ABŞ-dan İrəvana vəd: Bakı üçün maraqlı detal - Şərh

7-06-2018, 09:09           
ABŞ-dan İrəvana vəd: Bakı üçün maraqlı detal - Şərh
Bu cür şirnikləşdirici vədlər nəticəsində Ermənistan uğrunda Rusiya-ABŞ qarşıdurması başlaya bilər.

Bu sözləri Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ-ın Ermənistanın energetika sektoruna yatırım etmək istəməsi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. O bildirib ki, bundan sonra Ermənistanda Qərbə meyillənən insanların sayı artacaq:

“Siyasətçilər də bu vədin qarşısında duruş gətirməyə çətinlik çəkirlər. Amma qarşıda Rusiya kimi bir nəhəng dayanıb. Rusiya Ermənistanda “Metsamor” atom elektrik stansiyasından tutmuş, bütün kiçik tip su elektrik stansiyaları və sənaye müəssisələrinin hamısını əlinə keçirmiş ölkədir. Ermənistanın cənub sərhədi də Rusiya tərəfindən qorunur. Bu ölkə, əslində, Rusiyanın quberniyası sayılır və müstəqil siyasət yürütməkdən tam məhrumdur”.

Politoloq vurğulayıb ki, ABŞ bu vədi ilə Cənubi Qafqazda özünə bir dayaq yeri əldə etməyə çalışır:

“ABŞ artıq Gürcüstanla müəyyən münasibətləri qurduğuna görə ondan arxayındır. İndi isə Ermənistanı və Azərbaycanı özünə tərəf çəkmək istəyir. Azərbaycan qərbyönümlü siyasətində müəyyən hədəflər qoyub və tədricən bu hədəfləri reallaşdırıb. Amma Ermənistan tamamilə Rusiyanın nəzarətindədir. Rusiyanın xarici siyasət xəttini də məxməri inqilaba qədər tam dəstəkləyirdi. Hətta Cənubi Qafqazda yeganə dövlətdir ki, Krımın təcavüzü faktını Ermənistan dəstəkləyib və Rusiyanın mövqeyini müdafiə edib”.

Politoloqun sözlərinə görə, ABŞ çox hiyləgər bir siyasət həyata keçirir:

“Hazırda Ermənistanın iqtisadi vəziyyəti çox ağırdır, pula kəskin ehtiyacı var. Xüsusən də “Metsamor” atom elektrik stansiyası demək olar ki, qəza vəziyyətindədir. Doğrudur, Rusiya bu stansiyada təmir işləri aparacağını açıqlayıb. Amma “Metsamor” atom elektrik stansiyasının əsas problemi onun köhnə reaktorlarla təmin edilməsidir. Bunlar 1952-ci il layihəsi üzrə hazırlanmış və Çernoblda qəzaya səbəb olmuş reaktorlardır. Yəni burada ən yaxşı variant “Metsamor” atom elektrik stansiyasını dayandırıb yerinə 5-ci nəsil reaktorlarla yenisini tikməkdir. Amma Rusiya bunu etmək iqtidarında deyil. Çünki Rusiyanın özü 5-ci nəsil reaktorları istehsal edə bilmir”.

Politoloq qeyd edib ki, ABŞ bundan əvvəl də Ermənistana maliyyə yardımı göstərməyə hazır olduğunu bəyan etmişdi:

“Ancaq ABŞ bunun üçün xüsusi şərtlərini də açıqlamışdı. Onlardan ən əsası Ermənistanın Rusiya ilə əlaqələrini qırması, Rusiyanın hərbi bazalarını buradan çıxarması və müstəqil siyasət yeritməsi idi. Amma bu faktdır ki, Ermənistanın müstəqil siyasət yeritməyə heç bir imkanı yoxdur. Çünki ölkənin iki yerində Rusiyanın böyük hərbi bazası var. Bunlar İrəvanın yaxınlığında aviasiya bazası, Gümrüdə isə 10 mindən çox heyəti olan motoatıcı diviziyasıdır”.

Politoloq vurğulayıb ki, Rusiya Suriyada ABŞ-a güzəştə getmədisə, özünün arxa bağçası hesab etdiyi Cənubi Qafqazda ABŞ-a heç vaxt güzəştə getməz:

“ABŞ-ın bu şirnikləşdirici vədinə doğru can atan istənilən siyasətçinin də siyasi karyerasını məhv edər. ABŞ-ın maliyyə yardımı vədi Rusiya ilə Ermənistan arasında böyük qarşıdurmanın yaranmasına səbəb ola bilər. Bu, Rusiyanın Ermənistandan himayəsini çəkməsi və Ermənistanın çox böyük təhlükələrlə baş-başa qalması ilə nəticələnər. Hətta Azərbaycan da yaranmış qarşıdurmadan müəyyən mənada yararlana bilər. Ona görə də ABŞ-ın bu taktikasının yəqin ki, Ermənistanda öz hədəfinə çatmasına izn verilməyəcək”.

Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağa hazır olduğunu bəyan etmişdi. Hazırda Ermənistanın energetika sektoru tam olaraq Rusiyanın nəzarətindədir. Ölkədə əhaliyə enerji satışını Ermənistan Elektrik Şəbəkələri Qapalı Səhmdar Cəmiyyəti həyata keçirir. Bu şirkətin özü isə rusiyalı milyarder Samvel Karapetyanın “Taşir” şirkətinə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.