"Ömürlük deputatlar" parlamentlə vidalaşır

18-09-2015, 12:54           
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
Azərbaycanda bu il noyabrın 1-də növbəti parlament seçkiləri keçiriləcək.

Dünya ölkələrində olduğu kimi, seçki öncəsi siyasi fəallıq artır, namizədlərin müəyyənləşməsi, seçki kampaniyasının aparılması prosesi qızışır. Seçki məsələsində keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan özünəməxsusluğu ilə fərqlənir.

ANS PRESS-in məlumatına görə bir çox xarici ölkələrdə hər hansı namizəd bir və ya iki dəfədən artıq seçki prosesinə qatılmasa da Azərbaycanda bunun əksi müşahidə olunur. Bu, istər parlament, istərsə də bələdiyyə seçkilərində belədir.

Amma əksər Avropa ölkələrində namizəd parlament seçkisinə bir neçə dəfə qatıla bilər. Belə hallar çox vaxt parlament tipli ölkələrdə olur. Partiya siyahısı ilə seçkiyə qatılan ölkələrdə namizədin bir neçə dəfə siyasi yarışa qatılması və seçildiyi təqdirdə parlamentdə təmsil olunma hüququ var və bu, normal sayılır.

Bəzən mətbuatda, eləcə də sosial şəbəkələrdə bir insanın bir neçə dəfə seçilməsinin doğru olmadığı, qanunvericilik sahəsinin təkmilləşdirilməsinə töhfə verən yeni şəxslərin parlamentdə təmsil olunmasının faydalılığı vurğulanır və bu, heç vaxt qəbahət sayılmır. Qəbahət sayılan odur ki, parlamentdə 3-4 dönəm təmsil olunmalarına rəğmən onların heç bir faydası yoxdur, xalqın maraqları üçün deyil , şəxsi mənafeyi üçün çalışır. Təbii ki, seçicilər də belə insanlara rəğbətlə yanaşmır. Amma elə millət vəkilləri də var ki, onların bir neçə dəfə seçilməsi vətəndaşların onlara etimadının güclü olduğunu göstərir.

Dünyəvi dəyərləri mənimsəyən ölkələrdə əsas üstünlük qanunvericilik təcrübəsi, nüfuzu, düşüncəsi, seçicilərin, ölkənin mənafeyini qoruyan parlamentarilərə verilir. Belə olan halda həmin ölkələrin parlamentlərinin qəbul etdiyi qərarlar da dəyərli olur, sayılır və cəmiyyətə təsiri güclü olur.

Bəs, bizdə vəziyyət necədir, qanunvericilik namizədin bir neçə dəfə parlamentdə təmsil olunmasına icazə verirmi, səsi belə çıxmayan deputatların yenidən Milli Məclisdə təmsil olunmasına ehtiyac varmı, bundan ölkə nə qazanır, seçici mənafeyini düşünən deputatlar niyə müzakirələrdə fəallıq göstərmirlər? Çünki bir çox millət vəkilləri var ki, onlar parlamentdə təmsil olunduqları müddətdə nəinki hər hansı problemi qaldırmır, hətta bir çox hallarda susmağa üstünlük verirlər.

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə qatılacaq şəxslərin siyahısını açıqladı. Bu siyahıda köhnə isimlərdən bir neçəsinin adı yer almadı.

Məsələn, adı YAP-ın seçki siyahısında olmayan deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin siyahıya düşməməsinə rəğmən verdiyi açıqlama sosial şəbəkədə marağa səbəb oldu. O, partiyanın şərtini qəbul edərək belə qərar verdiyini deyib: “Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq, daha nə qədər deputat olmaq olar?”

Əlbəttə, seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Həm Konstitusiyada, həm də Seçki Məcəlləsində normalar mövcuddur ki, yaşı 25-dən yuxarı olan istənilən Azərbaycan vətəndaşı bu normalara uyğun öz namizədliyin irəli sürə bilər və seçilə bilər.

Lakin burada bir partiya prinsipi də var. Partiyanın siyasi xətti var və partiya siyasi xəttinə uyğun şəkildə də namizədlərini müəyyənləşdirir və irəli sürür. Əgər kimsə bu xətti istəmirsə, O, artıq fərdi qaydada, bir vətəndaş kimi öz namizədliyini irəli sürə bilər. Yəni həmin şəxs Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə gedə bilməz, çünki partiyanın siyasi xəttinə uyğun olan namizədləri var, onların namizədliyini irəli sürür və onlara imzatoplama, təbliğat-təşviqat kampaniyasında və digər məsələlərdə dəstək göstərir.

ANS PRESS Azərbaycanda 125 seçki dairəsində kimin hansı dairədən nə vaxt deputat seçilməsi, Milli Məclisin deputatlarının seçildikləri dairəni nə vaxtdan təmsil etmələri ilə bağlı tərtib olunan siyahını təqdim edir:

Deputatların seçilmə tarixi üzrə siyahısı

Hakim partiyanın 2015-də deputat olmaq üçün siyahıda yer almayan və partiyanın fəal fiqurlarından olan şəxslər Cəlal Əliyev, Rəbiyyət Aslanova, Gülər Əhmədova, Asəf Hacıyev, Gülçöhrə Məmmədova, Abel Məhərrəmovdur. YAP-ın siyahısını gözləmədən öz namizədliyini açıqlayan şəxs isə parlamentin ən uzunömürlü deputatlarından olan Hacı Madər Musayevdir.

Beləliklə, əsas məsələ bu deputatların neçə dəfə seçilməsi deyil, onların parlamentdə təmsil olunduqları dövrdə ölkənin iqtisadi, siyasi , sosial və mədəni sahələri ilə bağlı çətinliklərin gündəmə gətirilməsi və onların həlli yollarının müzakirə olunmasıdır. Eyni zamanda Azərbaycanın dünya dövlətləri sırasında yerinin və imicinin möhkəmlənməsi üçün son dərəcə təcrübəli , savadlı, dünyagörüşlü və ölkəsinin mənafeyini güdən millət vəkillərinə daha böyük ehtiyac var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.