AZTV sədri ilə bağlı məhkəmədə şahid qadın danışdı: “Məni “bandotdel”ə apardılar”

13-06-2018, 21:58           

AZTV- ə sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun barələrindəki cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən Şücaət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova ifadə verib. O, deyib ki, 2013-cü ildən Ş.Əkbərovdan ayrılıb: “Hazırda təsərrüfatlarımız da ayrıdır. Bu işlə bağlı heç məlumatım yoxdur. Tutulanlardan Zöhrab bizə gəlib gedirdi. Şücaətə bir neçə dəfə adımdan etibarnamə vermişəm. Şücaətin Gəncə xəstəxanasında halı pisləşən zaman Hacı da orada idi. Mən isə həmin vaxt Arif Alışanova zəng etməmişəm”.

Səlimə Sadıqova qeyd edib ki, Şücaət həbs ediləndən sonra təsərrüfatında olan texnikaları Camal Nəbiyev aparıb: “Məni də “bandotdel”ə apardılar. Arif Alışanovun yaxını Camalı da ilk dəfə orada gördüm. Hədə-qorxu içərisində olduğum üçün Camala etibarnamə verdim”.

Prosesdə şahid qismində dindirilən Ələkbər Əliyev deyib ki, Şücaət Əkbərovla vaxtilə çox yaxın dost olub: “Sonra aramızda problem oldu. Burda bu barədə danışmaq istəmirəm. 5 ildir aramız dəyib. O vaxt bildirdim ki, Şücaət Arif Alışanovla çox yaxın olub. Mən uzun müddət notariat konturumun rəhbəri olmuşam. İşdən çıxandan sonra Bakıya qayıtmışam”.

Şahid qeyd edib, ov tüfəngini Ş.Əkbərovun evinə öz təşəbbüsü ilə qoyub.

Lakin istintaq ifadəsi ilə ziddiyyət yaranıb. Ona görə məhkəmə onun istintaq ifadəsinə elan edilib. Orda qeyd edilib ki, ov tüfəngini ondan Ş.Əkbərov istəyib.

Şahid sualları cavablandırarkən deyib ki, Ş. Əkbərov ürəyindən əməliyyat olunarkən, onun əməliyyat pulu Arif Alışanov tərəfindən verilib.

Tofiq Seyidov deyib ki, A. Alışanov tərəfindən Ş. Əkbərova maddi köməklik göstərilirdi. Onun sözlərinə görə, Ş. Əkbərovun maddi vəziyyətinin sonradan yaxşılaşması barədə məlumatı yoxdur.

T. Seyidovun məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğuna görə, ifadə elan edilib. İfadədə göstərilib ki, Ş. Əkbərov A. Alışanova qarşı dələduzluq edib, onun pulu ilə başqalarının adına özü üçün avtomobil və əmlak alıb.

Şahid isə bu barədə başqalarından eşitdiyi üçün belə yazdığını deyib.

Məhkəmə prosesi iyunun20-də davam edəcək.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib. O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.