Bir şəhər, iki ölkə: Avropanın sərhəd anomaliyası

16-04-2018, 16:23           

Təsəvvür edin ki, mətbəxə çay süzməyə gedirsiniz və bu zaman …həm də dövlət sərhədini keçirsiniz. Və ya gecə yataqda çevrilərkən başqa ölkəyə düşürsünüz.

FED.az xəbər verir ki, nə qədər qəribə səslənsə də, bu reallıqdır və Hollandiya ilə Belçikanın sərhədində yerləşən Barle-Nassau qəsəbəsində baş verir.

Evin içərisindən keçən sərhəd xətti
Şimali Avropanın sakit güşələrindən birində qəribə geosiyasi anomaliya var: iki ölkə arasındakı sərhəd birbaşa yaşayış evlərinin içərisindən keçir. Nəticədə nəinki evin ayrı-ayrı otaqlarında, hətta eyni yataqda olan ailə üzvləri də ayrı-ayrı dövlətlərin ərazisində ola bilərlər.
Barle-Nassau - Hollandiyanın Şimali Brabant əyalətindəki icmadır. Sahəsi 76 kvadrat kilometr, əhalisinin sayı 9 min nəfər olan qəsəbə Belçika sərhədindən 30 kilometr məsafədə Hollandiyanın ərazisində yerləşir. Barle-Nassau bələdiyyəsində Barle-Hertoq adlanan 20 Belçika anklavı var. Yəni bu torpaqlar coğrafi cəhətdən Hollandiyanın ərazisinin içərisində olsalar da, hüquqi cəhətdən Belçikanın ərazisi sayılır və formal olaraq bu ölkənin Antverpen əyalətinin tərkibindədir. Amma öz növbəsində Belçika ərazisi sayılan anklavların bir neçəsinin daxilində də holland anklavları var. Xəritədə bu ərazi, içərisində belçika və holland əraziləri olan amöb kimi görünür.

Hersoq və nüfuzlu ailənın torpaq savaşı
Səliqəli sərhədləri və intizamı ilə məşhur olan Hollandiyadakı bu qarışıqlığın kökü təqribən 1000 il bundan əvvələ, orta əsrlərə gedib çıxır. Həmin vaxt müxtəlif torpaq sahələri fərqli ailələrə məxsus idi. Barle qəsəbəsinin ərazisi də hələ qədim dövrlərdən məskunlaşmışdı. Bu barədə ilk sənəd 992-ci ildə imzalanıb, 1141-ci ildə isə təsdiqlənib. Bar¬le-Xer¬toq ərazisi Hollandiyanın Bra¬ban¬t hersoqlarının, Bar¬le-Nassau isə orta əsrlərin məşhur ailəsi olan Nassauların ərazisi sayılırdı.
Həmin əraziyə iddia edən Brabant və Bredı zadəganları arasında mübarizə onunla nəticələndi ki, 1198-ci ildə zadəganların biri digərinə tabe oldu və torpaqlar birləşdi. Sonradan torpaqların yenidən bölünməsi zamanı bəzi ərazilər parçalandı və anklavların yaranması ilə nəticələndi.
1831-ci ildə Belçika Hollandiyadan ayrılaraq müstəqilliyini elan edəndə, sərhədlərin müəyyən edilməsi ilə bağlı elə böyük qarışıqlıq düşdü ki, hər iki tərəfin hökuməti sərhədlə bağlı müzakirələri dayandırmalı oldular.
Nəhayət, 1843-cı ildə Maastrixdə imzalanan müqavilə ilə indiki sərhədlər təsdiqləndi. İki ölkə arasında sərhədlərin yekun olaraq dəqiqləşdirilməsi 150 il sonra - 1995-ci ildə baş verdi. Həmin vaxt sərhədlər santimetr dəqiqliyə kimi müəyyənləşdirildi və təsdiqləndi.

Mətbəxdən keçən sərhəd xətti
Barledə sərhəd xətti bir qayda olaraq torpaq sahələrinin arasından keçir. Amma bəzi hallarda xətt istiqamətini dəyişir və nəinki ayrı-ayrı məhəllələr, hətta evlərin də içərisindən keçir.
Nəticədə bəzi evlərdə otaqlardan biri və ya mətbəx Belçikada, digəri isə Hollandiyada yerləşir. Belə evin hansı ölkədə yerləşdiyini, burada yaşayanların isə hansı ölkənin vətəndaşı olduqlarını müəyyən etmək üçün xüsusi qayda var. Evin əsas girişi hansı ölkənin ərazisindədirsə, ev və onun sakinləri də həmin ölkəyə aiddir. Evlərin hansı ölkəyə aid olmasını göstərmək üçün evlərin üzərində müvafiq bayraqlar çəkilir. Ev sahibləri bu vəziyyətdən tez-tez sui-istifadə edir və evlərin girişini iqtisadi cəhətdən daha sərfəli tərəfdə tikirlər.

İki poçt, iki telefon şəbəkəsi, bir polis
Faktiki olaraq, iki ölkənin ərazisində yerləşməsi Barledəki kommunal xidmətlərdə də özünü göstərir. Şəhərə elektrik enerjisini və kabel televiziyasını Belçikanın «Electrabel» və «IVEKA» şirkətləri təmin edir. Burada həm Hollandiyanın (TNT Post), həm də Belçikanın (De Post) poçt xidməti və zibil daşıyanları işləyir. Məhz buna görə küçələrdən hər gün iki dəfə ayrı-ayrı vaxtlarda poçtalyonlar və zibil daşıyanlar keçir.
Şəhərdə iki milli (holland və Belçika) telefon şəbəkəsi var. Əslində qaydaya görə, ayrı-ayrı ölkələrin vətəndaşları ev telefonlarından bir-birinə beynəlxalq tariflərlə zəng vurmalıdırlar. Amma bu qəsəbə üçün istisna var və onlar bir-birləri ilə yerli tariflərlə danışa bilərlər. Qəsəbənin polis idarəsi Hollandiya tərəfində yerləşib, amma burada həm Belçika, həm də holland polisləri çalışır.

Kərpic binalarda holland-flamand izi
İlk baxışdan elə görünür ki, burada ərazi eynidir – hər tərəfdə holland əyalətlərinə məxsus olan qırmızı kərpicdən olan evlər var. Qəsəbədəki 9 min sakinin dörddə üçü Hollandiya vətəndaşlarıdır.
Sərhədləri göstərmək və əraziləri bir birindən fərqləndirmək üçün müxtəlif üsullardan istifadə edilir. Məsələn, sərhəd xətti küçələrdə ağ xaç işarələri ilə göstərilib. Holland tərəfdə səkilərdə «NL», digər tərfdə isə «B» hərfləri, eləcə də ölkələrin bayraqları vurulur.
Holland tərəfdəki binalar bir-birinə oxşayır, daha səliqəlidir, səkilərdə sarmaşıqlar uzanır, onların hamısı səliqə ilə kəsilib və üzüm tingləri kimi bağlanıb. Belçika rayonlarının memarlığı isə daha müxtəlifdir.

Məktəblərdə dərs qrafiki də fərqlidir
Barlenin turist palatasının sədri Vil¬lem van Qul bildirir ki, diqqətli adamlar sərhədin fərqli tərəflərində insanların danışığında da fərqləri görə bilər. Məsələ bundadır ki, qəsəbədəki Belçika məktəblərində fransız dili tədris edilir. Ümumilikdə isə qəsəbə sakinləri bir-biri ilə holland dilində danışırlar. Əvvəllər məktəb şagirdləri arasında tez-tez dava düşürdü. Amma 1960-cı illərdə bunun qarşısını almaq üçün hər iki tərəfin icmalarının rəhbərləri məktəblərdə dərslərin vaxtını dəyişdilər. Nəticədə fərqli millətlərdən olan şagirdlərin yolları kəsişmədi. Bundan başqa, qəsəbədə yeniyetmələr arasında dostluğu və müsbət təsiri artırmaq üçün gənclər klubu da yaradılıb. Hazırda Bar¬le-Nassau və Bar¬le-Xer-toqun sakinlərinin çoxu ikili vətəndaşlığa malikdirlər və bir neçə pasport daşıyırlar.

Restorana hansı qapıdan girmək daha sərfəlidir?
Qəsəbədəki sərhəd anomaliyası ilk baxışdan problem yaratsa da, əslində region iqtisadiyyatına çox müsbət təsir edir. Bu qəribəlik şəhərə çoxsaylı turistlərin gəlməsinə səbəb olub. Vaq Qul bildirir ki, hazırda 9 min sakini olan qəsəbədəki hotellər, mağazalar və kafelər 40 min nəfərə xidmətə edə bilir.
Maraqlı xüsusiyyətlərdən biri də obyektlərin iş qrafikindəki fərqlərdir. Məsələn, Belçika mağazaları bazar günü bağlanır. Həmin vaxt holland mağazaları açıq qalıb işləyirlər. Şəhərdə evlərin, hətta obyektlərin və restoranların da eyni zamanda iki ölkənin ərazisində yerləşməsi qəribə hallara səbəb olub. Bir neçə il əvvəl holland tərəfində restoranların axşamlar daha tez bağlanması barədə qanun qəbul edildi. Nəticədə iş adamları restoranları sərhəddə tikməyə başladılar. Səbəbi də odur ki, holland tərəfdə restoranın bağlanması vaxtı çatanda restoranın həmin tərəfdəki qapısı bağlanır və adamlar sadəcə restoranın içərisində Belçika tərəfdəki masalarda əyləşirlər. Məsələn, burada yerləşən «Zeeman» geyim mağazası da iki ölkənin sərhədində yerləşir və sərhəd xətti onu iki yerə ayırır. Bir tərəfdən giriş bağlananda mağazaya adamlar digər girişdən daxil olurlar.

Tikintiyə icazəni kim verəcək?
Amma çətinliklər də az deyil. Ən böyük problem tikinti üçün icazə alanda yaranır. Belçika tərəfi bələdiyyəsinin sədri Leo van Til¬burq (yeri gəlmişkən, sərhəd xətti bələdiyyə binasını da yarı bölür) bildirir ki, hətta bələdiyyənin binasında tikinti üçün icazəyə gələn belçikalılar binanın holland tərəfindəki işçilərə müraciət etməli olurlar.
Qəsəbədəki evlərdən birinin sahibi olan Kis de Xus bildirir ki, Belçikada şəhərsalma qanunları Hollandiyaya nisbətən daha yumşaq olduğuna görə, sakinlər üçün daşınmaz əmlakı Belçikada qeydiyyata aldırmaq daha sərfəlidir. Kis de Xusun öz evinin qapısı holland tərəfə baxdığına görə, Hollandiya ərazisi sayılır. Amma o bir neçə il əvvəl binanı yenidən qurmaq istəyəndə meriyadan (yəni holland meriyasından) icazə ala bilməyib. Problemi həll etmək üçün diribaş ev sahibi evində Belçika tərəfə baxan bir qapı da açıb. Artıq onun evinin iki qapısı var ki, bunlardan biri Hollandiya, digəri isə Belçikaya açılır. Kis qəsəbədə hüquqi qarışıqlıqdan istifadə edən yeganə sakin deyil. Əksər ailələr və biznes sahibləri etiraf edirlər ki, sərhədlərdəki bu vəziyyətdən müxtəlif üsullarla istifadə edirlər.

Bankın sənədlərini yoxlamaq asan deyilmiş
Buna ən parlaq misal, düz sərhədin üstündə tikilmiş keçmiş bankdır. Sərhəddə yerləşdiyinə görə, bankı yoxlamaq üçün həm Hollandiya, həm də belçikalı vergi işçiləri gəlirdi. Amma vergi yoxlaması gələndə onun sahibləri sənədləri binanın o biri ölkənin ərazisindəki hissəsinə aparırdılar. Vaxtilə belə hallar çox olub, məsələn iri buynuzlu heyvanlar gecələr bir otlaqdan digərinə keçir, mağazalar isə vergidən yayınmaq üçün malları bir ölkədən alıb, o biri ölkədə satırdılar. Van Qul bildirir ki: «Yerli əhali bu mövzuda söhbət etməyi xoşlayır, çünki qanunvericilikdəki imkanlardan sərhədin hər iki tərəfində yaşayanlar bacarıqla istiıadə edirdilər. Amma hazırda belə hallar çox deyil.

İkili həyatın narahatlıqları: 16 yaş, yoxsa 18 yaş
Amma iki ölkənin qanunları arasında fərqlər bəzən narazılıqlar da yaradır. Məsələn, Hollandiyada spirtli içkiləri yalnız 18 yaşı tamam olanlara satmaq olar. Belçikalılar isə pivəni 16 yaşından içə bilərlər. Ona görə də əgər Hollandiya mağazası gənclərə spirtli içki satmaqdan imtina edərsə, gənclər sadəcə çevrilib belçika mağazasına üz tuta bilərlər.
Holland tərəfini narahat edən digər məsələ şəhərin Belçika tərəfindəki fişəng mağazalarıdır. Məsələ bundadır ki, Hollandiyada fişənglərin satışı və daşınması qadağandır (Yeni İl bayramları istisna olmaqla). Ona görə də Hollandiya tərəfi şəhəri tərk edənləri ciddi surətdə yoxlayır. Amma Belçika tərəfində məsələ belə deyil.
Küçələrə asfalt döşəmək və kanalizasiya boruları çəkmək də problemdir. Çünki bu zaman küçələrdəki sərhəd xətlərini dəfələrlə yeniləmək lazım gəlir. Kanalizasiya borularına gəldikdə isə Til¬burq bildirir ki, borunun çəkildiyi torpaq bütünlüklə Belçikanın ola bilər, amma əgər bu borular holland evlərinə xidmət üçün dəyişdirilirsə, onda pulu kim ödəməlidir? Digər sual: küçənin Belçika tərəfində quraşdırılan, amma holland tərəfini də işıqlandıran küçə işıqlarına xidmət pulunu kim ödəməlidir? Bələdiyyədə bildirirlər ki, 100 problemdən 98-ni həll etmək olur.

Mənbə: “Daşınmaz Əmlak” jurnalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.