Bir pilləkan yuxarı: 6-cı nəsil "Tempest", yoxsa FCAS perspektiv qırıcısı? – ANALİZ (HƏRBİ EKSPERT)

1-08-2018, 13:20           
Bir pilləkan yuxarı: 6-cı nəsil "Tempest", yoxsa FCAS perspektiv qırıcısı? – ANALİZ (HƏRBİ EKSPERT)
Böyük Britaniya altıncı nəsil qırıcı yaratmağı planlaşdırır. Yeni iddialı layihənin başlanğıcına Farnboro hava şousunda start verilib. 6-cı nəsil döyüş təyyarəsi II Dünya Müharibəsində uğurla iştirak edən "Hawker Tempest" şərəfinə "Tempest" (ingiliscədən "Fırtına") adlandırılacaq.

Bənzər layihənin başlanması barədə daha öncə Almaniya və Fransa tərəfindən də məlumat yayılıb. Layihə yeni çoxməqsədli döyüş təyyarələrinin hazırlanmasını nəzərdə tuturdu. Beləliklə, Avropada altıncı nəslin ən azı iki perspektivli döyüş təyyarəsi paralel yaradılacaq.

Qeyd edim ki, bu günə qədər Avropa ölkələri üç növ 4-cü nəsil qırıcı istehsal edir: "Eurofighter Typhoon" (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya), "Gripen" (İsveç) və "Rafale" (Fransa). Aİ açıq şəkildə döyüş təyyarəsinin yeni nəslinin inkişaf və istehsalının hər bir fərdi dövlət üçün çox bahalı bir layihə olacağını bəyan edərək yeni döyüş təyyarəsini birgə yaratmaq qərarını dəstəkləyib.

Böyük Britaniya hökuməti bu layihəyə 2 milyard funt (təxminən 2,7 milyard dollar) sərmayə qoyacaq. Gələcəkdə altıncı nəsil "Tempest" qırıcıları Kral HHQ-nin "Eurofighter Typhoon" təyyarələrini əvəz edəcək. Yeni döyüş təyyarələrinin inkişaf etdirilməsinə aid İngiltərənin Baş naziri Tereza Mey, Farnboro beynəlxalq aviaşousunun açılışında açıqlama verib. 2025-ci ilədək bu proqramın yerinə yetirilməsi üçün iki milyard funt sterlinq sərmayə qoyulacaq. Tereza Meyin sözlərinə görə, layihə "Typhoon" təyyarələrinin varisini yaratmaq məqsədli proqram üçün zəmin yaradacaq və Britaniya hərbi aviasiya sənayesinin uzunmüddətli perspektivlərini müəyyənləşdirməyə kömək edəcək. Ayrılan vəsait 2035-ci ildə istismara veriləcək yeni təyyarənin əsasını təşkil edəcək texnologiyaların zəruri dəstini əldə etməyə kömək edəcək.

Britaniyanın Müdafiə naziri Gavin Uilliamson qeyd edib ki, layihələndirilən altıncı nəsil döyüş təyyarələrinin, həm pilotların idarəetməsi altında, həm də pilotsuz rejimdə missiyalarını həyata keçirməsi mümkün olacaq.

Bu layihənin həyata keçirilməsində iştirak edəcək konsernlər "Team Tempest" adı altında şirkətlər qrupu yaradıblar. Bu layihədə Britaniya şirkətlərindən təyyarə mühərrikləri istehsalçısı "Rolls Royce", hərbi-sənaye nəhəngi "BAE Systems", müxtəlif raket sistemlərinin məşhur Avropa istehsalçısı MBDA, eləcə də İtaliyanın "Leonardo" şirkəti iştirak edəcək.

Müdafiə Nazirliyi "Tempest" çərçivəsində yaradılan təyyarələrin ABŞ-ın beşinci nəsil F-35 qırıcı parkını tamamlayacağına inanırlar. Yeni təyyarələrin istehsalına paralel olaraq "Eurofighter Typhoon"nun istifadəsindən imtina ediləcək. Artıq layihəni ABŞ generalları da şərh edib. ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı general Todd Valters hər hansı Britaniya qırıcısısı və ABŞ-ın F-35 təyyarələri arasında uyğunluğun vacibliyini vurğulayıb. O, ümid edir ki, yeni Britaniya təyyarələri ABŞ-ın son F-35B qırıcı-bombardmançıları ilə "maksimum uyğun" olacaq.

Bu layihədə 2000-ci illərə qədər "BAE Sistems" tərəfindən hazırlanan "Replika" layihəsindən də istifadə edilib. Layihə çərçivəsində London perspektivli taktiki döyüşçü üçün texniki bir görüntü hazırlayıb. Sonra ingilislər yeni təyyarə yaratmalı və ya bütün bu çalışmaları bir kənara qoyub ABŞ-dan hazır F-35 qabaqcıl döyüş təyyarəsi almalı olduqlarını müzakirə edərək ikinci variantı seçdilər. 2000-cı ildə yaradılan texnoloji baza isə növbəti nəsil döyüş təyyarəsinin yaradılmasında istifadə olunacaq.

İngilislər də Fransa-Almaniya kimi, 5-ci nəsil təyyarələrə vaxt itirmədən dərhal 6-cı nəsil qırıcılara başladılar. Bu qərarı, Britaniyanın müttəfiqindən hazır qırıcı ala biləcəyi üçün mövcud proqrama vəsait xərcləməkdən yayınması ilə əlaqələndirmək olar. "Eurofighter Typhoon" döyüş təyyarələrinin yaradılmasında ortaya çıxan kifayət qədər ciddi və çoxsaylı problemlərin həll edilməsi uzun zaman tələb edib. İngiltərə 5-ci nəsil qırıcılarının seriya istehsalına indi başlasaydı, layihə ABŞ, Almaniya-Fransa, Çin və Rusiyanın 6-cı nəsil qırıcı istehsalına paralel olaraq hazır ola bilərdi.

Hazırda bəzi rusiyalı ekspertlər qeyd edirlər ki, Avropa altıncı nəsil döyüş təyyarəsinin yaradılmasında, dördüncü nəslin taleyini təkrarlayacaq. 1980-ci ildə vahid Avropa qırıcısının yaradılması layihəsi, Fransanın transmilli layihədən çıxması ilə fransızların milli "Dassault Rafale" və Avropanın "Eurofighter Typhoon" qırıcılarının yaranmasına səbəb oldu. Doğrudur konsorsiumun üzvlərinin sayı azaldı, layihə müddət məsələsində bir az geri qaldı. Lakin nəticədə Avropa bir qırıcı əvəzində iki yeni qırıcını eyni vaxtda əldə etdi. Bunu nəyi pisdir? Hər iki qırıcı bazarda özünə yer tapdı, döyüşlərdə iştirak etdi. Hələlik heç bir ciddi problemlə də üzləşməyib, ixrac potensialını saxlayır. Belə böhran vəziyyətindən bütün konsorsium iştirakçılarının mənfəətlə çıxmasını əslində təqdir etmək lazımdır. Avropanın fərqliliyi də məhz hər bir problemi vəziyyəti öz xeyrinə dəyişə bilmək bacarığından ibarətdir.

Hamı milyardların havaya uçacağını ehtimal etdiyi bir vaxtda tam əksi baş verdi və paralel iki qırıcı ictimaiyyətə təqdim olundu. Yuxarıda göstərilən təyyarələrin hamısı ciddi ixrac potensialına malikdir. 2017-ci ilin aprelində istehsal edilən "Eurofighter Typhoon"un 500-cü sayı nümayiş etdirilib. Bu ilin fevralında isə 533-cü nüsxə İtaliya HHQ-yə təslim edilib. Bu qırıcılar Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Avstriya və Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrində xidmət göstərir. Qətər, Küveyt və Oman ilə tədarük müqavilələri imzalanıb. Bu gün dördüncü nəsil qırıcısının birgə istehsalı və onun ixrac potensialı ilə bağlı Avropa ölkələrində xüsusi problemlər olmadığını söyləmək mümkündür.


Son dəfə hazırlanan qırıcı təyyarələr kifayət qədər müvəffəqiyyətli yaradılsa da, Avropanın vahid döyüşçüsü ola bilmədi. Sonra Fransa narahatlığını iştirakçılara çatdıraraq layihəni tərk etdi. Nəticədə İngiltərə-Almaniya-İtaliya-İspaniya birgə istehsalı olan "Eurofighter Typhoon" qırıcısı yaradıldı. Paris isə öz "Dassault Rafale" qırıcısını təqdim etdi. Layihənin bölünməsinin yeganə pis cəhəti konsorsiuma daxil olan şirkətlərin, hər iki təyyarənin beynəlxalq bazara eyni vaxtda daxil olaraq rəqabət aparması və bir-birinin satış payını azaltmasından, kütləvi istehsalda onların maya dəyərinin (inkişaf xərcləri nəzərə alınmaqla) artmasından ibarət oldu. Rəqabət isə keyfiyyət göstəricilərinin yüksəlməsinə, zəmanət və texniki xidmət prosedurlarının sadələşməsinə səbəb oldu.

Gələcək yeni qırıcı layihəsinin yaradılması, "Eurofighter Typhoon" layihəsində olduğu kimi çoxtərəfli olmalıdır. Britaniya şirkəti digər layihəyə hələ də rəsmi ad verməyib. Eyni zamanda, gələcəkdə konsorsium layihənin "bazasının gücləndirilməsi" məqsədilə proqram iştirakçılarının siyahısını genişləndirməyə hazır olduqlarını qeyd edirlər. Eyni zamanda Paris və Berlin layihənin indiki mərhələsində, onun ideologiyasına və texniki konfiqurasiyasına təsirlərin olmaması üçün üçüncü ölkə mütəxəssislərinin hələlik start bazarların yaradılmasında iştirakını təmin etmək üçün hazır olmadıqlarının siqnalını veriblər. Başqa sözlə, Fransa-İngiltərə birgə layihəsi çat verdiyndən fransızlar 6-cı nəsil qırıcının yaradılmasında Londondan rəsmi olaraq imtina etməsələr də, Almaniya ilə əməkdaşlığa üstünlük verdilər.

Perspektivli ingilis qırıcısının texniki xüsusiyyətləri haqqında ilk detallar

Təqdim edilən foto və video materialları analiz edərək demək olar ki, ictimaiyyətə təqdim edilən İngiltərənin yeni qırıcı modeli iki ədəd yana meyllənən idarəolunan kilə sahib olan "quyruqsuz" yüksəklik təyyarəsindən ibarətdir. Təqdim edilən maket yeni təyyarənin gövdəsinin hər iki tərəfində, qanadların altında yerləşən, hava girişlərinə sahib iki mühərrikə malik olacağını deməyə imkan verir. Yeni qırıcının dizaynında stels texnologiyadan geniş şəkildə istifadə etmək planlaşdırılır. Böyük Britaniyanın Müdafiə nazirinin sözlərinə görə, yeni qırıcı "Tempest" pilotlu versiyada optional olaraq istehsal ediləcək, standart versiya isə pilotsuz nəzərdə tutulur. Bu isə qırıcının yüksək sürət göstəricilərinə malik olacağından xəbər verir. Yeni qırıcı üçün xüsusi təyyarə mühərriki yaradılacağı məlumdur. Qırıcı "yönəldilən enerji silahları"na sahib olacaq və müxtəlif PUA-ları da idarə edə biləcək.


Həmçinin yeni qırıcıda ilk dəfə süni intellektlə birgə işləyən və virtual pilot kabin funksiyası ilə təchiz olunan idarəetmə sistemi tətbiq ediləcək.

"BAE Systems" müdafiə sənaye şirkəti artıq yaxın gələcəkdə hazırlanmasına başlanması planlaşdırılan altıncı nəsil "Tempest" perspektivli döyüş təyyarələri üçün virtual pilot kabin konsepsiyasını təqdim edib. "Defense News" nəşrinin məlumatına görə, yeni kabində virtual elementlər xüsusi bir dəbilqə ekranı vasitəsisilə pilotun görmə bucağı sahəsinə əlavə ediləcək. Eyni zamanda əks olunan məlumatlar müəyyən vəziyyətlərə uyğun olaraq geniş bir diapazonda nizamlana biləcək.

Bu gün istehsal edilən qırıcıların böyük əksəriyyətinin pilot kabini ənənəvi olaraq məlumatları əks etdirən çoxfunksiyalı ekranlarla, rəqəmsal və analoq cihazlar dəsti ilə təchiz edilir.

Döyüş təyyarələri versiyalarına görə, kabindəki rəqəmsal və analoji cihazlarının sayı əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn, müasirləşdirilməyən döyüş təyyarələrinin köhnə modellərində, pilotun kabinində rəqəmsal alətlər tamamilə yox idi.

5-ci nəsil F-35 "Lightning II" çoxfunksiyalı qırıcılarında isə artıq virtual kabindən istifadə olunur. Bu qırıcıda "şəffaf görmə" sistemi tətbiq edilib - pilot təyyarənin xarici perimetri üzrə quraşdılan video kameralar vasitəsilə bütün görüntüləri dəbilqədəki ekran vasitəsilə əldə edir, görüntülər pilotun baxdığı istiqamətə uyğun olaraq dəyişir.

Məsələn, geri dönməklə pilot, kabinin arxa divarını və ya kreslonun arxa hissəsini deyil, məhz F-35 qırıcısının arxa hissəsində nə baş verdiyini görəcək.


"BAE Systems" tərəfindən göstərilən virtual pilot kabini konsepsiyası ümumiyyətlə kabində bizə tanış olan cihazlardan imtina etməyi nəzərdə tutur. Bütün kameraların, sensorların, radarların və atəşi idarəetmə sistemlərinin məlumatları reallıqları da əlavə edərək cihazların ekranında göstəriləcək. Eyni zamanda kabindəki məlumat çıxışı tamamilə nizamlana, pilot şəxsən məlumatların çıxışını və cihazları seçə, onların ekranda görünməsini və yerləşməsini təyin edə bilər.

Məlumata görə bəzi cihazların periferik görmə əhatəsindən xaric edilə biləcəyi bildirilir, onları yalnız pilot başını həmin istiqamətə çevirdiyində görə biləcək.

İngilislərin təqdim etdiyi virtual pilot kabini konsepsiyası yalnız bir toxunma ekranlı çoxfunksiyalı ekranın yerləşdirilməsini nəzərdə tutur, lakin bu ekran yalnız genişlənən reallıq sisteminin sıradan çıxması halında fəaliyyətə keçəcək. Uçuşun qəzasız rejimdə davam edəcəyi vəziyyətdə bu ekran söndürülmüş vəziyyətdə olacaq.

Almaniya-Fransa birgə layihəsi

2018-ci ilin aprel ayında Almaniya və Fransa öz hava qüvvələrinin inkişafı üçün planlar hazırlayaraq yeni nəsil çoxməqsədi döyüş təyyarəsini yaratmaq üçün qüvvələrini birləşdirmək qərarına gəldilər. Aprelin 12-də Almaniyanın paytaxtında iki ölkənin müdafiə nazirlərinin görüşü keçiriləndən sonra yeni döyüş təyyarəsinin yaradılması üzrə çalışmaların başlanması haqqında ilk şərhlər eşidilməyə başlandı. Avropa daim hərbi texnika yaradılmasında ənənəvi aşağı templərlə fərqlənib, misal olaraq dördüncü nəsil "Eurofighter Typhoon" qırıcılarının yaradılması proqramını göstərə bilərik. Yeni təyyarələrin yaradılması həmişə diqqəti cəlb edib, bu dəfə isə ingilislər kimi, alman və fransız mütəxəssislərin də beşinci nəsli adlayaraq birbaşa altıncı nəslə keçmələri xüsusi maraq doğuran tendensiya hesab olunur.

"Airbus şirkəti" 2017-ci ildə FCAS proqramını təqdim edib. Bu layihənin tərkibinə yeni qırıcı ilə yanaşı, insansız hava vasitələri, yanacaq dolduran təyyarə, komanda mərkəzi və orbit peykləri daxil idi. Altıncı nəsil təyyarələrini fərqləndirəcək əsas keyfiyyətlərə hipersəs sürət, yeni tipdə və növdə silah sistemləri (lazer döyüş sistemləri də daxil olmaqla), stels texnologiya, həm də maksimum uzaq məsafədən idarə edilmə (insansız idarəetmə versiyası) imkanı aid edilir. Birgə Avropa proqramının başlanmasına dair sazişin 2018-ci ilin sonunadək imzalanması planlaşdırılır və nəticədə digər Avropa ölkələri də ona qoşula bilər.


Hal-hazırda, Almaniya və Fransa FCAS (Future Combat Air System) proqramı çərçivəsində altıncı nəsil qırıcının inşası layihəsi üzərində işləyir. Bu qırıcılar Almaniyanın Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" və Fransa Hərbi Hava Qüvvələrinin "Dassault Rafale" tipli 4+ nəslə məxsus qırıcılarını əvəz etmək üçün nəzərdə tutulur.

Avropalıların yeni nəsil tam rəqabətə qabiliyyətli döyüş təyyarəsini yaratmaqda uğur qazanacağına şübhə etmək lazım deyil. Yalnız bu təyyarənin hansı müddətdə hazır olacağı maraqlıdır. Məsələn, Avropa dördüncü nəsil qırıcısının yaradılmasına 1970-ci ildə başlayıb. 1986-cı ildə İtaliyanın "Alenia Aeronautica", Britaniyanın "BAE Systems" və "Airbus" Avropa aerokosmik korporasiyası birləşərək "Alenia Eurofighter GmbH" konsorsiumunu təsis etdilər. Yeni döyüş təyyarəsinin ilk uçuşu 1994-cü ildə baş verib, təyyarənin seriya istehsalı və istismarı 2003-cü ildən başlanıb.

Almaniya və Fransanın perspektiv döyüş təyyarəsinin yaradılması barədə düşünməsi ötən ildən məlumdur. 2017-ci ilin iyul ayında bu barədə ilk dəfə Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Emmanuel Makronun görüşündə açıqlama verildi.

Təbii ki, yeni bir qırıcının yaradılması uzun müddət zaman tələb edəcək. Kobud qiymətləndirmələrə əsasən, yeni döyüş təyyarəsinin ilk uçuşu 2040-cı ildən tez baş verməyəcək. Bu qırıcını yaratmaq üçün bir layihəyə Avropanın əsas nəhəng təyyarə istehsalçıları cəlb edilib: "Airbus", "Dassault Aviation", MBDA, "Safran", "Thales".


Bu layihə, Avropa ölkələrinin altıncı nəslin qırıcı təyyarəsini yaratmaq üçün ilk cəhdi deyil. Fransızların bu gün "Système de Combat Aérien du Futur" adlandırdıqları layihə əvvəllər "Future Combat Air System" adlanırdı və "Eurofighter Typhoon" və "Dassault Rafale" qırıcılarını əvəz edəcək perspektivli aviasiya döyüş kompleksinin inkişafını nəzərdə tuturdu. Layihədə əsas tərəfdaşlar Fransa və Böyük Britaniya idi, proqramın birinci mərhələsindəki məsrəflər 2 milyard dollar səviyyəsində qiymətləndirilirdi.

Fransa rəsmi olaraq birgə layihədən imtina etməyib, onu "paralel proses" adlandıraraq bu istiqamətdəki işlərin faydalı ola biləcəyini vurğulayıb. Fransanın 2000-2010-cu illər ərzində Britaniya ilə hərbi-siyasi sahədə fəal əməkdaşlıq etməsi Almaniyanın narazılığına səbəb olurdu.

Eyni zamanda "Breksit", aviasiya sənayesində Fransa-Britaniya layihələrinin həyata keçirilməsi perspektivlərini bir qədər də azaldıb. Fransa öz risklərini diversifikasiya etməyə çalışır, Almaniyanın seçimi isə o qədər də böyük deyil. Berlin indi ciddi olaraq 2020-ci illərdə Luftvaffeni tərk etməli olan "Tornado" qırıcı-bombardmançılarını necə əvəz edəcəyi ilə məşğuldur. Onları dəyişdirmək üçün siyasilər dördüncü nəsil "Eurofighter Typhoon" qırıcılarını, hərbçilər isə israrla ABŞ-ın beşinci nəsil F-35 qırıcılarını (bu israretmə artıq Berlində istefa təhdidləri ilə bağlı skandala səbəb olub) təklif edirlər. Lakin ABŞ-ın Avropa ilə "ticarət müharibəsi"nin baş verdiyi bir zamanda bu sövdələşmənin həyata keçiriləcəyi real görünmür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.