Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənir

2-05-2018, 10:55           
Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənir
Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənməkdə davam edir. Getdikcə daha çox moldov kənd və qəsəbələri Rumıniyaya birləşmək barədə bəyannaməyə qoşulduqlarını bildirirlər. Moldova parlamentinin deputatı Boqdan Çırdya Moldova hakimiyyət orqanlarını ölkənin rumınlaşdırılmasına heç bir reaksiya göstərməməkdə ittiham edib. Bu birləşməyə qarşı çıxan və Rusiyanın ciddi təsiri altında olan Qaqauz muxtariyyətinin rəhbəri İrina Vlax Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə bildirib ki, qaqauzlar vahid Rumıniyanın tərkibinə daxil olmayacaqlar. Separatçı əhval-ruhiyyədə olan qaqauz liderinin arqumenti bundan ibarətdir ki 2014-cü il referendumu bu birləşmə ilə ziddiyyət təşkil edir. Başqa bir separatçı qurum - Dnestryanı vilayət də Moldovanın təşəbbüsünə qoşulmayacağını bəyan edir. Öz növbəsində, alman politoloq Aleksandr Rar hesab edir ki, Avropa İttifaqı da "iki Rumıniya”nın birləşməsi ideyasını dəstəkləmir. Onun qənaətincə, belə bir hal Avropa İttifaqını parçalaya bilər. Rusiyapərəst prezident İqor Dodon da məsələyə dərhal reaksiya verib və hamını ölkənin suverenliyinin qorunmasına çağırıb. Beləliklə, demək olar ki, hər gün hansısa bir moldovan kəndinin Rumıniyaya birləşməsi barədə xəbərlər yayılır və artıq bu günə qədər yeddi moldov kəndi belə bir bəyannaməyə imza atıb. Birləşmə tərəfdarları nəhəng rumın üçrəngli bayrağını sərhəd Prut çayı üzərinə də yönəldiblər.

Çayın hər iki tərəfində martın 27-si bayram kimi qeyd olunur. Sadəcə, Rumıniyada həmin gün dövlət bayramı kimi qeyd olunur. 100 il bundan əvvəl Moldova şəhər şurası Sfatul Çeriy Rumıniya ilə birləşmə barədə bəyannamə qəbul edib. Həmin vaxta kimi isə Bessarabiya rumın qoşunları tərəfindən tutulsa da, 22 il sonra bu ərazi yenidən SSRİ tərəfindən işğal olunur. Rumıniyada "Unirya-2018” (Birləşmə-2018) planı mövcuddur. Bu yaxınlarda Buxarestdə xüsusi birləşmə nazirliyinin yaradılması təklifi də səslənib. Moldova siyasəti ilə ciddi məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku bu il ölkədə keçiriləcək parlament seçkilərində Milli Birlik Partiyasının fəxri həmsədri kimi iştirak etmək niyyətindədir. Buna mane olan isə Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsidir. Bu qərarı isə prezident İqor Dodon qəbul edib və Kişinyov məhkəməsi tərəfindən təsdiq olunub. Lakin Besesku Moldova pasportunu geri alacağına ümidlərini itirmir və kəndlərin birləşmə barədə bəyannaməsini alqışlayır. O, hesab edir ki, bu, Moldovanın Rumıniyaya birləşməsi üçün əsas verə bilər. Prosesi Krımın Rusiya tərəfindən işğalı ilə eyniləşdirirlər. Lakin Krımın Rusiya ərazisi olduğunu nə Buxarest, nə də Kişinyov tanımır. T.Besesku əvvəldən də bildirib ki, parlamentin diqqətinə Moldova ilə birləşmə barədə qanun layihəsi təqdim edib.

Sosioloji sorğuların nəticələrinə görə, Moldovada əhalinin böyük bir hissəsi birləşmənin əleyhinə olsa da, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti bu birləşməni müdafiə edir. Məsələ ondadır ki, Konstitusiya Məhkəməsinin altı üzvündən beşi Rumıniya vətəndaşıdır. Hökumət üzvləri də, deputatlar da bu sıraya daxildir. Lakin məsələ ondadır ki, Rusiya tərəfi buna yol vermək istəməyəcək. Qaqauz muxtariyyəti açıq şəkildə bəyan edib ki, Rumıniya ilə birləşməyəcəklər. "Moldova statusunu dəyişəcəyi halda, qaqauzlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Qaqauzlar dörd il əvvəl referendum keçiriblər. Həmin referendumda iki məsələ qoyulmuşdu – Avropa İttifaq və yaxud Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya tərəfdarısınız? İkinci sual isə "Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarısınız?” Rəyi soruşulanların 98 faizi Aİİ, 99 faiz isə Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarı olduğunu bildirib. Bu məsələ bizim üçün həll olunub. Biz müstəqil Moldova tərəfdarıyıq”, - deyə Qaqauz muxtariyyətinin lideri Vlax bildirib. Hökumət üzvü kimi Vlax Moldova rəsmilərinin susqunluğunu başa düşmədiyini bildirib. "Kəndlərin birləşməsi ilə bağlı baş nazir və spiker fikir bildirməlidirlər. Birdə ki, həmin birləşmə sənədinə kimlərin imza atdıqları da araşdırılmalıdır”, - deyə o bildirib. Vlax hesab edir ki, birləşmə bəyannaməsi Liberal Partiyaya və onun sədri Mixay Qimpuaya sərf edir. O, hesab edir ki, Rumıniya Moldova ərazisinə iddia edə və onu öz ərazisi elan edə bilər. "Rumıniya Bessarabiyanın rumın ərazisi olduğunu qoya bilər”, - deyə Qimpu bildirib. Alman politoloq Aleksandr Rar bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi məsələsini alman məmurları ilə müzakirə edib: "Onlar Buxarestin buna gedəcəyinə şübhə ilə yanaşırlar. Çünki, bu məsələ Avropa İttifaqı daxilində çatlara səbəb ola bilər. Bundan əlavə, Rumıniya Rusiya demək deyil. Bu ölkə ona edilən təzyiqlər qarşısında Rusiya kimi davam gətirə bilməz. Belə olan halda, Dnestryanı özünü müstəqil elan edə bilər”.

Tanınmamış Dnestryanı bölgənin keçmiş "vitse-prezidenti” Aleksandr Karaman isə hesab edir ki, Moldova və Rumıniyanın birləşməsi məsələsi tez və asan həllini tapa bilər. O, "Regnum” agentliyinə müsahibəsində bildirib ki, Bessarabiyanın Rumıniyaya birləşməsi 100 illik ərəfəsində baş tuta bilər. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.