İran Ramazan günləri terror edəcək şəbəkəni ələ keçirdi –27 nəfər həbs edildi

13-06-2018, 07:52           

İranın hakimiyyət orqanları bildirir ki, ölkədə müqəddəs Ramazan ayında hücumlar hazırlamaqda şübhəli bilinən “terrorçu şəbəkənin” 27 üzvü həbs olunub.

teref.az Azadlıq Radiosuna istinadla bildirir ki, İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, qrup Tehranda və başqa böyük şəhərlərdə “terrorçu əməliyyatlar” hazırlayırmış.

Bəyanatda deyilir ki, şübhəlilər “internet məkanında möhtərəm İran xalqını qisas və qətllərlə hədələyən şəkillər dərc edib”.

Bu da xəbər verilir ki, hücumlar ötən həftə – “Qədr gecəsi” və fələstinlilərə dəstək məqsədilə hər il keçirilən “Qüds günü” vaxtında həyata keçirilməli idi.

Nazirlik bildirir ki, çox sayda silah-sursat aşkar olunub.

Bu bəyanatdan bir gün əvvəlsə İran İslam İnqilabı Keşikçiləri Korpusu “terrorçu qrupların” qonşu İraqdan üç müdaxilə cəhdinin dəf edildiyini və hücum edənlərdən 13-nün öldürüldüyünü bəyan edib.

İran onun şiə əhalisini kafir kimi görən sünni ekstremist qruplar tərəfindən tez-tez hədəflənir.

Bundan başqa, Tehran İraq və Suriyadakı İŞİD və Əl-Qaidə ekstremist qruplaşmaları ilə mübarizədə birbaşa iştirak edir.

2017-ci ilin iyununda İŞİD-in öz üzərinə götürdüyü terrorçu hücumların əsnasında parlament binasında və ayətüllah Xomeyninin məqbərəsində 18 nəfər öldürülmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.