"Almaniyada hərbi xidmətdə olmuşam, amma Əfqanıstan Veteranları birliyinin üzvüyəm" - məhkəmə işi

13-04-2018, 14:26           
"Almaniyada hərbi xidmətdə olmuşam, amma Əfqanıstan Veteranları birliyinin üzvüyəm" - məhkəmə işi
"Almaniyada hərbi xidmətdə olmuşam, amma Əfqanıstan Veteranları birliyinin üzvüyəm"
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid qismində ifadə verən Arzuman Həsənov bildirib ki, həmin torpaqlar üçün 30 min manat vəsait qoyub. Şahid qeyd edib ki, bizneslə məşğul olur: "Özüm villa, ev tikib satıram. Həmin ərazidən torpağı əvvəlcə onlardan aldım. Sonra dedilər ki, torpaq veteranlara veriləcək, mən də satdım. Heç xeyir də götürmədim".

A.Həsənov 1992-1996-cı illər arasında Qarabağ döyüşlərində iştirak etdiyini söyləyib: "Daha əvvəl isə Almaniyada hərbi xidmətdə olmuşam. Amma Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzviyəm".

Hakim bildirib ki, A.Həsənovun istintaqda verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər var. Onun istintaqa verdiyi ifadəsi elan olunub.

Məlum olub ki, o, istintaqda Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Cavan Əhmədovdan 10 sot torpaq almaq üçün razılığa gəldiklərini deyib.

"Torpaq sahəsini qohumum Rauf Həsənovun adına almışam. 30 min manat pulu isə Ənvər müəllimə vermişəm. Elə bilmişəm ki, bu puldan Cavan Əhmədovun xəbəri var. Sonra isə torpağı satmışam"- deyə şahid istintaqda bildirib.

A.Həsənov təqsirləndirilən şəxslərə pul vermədiyini deyib: "Heç ora yazılanı oxumamışdım".

Prosesin davamında digər şahid Şöhrət Əliyev dindirilib.

O, birliyin üzvü olduğunu deyib: "2008-ci ildə Cavan müəllimin qəbulunda olmuşam. 6 sot torpağı ölçdülər. Sonra sənədləşdirmək üçün sotuna 1000 manat pul istədilər. Cavan Əhmədova 6 min, bələdiyyə sədrinə isə rüsum üçün 2520 manat pul verdim".

C.Əhmədov isə Ş.Əliyevdən pul istəmədiyini bildirib.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan ictimai birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.