Türkiyədə seçki: vaxt dəyişikliyinin səbəbləri - Təhlil

26-04-2018, 23:38           
Türkiyədə seçki: vaxt dəyişikliyinin səbəbləri - Təhlil
Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi olaraq prezident və parlament seçkisinin vaxtının irəli çəkilməsi haqqında məlumat verməsindən sonra dünya KİV-lərində bu hadisənin səbəbləri ətrafında geniş müzakirələr müşahidə edilir.

Ekspertlər müxalif partiya liderinin verdiyi təklifin nəyə görə Ərdoğan tərəfindən dərhal qəbul edilməsi arxasında duran məqamlara işıq salmağa çalışırlar. Doğrudur, MHP və AKP müttəfiqdirlər, lakin seçki ilə bağlı qəfil qərarın alınması daha geniş aspektdə izah tələb edir. Bununla bağlı müxtəlif fikirlər irəli sürülür. Hər şeydən öncə, aydındır ki, Ankaranın təhlükəsizlik məsələləri ilə bağlı müəyyən narahatlıqları vardır. Bura daxili və xarici faktorlar daxildir. Xüsusilə daxildə bir sıra siyasi qüvvələrin daha hiyləgər üsulla hakimiyyəti devirmək planlarının olması narahatlıq yaradır. FETÖ-nün yeni-yeni planları ortaya çıxır. Digər tərəfdən, Suriya və İraqda region dövlətlərini narahat edən proseslər özünü göstərir. Onlara çevik və konkret reaksiya vermək zərurətə çevrilib. Bütün bunların işığında Türkiyədə yeni idarəetmə üsulunun həyata keçirilməsinə ciddi ehtiyacın yarandığını qəbul etmək lazım gəlir. Biz problemin bu aspekti üzərində daha geniş dayanmaq istərdik.

Strateji xətt: daxili və xarici faktorlar işığında

Türkiyədə parlament və prezident seçkilərini 2019-cu ilin payızında keçirmək nəzərdə tutulmuşdu. Ancaq Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təklifi ilə seçkinin vaxtının irəli çəkilməsi məsələsi qalxdı. D.Baxçalı 2018-ci il 26 avqust tarixini verdi. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanla aparılan müzakirələrdən sonra seçkini 2018-ci il iyunun 24-də keçirmək qərara alındı.

Türkiyənin seçkini 1 ildən də çox qabağa çəkməsinə dünya geniş reaksiya verdi. Analitik və ekspertlər bunun səbəbi ilə bağlı təhlillər aparırlar. Onların mövqeləri bir-birindən fərqlənir, çünki arqumentlər fərqlidir. Onların içərisindən müəyyən qrup arqumenti daha üstün tuturlar. Lakin bütövlükdə aydındır ki, söhbət Türkiyə üçün həyati əhəmiyyəti olan prosesdən gedir. Onun necə nəticələnəcəyindən yalnız Türkiyənin deyil, ümumilikdə Yaxın Şərq regionunun da geosiyasi taleyi xeyli dərəcədə asılıdır. Bu bağlılıqda Türkiyədə erkən seçkiyə gedilməsinin səbəbləri və mümkün nəticələri üzərində dayanmağa ehtiyac hiss edilir.

Ekspertlər hər şeydən əvvəl Türkiyənin təhlükəsizliyinin daha da aktuallaşdığını ifadə edirlər. Yaxın Şərq uğrunda dünyanın supergüclərinin apardığı savaş daha gərgin mərhələyə keçdiyindən regionda sürətlə vəziyyətin dəyişə bilməsi istisna edilmir. Xüsusilə Suriyada silahlı toqquşmalar daha təhlükəli miqyas almaqdadır. Regionun bir çox ölkələri Suriyaya müdaxilə etməkdən çəkinmir. Hətta İraq belə onun ərazisini bombalayır. Bu o deməkdir ki, regionda hər zaman öncədən proqnozlaşdırılmayan və riskli proseslər başlaya bilər. Güclü dövlətlər buna hazır olmalıdırlar.

Rəcəb Tayyib Ərdoğan da seçkinin vaxtının irəli çəkilməsi ilə bağlı etdiyi çıxışında bu məqama geniş yer verib. Bir tərəfdən, Amerika başda olmaqla Qərbin böyük dövlətləri Suriyada hərbi dayaqlarını gücləndirirlər. Konkret olaraq Vaşinqton orada 60-65 minlik silahlı qrup yaradır. Həmin qrupun kürdlər və ərəblərdən ibarət olacağı haqqında yazırlar. Yeni silahlı dəstənin əsas vəzifəsi Suriyanın cənubunda Bəşər Əsədə tabe olmayan təsisat yaratmaq və orada İranla Rusiyanın nüfuzunun artmasına mane olmaqdan ibarətdir. Təbii ki, bu sıraya Türkiyə də daxildir. Hətta yeni silahlı qrup zaman-zaman Türkiyəyə qarşı da hərəkət etməlidir. Bunun səbəbi ABŞ-ın Türkiyənin Vaşinqtonun nəzarətindən kənar inkişaf etməsini istəməməsidir.

Son illər Ankara müstəqil siyasi addımlarını artırıb və faktiki olaraq böyük uğurlar əldə edib. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Türkiyə heç kəsin diktəsi ilə hərəkət etməyəcək. Məhz bu məqam Ankaranın "qərbli dostlarını" razı salmır. Onların təsəvvüründə Türkiyə də daxil olmaqla bütün müsəlman dövlətləri kənardan olan sifarişlərlə oturub-durmalıdırlar. Qərb dövlətlərinin bu aspektdə mövqeləri dəyişməyib. Suriya məsələsinə həmin fakt prizmasından baxdıqda region dövlətləri, ilk növbədə Türkiyə üçün hansı ciddi təhlükələrin meydana gəlməkdə olduğu barədə nəticə çıxarmaq olar.

Məsələnin digər aspekti Türkiyənin daxilində fəaliyyət göstərən müəyyən siyasi qrupların qarşılarına qoyduqları məqsədlə bağlıdır. Baş verən hadisələr göstərir ki, onlar Türkiyənin hazırkı iqtidarının nəyin bahasına olursa-olsun devrilməsi istiqamətində işləyirlər. Bunun üçün kənardan olan sifarişləri belə qəbul edirlər. Həmin kontekstdə FETÖ məsələsi Ankara üçün əsl başağrısıdır. Vaşinqton F.Güləni Türkiyəyə təslim etmək istəmir. İndi Ankara bir amerikalı keşişi həbs edib. O adam Türkiyədə dövlətə qarşı fəaliyyət göstərirmiş. Buna Vaşinqton kəskin reaksiya verib.

Regionun supergücü: iddia və reallıq

Donald Tramp administrasiyası keşişin azad edilməsini tələb edir. Ankaranın cavabı isə qısa və konkretdir: Türkiyə hüquq dövlətidir və qərarı məhkəmə verəcək. Məhkəmənin verəcəyi qərara uyğun addım atılacaq. Bununla Ankara Zərrab məsələsində ABŞ-ın rəsmi orqanlarının qərəzli davranmasına cavab verir. Yəni Türkiyə yenə də müstəqil addım ata bildiyini sübut etməkdədir.

Bunlarla yanaşı, Türkiyənin daxilindəki bir sıra siyasi qruplar təxribatlara belə əl atmaqdan çəkinmirlər. CHP və HDP hətta ortaq fəaliyyətlə bağlı danışıqlar aparırlar. Ankaranın dövlət üçün həyati əhəmiyyəti olan addımlar atmasına bəzən onlar təxribatçı və düşmən mövqeyinə uyğun reaksiya verirlər. Bununla çevik qərarların qəbul edilməsi maneələrlə üzləşir. Belə bir vəziyyətin aradan qaldırılması üçün Türkiyədə yeni idarəetmə sisteminə keçidi sürətləndirmək vacib şərt olaraq qarşıya gəlir.

Türkiyə rəhbərliyini qayğılandıran başlıca məsələ ölkədə iqtisadi-maliyyə təxribatlarının özünü göstərməsidir. Məsələn, banklar faiz dərəcələrini yüksək qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğanın müraciət etməsinə baxmayaraq, onlar faiz dərəcəsini aşağı salmaq istəmirlər. Bu da ölkə iqtisadiyyatına zərər verir. Vəziyyətdən çıxış yolu qanuni olaraq yeni idarəetmə sisteminin həyata keçməsindən ibarətdir.

Bunlarla yanaşı, Türkiyənin tələsməsi ətraf ölkələrdə seçkilərin həyata keçirilməsi ilə əlaqələndirilir. Rusiya, Azərbaycan, Ermənistan artıq bu mərhələni keçiblər. Türkiyədə də iqtidarın tam legitim hala gətirilməsinə ehtiyac vardır. Bunun üçün seçkini tez reallaşdırmaq gərəkdir. Görünür, Cənubi Qafqaz da daxil olmaqla geniş bir geosiyasi məkanda sürətli və taleyüklü proseslər proqnozlaşdırılır. ABŞ-da D.Trampın yüksək vəzifələrə sərt mövqe tərəfdarlarını gətirməsi dünyanın narahatlığını daha da artırıb. Bunun mümkün nəticələri üzərində indi düşünənlər az deyil.

Onu da vurğulayaq ki, bir sıra qərəzli dairələr seçkinin vaxtının irəli çəkməsini R.T.Ərdoğanın hakimiyyətdə qalma həvəsi ilə izah etməyə çalışırlar. Bu cür mövqenin arxasında duran məqam aydındır: Türkiyəni şəxsi ambisiyaların idarə etdiyi məmləkət kimi göstərmək! Bununla həm özlərinin qəsbkar niyyətlərini ört-basdır etməyə çalışırlar, həm də müsəlman xalqlarının demokratik, hüquqi dövlət yarada bilmədiyi təəssüratı formalaşdırmağa cəhd edirlər. Təbii ki, Türkiyənin dövlət ənənələri bu cür sərsəm ittihamların absurd olduğunu sübut edir.

Və bütün bunların əksinə, Türkiyənin gücləndikcə daha geniş məkanlarda fəallığını artırması fonunda türk dövlətçiliyinə zərbə vurmaq meylləri də güclənir. Ankara Balkanlara nüfuz edir, Fransa narahat olur. Türkiyə Cənubi Qafqazda fəallığını artırır, başqalarının kürkünə birə düşür. Suriya və İraqda konkret addımlar atır, gecə yuxusuna haram qatanların sayı çoxalır. Deməli, Türkiyənin daha da güclənməsi və dünyada söz sahibi olması ciddi bir ehtiyaca çevrilib.

Yuxarıda ifadə edilən məqamlar göstərir ki, Türkiyədə seçkinin vaxtının dəyişdirilməsi həm ölkənin daxili vəziyyəti, həm də dünyada baş verən geosiyasi proseslərin məntiqinin dəyişməsi ilə bağlıdır. Türkiyə Yaxın Şərqin açar dövləti kimi ətrafında baş verənlərə uyğun hərəkət etməlidir. Ankara yeni şəraitə uyğun çevik qərarlar qəbul edə bilməsə, çox şeyləri itirə bilər. Bunun bütün müsəlman dünyasına zərər verə biləcəyinə şübhə yoxdur.

Həmin kontekstdə terrorla mübarizə məsələsi olduqca ciddi əhəmiyyət kəsb edir. Xüsusilə Suriyada bir sıra bölgələrdə anti-terror əməliyyatlarının keçirilməsi Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Əgər həmin məqsədinə Ankara çata bilsə, bunun müsbət təsir dairəsi geniş olacaq. O cümlədən Cənubi Qafqazda erməni terroru ilə mübarizədə böyük uğurlar əldə etmək şansı meydana gələcək.

Belə görünür ki, Türkiyədə iyun ayı dövlətçilik baxımından mühüm bir tarix olacaq. Həmin gün türk milləti öz seçimini etməlidir. Bu seçimdən asılı olaraq, Türkiyənin dövlət kimi imici, gücü, mövqeyi və strateji məqsədləri yeni cizgilər alacaq. Biz bu prosesdə qardaş ölkənin qalib gələcəyinə inanırıq!

Newtimes.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.