"YERİ SATIB QURTARDILAR, İNDİ DƏ AYI SATIRLAR" - REPORTAJ

31-05-2018, 00:37           

Şamaxı Astrofizika Rəsədxanasının baş mütəxəssisi: “Ətrafdakı tikintilər göydən gələn məlumatları yanıldır”

“Yalnız biz deyil, indiyədək heç bir rəsədxana hansısa yad ünsür, yaxud UNO-ya rast gəlməyib”

“Rəsədxanaya gələnlərdən bəziləri deyir ki, ulduz almışam, yaxud da Marsda torpaq alıb filankəsə bağışlamışam”

Yerlə göyün arasında saman yolunu axtarıb-arayan, anlamını çözən bir məkan var. Burda “yeddi qatdır” dediyimiz göyün, ulduzların sirri açılır. Ayın batıb-çıxmasının, günəşin daldalanıb tutulmasının səbəbləri məhz burda bəlirlənir.

Burda səma ovuc içi kimi aydın, süd yolu əlini toxundura biləcəkmiş qədər yaxın görünür...

Söhbət Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından gedir...

Bu məkanı rəsədxananı görmək arzusunda olan məktəblilərə qoşulub biz də dolaşdıq. Bələdçi, rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynov bizi maraqlandıran məsələlərlə birgə məktəblilərin marağında olan sualları da cavabladı...

Bələdçimiz deyir ki, hazırda Azərbaycan rəsədxanası başqa ölkələrlə əməkdaşlığı genişləndirir, yeni müqavilələr imzalayır: “Ötən il qazaxıstanlı həmkarlarla işbirliyinə başlamışıq. Eyni zamanda Kanada və Polşa ilə də müştərək layihələrimiz var. Bizi mütəmadi beynəlxalq konfranslara dəvət edirlər. Layihələrdə bizim ailimlər öhdəlik götürürlər. Tutaq ki, bir qrup ulduzla bağlı layihə yazılır, onların kimyəvi tərkibi, xassələri öyrənilib hazırlanır. Bu haqda elmi məqalələr yazılır, daha sonra o materiallar başqa ölkələrdə dərc olunur. Bəzən o araşdırmalar böyük maraqlı bir elmi işə təkan verir.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/burdan_yuxarida_ancaq_ulduzlardir_-_planetlere_baxmaq_isteyirsense_gece_gel)

Rəsədxana dini bayramlarda yada düşür...

- Belə deyirsiz, amma bizdə daha çox rəsədxana dini bayramlar zamanı yada düşür. Qalan vaxtlar fəaliyyətiniz sönük təəssürat yaradır...

Bələdçimiz bu yöndəki iradları qəbul eləməsə də, sualımızı cavabladı: “Rəsədxanın rəsmi saytı var. Orda gündəlik işimizlə bağlı məlumatlar yer alır. Burdakı elmi işçilər müxtəlif sahələrdə şalışır. Eləsi var qalaktikanı, eləsi var planeti, eləsi var ulduzu öyrənir. Bu haqda ictimaiyyətə az informasiya verilirsə, o demək deyil ki, fəaliyyətimiz zəifdir. Burda hər kəs öz işini görür və hər 6 aydan bir şöbələrin hesabatı olur. Hər bir elmi işçi şura qarşısında 6 ay müddətində gördüyü işlər haqda hesabat verir. Bu işlər haqda hər dəfə telekanalları çağırıb ictimaiyyətə məlumat vermək mümkünsüzdür.

Nizaminin, Cavidin adı göylərdə də əbədiləşib

- Amma bu məlumatsızlıq da insanlarda “Rəsədxananın hansı elmi əhəmiyyəti var” sualı doğurur...

- Bizim rəsədxana çox sayda alimlər yetişdirib. Eyni zamanda səma cismlərinə dahi şəxsiyyətlərimizin adllarının verilməsi də bizim alimlərimizin xidmətidir. Kiçik dövlət olsaq da, bizi bütün dünyada tanıyırlar. Biz bu yolla Azərbaycanın məşhurlarını bütün dünyada təbliğ edirik. Məsələn, səmada Azərbaycan Respublikasının adını daşıyan kiçik planet var. Nizami, Hüseyn Cavidin adına planetlərimiz var. Onlara bu adları biz verməmişik. Həmin planetlər kəşf olunur, sonra bütün dünya rəsədxanalarının tabe olduğu Beynəlxalq Astronomiya cəmiyyəti bununla bağlı araşdırmalar aparır. Əgər o elmi araşdırma gerçəkdən də kəşfdirsə, o zaman həmin ölkəyə icazə verilir ki, istədiyi tanınmış şəxsiyyətin adını həmin planetə versin. Daha sonra həmin ad bütün dünyaya bəlli edilir.

Əlin cibində olsun, sənə göydən ulduz düşürüm...

Təəssüf ki, indi bu məsələni də biznesə çevirən qurumlar yaranıb. Bir qrup pullu şəxslər öz vəsaitləri hesabına teleskoplar alıb, axtarışlar aparırlar. Bu, xarici ölkələrdə daha çoxdur. Onlar göydə naməlum səma cismi tapıb onu pulla insanlara satırlar. Daha doğrusu, sertifikat verirlər ki, guya bu asteroid, yaxud planet filankəsin adını daşıyır. Bunu yalnız o insanın çevrəsi, yaxınları, qohumları bilir. Eyni zamanda onlar Ayda, Marsda, bir də Venerada torpaq da satırlar.

Ayda da torpaqları bir neçə nəfərə satırlar

- Azərbaycandan da bir çox insanın, o cümlədən müğənni Ədalət Şükürovun da Ayda torpağı var, deyirlər...

- Hə, biz də bundan xəbərdarıq. Amma bu nə qədər doğrudur?! Sertifikat verirlər ki, filan planetdə 3-5 sot torpağınız var. Ora getmək, o torpağı hasarlamaq mümkün deyil. Bəlkə elə bir yeri bir milyon adama satırlar, kim bilir... Rəsədxanaya gələnlərdən də bəziləri deyir ki, ulduz almışam, yaxud da Marsda torpaq alıb filankəsə bağışlamışam. Həmin adamlar belə şeylərə pul xərcləməkdənsə, onu imkansızlara bağışlasalar, daha faydalı iş görmüş olarlar. Öyünmək üçün belə şeylərə pul xərcləmək ağılsızlıqdır.

Bir ulduzun tədqiqatı bir alimin ömrü qədərdir

Sözsüz ki, Beynəlxalq Astronomiya Cəmiyyəti belə sertifikatların heç birini ciddiyə almır. Bu qurum yalnız alimlərin kəşfləri ilə ilə bağlı sertifikat verir və onu bütün dünya rəsədxanalarında, astronomik kataloqlarda parametrlərlə yerləşdirilir. Orda həmin planetin ölçüsü, fırlanma dövrü, Yerdən nə qədər məsafə aralıda olması, kimin adını daşıması kimi məlumatlar yer alır. Rəsədxana ölkəyə maddi yox, mənəvi gəlir gətirir. Bu o deməkdir ki, 10-15 il bir ulduz üzərində çalışıla bilər. Burda alimlər var ki, bir ulduzu 20-30 ildir izləyir. Orda olan dəyişikliklər, partlayışlar, yaxud da sönməyə doğru getmələrinin hamısı tədqiq olunur və bu, bir gün-iki günün işi deyil. Ulduz var ki, öz təkamül mərhələsini yaşayır. Qısa vaxtda ulduz haqda məlumat vermək mümkünsüz bir şeydir. Ona alimlər ömürlərini xərcləyirlər.

Ətrafdakı obyektlər işimizi əngəlləyir

- Bir ara iş adamlarının rəsədxananın işinə ciddi əngəllər törətməsindən narazılıq edirdiniz. İndi vəziyyət necədir?

- Vəziyyət o qədər də ürək açan deyil. Əslində rəsədxananın 5 kiliometrliyində heç bir tikili olmamalıdır. Bura dağın üstündə tikilib. Bu yerlərə qaz 2011-ci ildə çəkilib. Ona qədər burda hamı yanacaq kimi odundan istifadə edirdi. Təsəvvür edin, sobalar yananda tüstü, hiss olurdu. 2011-ci ildən sonra bura qaz çəkildi. Əgər belə məsləhət olsaydı, rəsədxananı elə Bakıda tikərdilər. Orda şərait burdakından da yaxşıdır, şəhərin içərisidir. Müşahiə eləmək üçün alimlər ailəsini atıb gəlib burda çalışmazdı. Burda məqsəd də odur ki, dağ yerlərində yüksəklikdir. Belə yerlərdə hava şəffaf olur.Bakıda da səmaya baxın, Pirquluda da. Təbii ki, burda hava daha şəffafdır. Bu problem həll olundu, indi başqa problemimiz var. Rəsədxananın ətrafında işığın olmaması da ən vacib şərtlərdən biridir. Bunun üçün də gərək ətrafda yaşayış məntəqələri olmasın. Avtomobillərin gediş-gəlişi az olsun ki, teleskopun güzgüləri tozlanmasın. İndi çox adam meşədən torpaq payı ala bilir. Hər kəsin şəxsi torpağı var. Kimin torpağında bulaq qaynayırsa, gətirib ora əvvəl vaqon qoyur, sonra restoran tikir, beləcə, obyekt yaradır. Bu minvalla da ətrafda işıqlar artır. Teleskopa isə gərək ancaq ulduzdan gələn işıq düşməlidir. Əlavə işıq düşəndə kənar işıqlarla onlar qarışır, informasiya az toplanır, yaxud da yanlış olur.

- Bəs bununla bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırmamısız?

- Dəfələrlə demişik. Tikintini bir müddət saxlayıblar, sonra yenidən davam eləyiblər. Rəsədxanadan 150 metr yuxarıda “Riks” otel tikilir. 5 ulduzlu otel olacaq. Şamaxıya gələn hər kəs “Şamaxı Palas” otelini görüb, yəqin. Həmin otellə rəsədxana arasında kifayət qədər məsafə var. Təsəvvür edin ki, onun işığı burda fon yaradır. İndi görün, yanımızda olan otelin işıqları, projektorları teleskopa nə qədər təsir göstərəcək. O işıqlardan sonra burda gecə də gündüz kimi olacaq. Amma müşahidə eləmək üçün isə gərək gecə olsun.

Yadplanetlilər elm adamlarından çəkinir

Rəsədxananı gəzib-dolaşan məktəbliləri hər şeydən daha çox yadplanetlilərlə bağlı suallar düşündürürdü. Biz də onların istəyini nəzərə alıb həmsöhbətimizə bu sualı da ünvanladıq:

- Astrofizika Rəsədxanasının iş fəaliyyətində indiyədək yadpalentli cismə, UNO-ya rast gəlmisizmi?

Yox. Neçə illərdir Rəsədxana fəaliyyət göstərir. Biz indiyədək heç bir naməlum obyektə rast gəlməmişik. Yalnız biz deyil, indiyədək heç bir rəsədxana hansısa yad ünsür, yaxud UNO-ya rast gəlməyib.

Altunay, Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.