AŞPA-nın eks-prezidenti Sorosun gizli fəaliyyətini ifşa etdi

4-06-2018, 19:17           
AŞPA-nın eks-prezidenti Sorosun gizli fəaliyyətini ifşa etdi
Korrupsiyada ittiham olunan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti Pedro Aqramunt adını təmizə çıxarmaq üçün araşdırma aparıb. Nəticədə aydın olub ki, sən demə, Avropa hakimiyyət strukturlarında amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Corc Soros tərəfindən idarə olunan bütöv bir təşkilatlar şəkəbəsi fəaliyyət göstərir.
AzVision.az xəbər verir ki, Aqramunt araşdırmasının nəticələrini "Sputnik" agentliyi ilə bölüşüb.

Ötən il Rusiya Dövlət Dumasının deputatları, həmçinin Belçika, İtaliya, Serbiya və Çexiya parlamentarilə birgə Aqramuntun Suriyaya gedib Hmeymim rus aviabazasını ziyarət etməsi, Bəşər Əsədlə görüşməsi böyük qalmaqala səbəb oldu və nəticədə oktyabrda AŞPA prezidentliyindən istefa verdi. Lakin “Rusiyapərəst” davranışından başqa, Aqramunt AŞPA daxilində korrupsiyada da ittiham edildi. Nəticədə AŞPA Müstəqil komitəsi ona sanksiyalar tətbiq edərək, mandatını dondurdu, AŞPA-nın müşahidəçi missiyalarında iştirak etməyə və məruzəçi vəzifəsini tutmağa 10 il müddətinə qadağa qoydu. Ona çıxarılan bu əsassız və ədalətsiz “hökm”lə barışmayan Aqramunt mayda ümumiyyətlə AŞPA-dan istefa verdi və özünə qarşı bu cür çirkli kampaniya aparan şəxslərin, təşkilatların arxasında əslində hansı qüvvələrin dayandığını üzə çıxarmaq üçün ciddi araşdırmalara başladı. Araşdırmanın nəticələri gözlənilməz, hətta şokedici olub.

Avropa Şurasının Müstəqil komitəsi Aqramuntu korrupsiyada ittiham edərkən, Cerald Knausun rəhbərlik etdiyi Avropa Sabitlik Təşəbbüsünün (European Stability Initiative, ESI) hesabatına istinad edib. ESI özünü adi qeyri-hökumət təşkilatı (QHT) kimi qələmə versə də, Aqramuntun vəkillərinin əldə etdiyi məlumatlardan aydın olub ki, bu təşkilatın adı əslində Avropa Parlamenti və Avropa Komissiyasında fəaliyyət göstərən lobbi təşkilatları siyahısındadır.

Hələ AŞPA prezidenti olarkən Aqramunt xüsusilə çalışırdı ki, Avropa institutlarında fəaliyət göstərən bütün lobbiçi strukturların fəaliyyəti şəffaf olsun və AŞ və AP-də aktiv fəaliyyət göstərən lobbi təşkilatları özləri barədə məlumat versinlər. Bu səbəbdən də, Aqramunta qarşı əsas ittihamların məhz lobbi təşkilatı tərəfindən irəli sürülmsi təsadüfi deyil. Istənilən halda, bu, həmin ittihamların obyektivliyinə şübhə doğurur.

ESI rəhbərinin kimliyinə nəzər saldıqda, qarşımızdakı mənzərə daha da maraqlı təsvir alır. Aqramuntun araşdırmasına görə, Cerald Knaus “Müstəqil Diplomatiya” (Independent Diplomacy) təşkilatının sədri Nikolos Uaytla olduqca sıx əlaqələr saxlayır.

Həmin təşkilatın başlıca məqsədlərindən biri isə Kataloniyanın müstəqilliyi naminə hərəkatın beynəlmiləlləşdirilməsidir və İspaniyadan ayrılmaq üçün aparılan mübarizənin ən qızğın dönəmində - ötən ilin payızında kataloniyanın yerli hökuməti kömək üçün məhz “Müstəqil Diplomatiya” təşkilatına müraciət etmişdi.


AŞPA-nın sabiq prezidenti, İspaniyalı məşhur siyasətçi Pedro Aqramunt isə bir neçə gün əvvəl istefa verən baş nazir Mariano Raxoyun hakim “Xalq partiyası”nın üzvü, İspaniyanın ərazi bütövlüyünün tərəfdarı və katalonların separatçılığının qatı əleyhdarıdır. Yəni Aqramuntun mövqeyi Cerald Knausun siyasi baxışlarilə tamamilə ziddiyyət təşkil edir. Odur ki, qərəz göz qabağındadır.

Aqramuntun araşdırması daha bir maraqlı faktı üzə çıxarıb. Cerald Knausla Nikolos Uaytı təkcə sıx şəxsi münasibətlər yox, həm də təşkilatlarının ortaq maliyyə mənbələri birləşdirir. Aydın olub ki, Avropa Sabitlik Təşəbbüsü ilə “Müstəqil Diplomatiya” təşkilatlarının sponsoru məşhur “Açıq Cəmiyyətə Dəstək Fondu”dur (Foundation To Promote an Open Society — FPOS). Bu Fondun amerikalı milyarder Corc Sorosa məxsus olduğu isə hər kəsə bəllidir.

ESI ilə bərabər, Aqramuntu korrupsiyada ittiham edənlərin sırasında 2 Rusiya vətəndaşı da olub – Vətəndaş Həmrəyliyi Platformasının (Civic Society Platform) təsisçiləri Olqa Zaxarova və Yuri Cebladze. Onların verdiyi ifadəyə görə, Aqramunt seçkilərdə qalib gələrək AŞPA prezidenti olmaq üçün rüşvət verib. Lakin Aqramunt AŞPA prezidenti postuna yeganə namizəd olub və kimlərinsə səsini pulla almasına heç ehtiyacı da olmayıb.

Maraqlısı odur ki, 2017-ci ilin oktyabrında Kataloniyanın İspaniyadan ayrılıb müstəqil olması üçün referendum keçiriləndə Zaxarova və Cebladze də muxtar vilayətin paytaxtı Barselonada olublar. Özü də Sorosun sponsorluq etdiyi Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın dəvəti ilə ora gediblər. Onlar Barselonada Avropa Açıq Cəmiyyəti (Open Society of Europe) qeyri-hökumət təşkilatı ilə sıx əməkdaşlıq edən Kataloniya İnsan Hüquqları İnstitutunun rəhbəri Devid Bondia ilə tanış olublar. Avropa Açıq Cəmiyyəti də “rəngli inqilab”lar atası, amerikalı milyarder Corc Sorosun yetirməsidir.

Beləliklə, araşdırmalar nəticəsində Pedro Aqramunt ona qarşı ittihamların bu və ya digər şəkildə məhz Sorosla əlaqəli təşkilat və şəxslər tərəfindən irəli sürüldüyünə nəinki əmin olub, hətta bu biznesmenin nəzarətində olan strukturların Avropa idarəetmə institutlarına necə sıx siraət etməsi və onların işinə əhəmiyyətli təsir göstərməsini dərk edib.

Lakin Corc Sorosun fəaliyyəti yalnız parlamentlərdə lobbiçiliklə məhdudlaşmır. Sorosun maliyyələşdirdiyi çoxsaylı QHT-lər bütün dünya üzrə təkcə deputatlar və dövlət məmurlarilə deyil, həm də hər dəfəsində fərqli siyasi tapşırıqları yerinə yetirmək üçün müxalifət qüvvələri, KİV-lər, ictimai rəy formalaşdıran strukturlarla da “işləyirlər”. Məsələn, həmin tapşırıqlardan biri Kataloniyanın öz müqəddəratını təyin etməsi idi. İndi isə bu kursla tamamilə ziddiyyəttəşkil edən başqa hədəf seçilib: Soros çalışır ki, Böyük Britaniya Avropa İttifaqından çıxmaq qərarından vaz keçsin.

Bu günlərdə amerikalı milyarder bəyan edib ki, “Brexit”in ləğv olunması üçün yeni referendumun keçirilməsinə dəstək məqsədilə 8 iyunda Birləşmiş Krallıqda ümummilli kampaniyaya start veriləcək. Best of Britain hərəkatı yaradılıb və kütləvi aksiyaların təşkili planlaşdırılır. Britaniyadakı avrointeqrasiya tərəfdarları üçün artıq Soros yarım milyon funt-sterlinq (700 min dollar) pul da göndərib.
Əlbəttə ki, amerikalı milyarderin başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyəti heç də hamı tərəfindən təqdir edilmir. Onun fəaliyyətilə Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan və Polşa ciddi mübarizə apararaq, Soros fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar. İsrail də “Açıq Cəmiyyət”lə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmaya başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.