqibinin yanında yer almasını istəyir. Üstəlik, Dumadakı kimyəvi hücumla aktual olan İran məsələsinin daha da alovlanması Azərbaycanı Vaşinqton üçün daha önəmli ölkə halına gətirir.

Siyasi kontekstlə bərabər, Rusiyaya qarşı sanksiyalar Cənubi Qafqaz ölkələrinin hamısı üçün yeni iqtisadi təhlükələrin yaranmasına şərait yaradır. Doğrudur, Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələri həddən artıq yüksək deyil. Lakin bu ölkələr üçün ən mühüm təhdid Rusiyada saylarının milyonlarla ölçülən əmək miqrantlarının olmasıdır. Bu şəxslərin yaranacaq böhranla ölkəyə geri dönmələri həmin dövlətlər üçün müəyyən çətinliklərin yaranmasına gətirib çıxaracaq ki, bu da arzuolunmaz ssenari hesab edilir.

ABŞ sanksiyalarının və tərəflər arasındakı münasibətlərin Cənubi Qafqaza təsirini Axar.az üçün şərh edən Gela Vasadze bölgə dövlətlərinin təcili şəkildə yarana biləcək çətinliklərə indidən hazırlaşmalı olduğunu deyib. O, ABŞ və Rusiya arasında yeni soyuq müharibənin gözləniləndən daha uzun olacağını bildirib:

“Kreml ABŞ-ın yeni sanksiyalarına hələlik tutarlı cavab vermək iqtidarında deyil. Biz yaxşı anlamalıyıq ki, “Soyuq müharibə 2” daha ciddidir və uzun müddətə hesablanıb. Hətta qərarları verənlər belə bunun nə qədər çox davam edəcəyini bilmirlər.

Cənubi Qafqaza gəlincə isə burada məsələyə iki aspektdən – siyasi və iqtisadi aspektdən baxmaq lazımdır. Aydındır ki, Cənubi Qafqaz üçün Rusiya iqtisadiyyatının vəziyyəti öz iqtisadi təhlükəsizliyi baxımından vacib elementdir. Buraya həm xarici ticarət, həm də miqrant məsələləri aiddir. Biz heç nəyi dəyişə bilmərik, amma onun neqativ effektinin yumşaldılmasına hazırlaşa bilərik. Bu məsələdə regional tərəfdaşlıq formatı açar rolunu oynamalıdır.

Siyasi aspektə gəlincə isə bir fikirlə kifayətlənmək istərdim. Dünyanın yenilənməsi dövründə regionda dəyişikliklər nəinki mümkündür, hətta qaçılmazdır. Ona görə də bunu sadəcə diqqətdə saxlamaq lazım deyil, həm də yeni fərqli ssenarilərə hazır olmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.