Dələduzun tanınmış iş adamlarını aldatmasının sirri açıldı – Dubay biznesi

31-05-2018, 19:00           
Dələduzun tanınmış iş adamlarını aldatmasının sirri açıldı – Dubay biznesi
Bakıda biznes qurmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Elnur İbrahimovun törətdiyi cinayətlərin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, Elnur İbrahimov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125 min manat alıb. Həmin pulun 80 min manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 300 min manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10 000 manat alıb, ümumilikdə ona 55 000 manat ziyan vurub.

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435 000 manat alıb.

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100 000 manat alıb.

Daha sonra Elnur İbrahimov bank hesabında 300 000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40 000 manat alıb.

Elnur İbrahimov həmin pulun 225 000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc adı ilə qaytarıb, 350 000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

Elnur İbrahimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baxılır. O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

İttiham aktına görə, Elnur İbrahimov zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurub.

Cinayət işində 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, cinayət işində adı keçən Həbib Axundov və onun dostu Fərman Məmmədov bizneslə məşğul olan şəxslərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.