“Uğurlu biznesmenə” çevrilən məmur övladları: - Yaxud bağlı qapıları açmağın məmurvari yolu

31-05-2018, 10:47           
“Uğurlu biznesmenə” çevrilən məmur övladları: - Yaxud bağlı qapıları açmağın məmurvari yolu
Azərbaycan qanunvericiliyinə uyğun olaraq biznes fəaliyyətilə məşğul olmaq sərbəst olsa da, bəzi məhdudiyyətlər var.

Qanunvericilkdə nəzərdə tutulub ki, deputatlar, məmurlar biznes fəaliyyəti ilə məşğul ola bilməzlər.Ancaq görürük ki, biznes sahəsində, xüsusilə, məmur övladları aktivlik nümayiş etdirir. Bu günlərdə onlaırn sıraısna biri də qoşulub. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda baş nazirin müavini olan Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun yeni restoran açması ilə bağlı məlumat yayılıb. Adı 'Ətirşah' olan, Biləcəri qəsəbəsində yerləşən restoranda müştərilərə spirtli içki verilmir, qəlyan çəkmək və söyüş söymək qadağandır.

Bu cür nümunələrin sayını kifayət qədər artırmaq olar. Məsələnin maraqlı tərəfi isə məmur övladlarının bizneslə məşğul olmaq üçün kapitalı necə əldə etməsidir. Təbii ki, bunu məmur övladları banklardan əldə etdikləri “kreditlə” əlaqələndirirlər. Ancaq bu məsələnin bir tərəfidir. Digər tərəfdən daha çox inandırıcı olan isə məmurların özlərinin övladlarına bu kapitalı verməsidir. Bəs məmurlar bu kapitalı necə əldə edirlər? Bu cür sualların açıq qalmasına səbəb isə gəlir deklorasiyası haqqında qanunun məmurlara şamil olunmamasıdır. Məmurların gəlirlərinin qaynağı bilinmədiyi üçün onların övladlarının da necə biznes sahibi olduğu qaranlıq qalır.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu amil məmurların korrupsiyanın içində olduğunu göstərir: “Məmur övladlarının bizneslə məşğul olmaq hüquqları var. Amma bu məsələnin başqa tərəfidir. Məsələn, məmur övladları ilkin sərmayəni hardan götürür, kapitalı necə əldə edirlər? Bu sualları vermək cəmiyyətin haqqıdır. Ona görə də hakimiyyəti məcbur etmək lazımdır ki, “Gəlir deklorasiyası haqqında” Qanunun icrasına başlansın. Qanun artıq 10 ildir ki, qəbul edilib, ancaq gəlirlərin deklorasiyası Azərbaycan məmurlarına şamil edilmir”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da bu məsələdə qaranlıq məqamların olduğunu deyib: “Hər kəsin qanunun icazə verdiyi işlə məşğul olmasına heç bir məhdudiyyət yoxdur. Məmur övladı və ya sadə vətəndaşın bizneslə məşğul olması qəbahət deyil, əksinə, ölkənin inkişafına xidmət edən amildir. Ancaq ölkədə şəffaflıq olmadığından, məmurlar gəlir deklorasiyası vermədiyindən bu kapitalın hardan gəldiyi şübhələr doğurur və cəmiyyətdə narazılıq yaradır.

Ola bilər ki, kimsə uğurlu biznes fəaliyyəti göstərir və istedadı sayəsində gördüyü işdə uğur qazanır. Ancaq niyə bu, hər zaman kasıb uşaqlarında deyil, məmur övladlarında özünü göstərir? Ancaq məmur övladları birdən-birə milyardlarla vəsaitə sahib olur. Təbii ki, bu korrupsiya halıdır. Bunu gizlətmək mümkün deyil. Bu həm də ölkə iqtisadiyyatına da ciddi zərbə vurur. Çünki həmin məmur övladları müxtəlif vasitələrlə əldə etdikləri kapitalı elə eyni cür də itirirlər. Bunun da təminatı yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev də hesab edir ki, məmur övladlarının biznes qaynağı atalarının haqsız qazanclarıdır: “Bir zamanlar maraqlı həyat hekayələri var idi. Məsələn, filan biznesmen, filan zəngin adamın biznes fəalliyyəti bazarda qarpız və ya tum satmaqla başlayıb. Bu, həmin zamanlarda olan sağlam rəqabətin, şəffaf iqtisadiyyatın göstəricisidir.İndi elə həyat hekayələri eşidə bilməzsiniz. Monopoliya bütün iqtisadiyyatı, biznesi cənginə keçirib. İndi uğurlu biznesmen olmaq üçün arxanda vəzifəli bir şəxsin olması mütləqdir.

Bu gün ən “uğurlu” biznesmenlər məmur övladlarıdır. Onlar işə sıfırdan, zəhmətlə başlamırlar. Onlar “hazıra nazir” balalardır. Bütün biznes sahələri birmənalı şəkildə monopoliyadadır. Belə olan halda hansısa sadə vətəndaşın sıfırdan ticarətə başlayıb yüksəlməsi utopiyadır. Hazırda ölkə reallığı budur. Konkret olaraq bu gün uğurlu iş adamlarının əksəriyyəti məmur övladlarıdırlar və sərmayələri də atalarının haqsız rəqabətlə, monopoliya ilə qazandıqları pullardır. Bu gün Azərbaycan iqtisadiyyatının tənəzzülünün, Azərbaycan vətəndaşının sosial bəlalarının da səbəbi məhz bu amillərdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.