Ərəb ölkələri Qətəri diz çökdürür

21-06-2018, 12:04           
Ərəb ölkələri Qətəri diz çökdürür
Qətər böhranının 1 ili - nələr dəyişdi...


Qətər və körfəz ərəb ölkələri arasında böhranın bir ili tamam oldu. Ancaq gözlənildiyi kimi, ərəb rejimləri nəinki barışmadılar, əksinə, münaqişə bir az da dərinləşir. İndi isə məlum olub ki, Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə kanal çəkdirməyə hazırlaşır. Bu layihə reallaşacağı təqdirdə yarımada olan Qətər adaya çevriləcək və Ərəbistan yarımadası ilə quru sərhədi ortadan qalxacaq.

“Sputnik”in bu barədə xəbərində qeyd olunur ki, iyunun 25-də Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə kanal tikintisi ilə bağlı tender elan edəcək. Bu barədə krallıqda dərc olunan “Məkkə” qəzetində məlumat verilib. Qəzetə açıqlama verən qaynaq bildirib ki, hazırda kanalın tikintisinə 5 beynəlxalq şirkət maraq göstərir. Tenderdə qalib gələn şirkətin adı 3 ay ərzində elan ediləcək, bundan sonra isə kanalın tikintisi başlayacaq. Ümumilikdə isə kanalın tikintisi üçün 1 il vaxt ayrılıb.

Hələlik Qətər və Səudiyyə Ərəbistanı rəsmi qurumları kanal layihəsi ilə bağlı açıqlama verməyib. Ancaq media artıq kanal layihəsinin detallarını yazmağa başlayıb. Məlum olub ki, yeni su kanalının uzunluğu 60 kilometr, eni 200 metr, dərinliyi isə 15-20 metr olacaq. Layihənin dəyəri 2,8 milyard Səudiyyə riyalı, yaxud 746 milyon dollar təşkil edəcək. O da məlum olub ki, kanal Səudiyyə-Qətər sərhədinə 1,5 kilometr məsafədə çəkiləcək. Kanal və Qətər sərhədi arasındakı ərazi isə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi və Sərhəd Mühafizə Xidməti tərəfindən istifadə olunacaq.


Krallıq Qətərlə sərhəddəki kanaldan fayda götürməyi planlaşdırır. Belə ki, kanal boyunca lüks hotellər, sanatoriyalar, villalar, yaxtalar üçün limanlar, su idmanı mərkəzləri və istirahət-əyləncə mərkəzləri tikiləcək. Bundan başqa kanalda iri gəmiləri qəbul edə biləcək 3 liman da tikiləcək. Bu isə Qətərlə sərhədin Səudiyyə Ərəbistanının yeni turizm cənnəti olacağını göstərir. Xatırladaq ki, vəliəhd-şahzadə Məhəmməd bin Salman ötən ilin noyabrında ölkəsinin İordaniya ilə sərhədində yeni turizm və texnologiya şəhərciyi hesab olunan NEOM layihəsini elan edib. 26 min kv.km ərazidə yerləşəcək NEOM layihəsi Dubay formasında turizm və əyləncə şəhəri tikiləcək. Burada şəriət qaydaları nisbətən yumşaq olacaq, yerli və xarici vətəndaşların istirahət və əyləncəsi üçün hər cür şərait yaradılacaq. Bundan başqa, 500 milyard dollar dəyərində qiymətləndirilən layihə müasir texnologiyaların tətbiq olunduğu mərkəz olacaq.



Belə görünür ki, şahzadə ikinci layihəni Qətərlə sərhəddə qurmağı planlaşdırır. Bununla həm Qətərə qarşı tətbiq olunan embarqo dərinləşəcək, ölkənin Səudiyyə Ərəbistanı ilə olan yeganə quru sərhədi də ləğv olunacaq, eyni zamanda yeni bir turizm və infrastruktur layihəsi işə düşəcək.

Təbii ki, kanal layihəsi iki ölkə arasındakı münasibətləri daha da pisləşdirəcək. Xatırladaq ki, 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Ərəb körfəz ölkələri bəyan edib ki, Qətər terror təşkilatlarını, o cümlədən “Müsəlman-qardaşlar” qruplaşmasını dəstəkləyir. Bu qərar elan olunduqdan dərhal sonra Səudiyyə Krallığı Qətərlə sərhədləri bağlayıb, bu ölkə ilə quru, dəniz və hava əlaqələrini dayandırıb. Hətta sərhədlərin bağlanması səbəbi ilə Qətərə məxsus yüzlərlə heyvan susuzluqdan ölüb. Səudiyyə Ərəbistanı sərhədləri yalnız Həcc ziyarəti zamanı qətərli zəvvarların üzünə açıb. Yaranmış vəziyyət Qətərdə ərzaq qıtlığına səbəb olub, yalnız Türkiyə və İran hökumətləri Qətərə təcili ərzaq və qida göndərməklə kiçik ölkədə ərzaq qıtlığı yaranmasının qarşısını alıblar.


Qeyd edək ki, Qətərə qarşı əsas ittiham bu ölkənin terroru maliyyələşdirməsi ilə bağlı olub. Ancaq konkret olaraq hansı qruplaşmaya və nə zaman maliyyə ötürməsi haqda detallı bilgi yoxdur. Bəzi müşahidəçilərə görə, söhbət İraq ərazisində ov edərkən əsir düşən qətərlilərin azad edilməsi üçün ödənən puldan gedir. Belə ki, iddialara görə, 2017-ci ilin əvvəlində İraqda ov edən Qətər hakim ailəsinə mənsub 26 əsilzadə yerli “Hizbullah Briqadaları” adlı qruplaşma tərəfindən girov götürülüb. Daha sonra onların azad edilməsi üçün Qətər hakimiyyəti həm qruplaşmaya pul ödəyib, həm də Suriyada mühasirədə olan şiə qəsəbələrini azad etməsi üçün radikal silahlı qruplara pul ödəyib. Ümumilikdə Qətərin şahzadələri azad etmək üçün 1 milyard dollara yaxın pul xərclədiyi və bunun 400 milyona qədərinin Tehrana çatdığı iddia olunur. İddialara görə, məhz bu hadisə ərəb ölkələrini, xüsusən də İranla düşmən vəziyyətində olan Səudiyyə Ərəbistanını qəzəbləndirib, o da bunu İranla gizli əməkdaşlıq olaraq təqdim edib.

Qətər hökuməti hələlik ərəb ölkələrinin təzyiqlərinə Türkiyə və İranın dəstəyi ilə davam gətirir. Bu günlərdə Qətər əmiri İran prezidenti ilə telefonla danışaraq iki ölkə münasibətlərinin yaxşıladırılması ilə bağlı müzakirələr aparıb. Qətər böhranı silahlı müdaxiləyə çevrilməsə də, onsuz da dərin böhran keçirən Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.