Təki Qarabağı verək deyə… (VİDEO)
19-04-2015, 23:38
Amma faktı öz adı ilə çağırmırlar. Adını belə qoyurlar ki, Azərbaycan qeyri-demokratik ölkədir. Ay nə bilim burda insan haqları belə pozulur, söz azadlığı belə boğulur… Səməd Mənsurun sözü olmasın, rəngidür… Sadaladıqlarım Qara Piar-ın təşkilatçıları. Yəni mənbələri idi.. İndi isə Qara Piar-ın həyata keçirilməsində istifadə olunan arsenaldan və ya türkün sözu alətlərdən danışaq.
Birincisi rəsmi Dövlət qurumları. Maraqlı dövlət əsassız bəyanatlarla Azərbaycanı gözdən salmağa yönəli cəhdlər edir. Amma nə qədər qəribə səslənsə də, ən yaxşısı elə budur. Yəni açıq mübarizə metodu olduğuna görə qorxulu deyil. Dövlət utanmadan çıxır və açıq şəkildə buyurur ki, qardaşım, mənim səndən xoşum gəlmir. Əgər siyasəti kişiliklə ölçmək olsaydı bu üsula ən kişiyana hərəkət demək də olardı. Sən bilirsən ki, dövlətin dövlətlərdən xoşu gəlmir. Çox təəssüf ki, belə kişiyanalıq bugünkü statistikanın bəlkə də sıfır tam mində bir faizini təşkil edir. Çünki, bu gün dünya siyasəti başqa kurallarla, qaydalarla yaşayır.
Arsenala aid ikinci sursat - Qeyri-Hökumət Təşkilatlarıdır. Məsələn, “Amnesty İnternational”,“Human Rayts Votç”, “Sərhədsiz Reportyorlar” və s… Bu qurumlar hesabatlar hazırlayır və hər dəfə də Azərbaycanı eyni yerindən, eyni nöqtələrdən vururlar. Heç tədris və təhdid vasitələrini dəyişmək də istəmirlər. Hə ara-bir itdən qurddan tapırlar ki, ay aman qoymayın yandı itin atası və s. Amma bir daha o fikrimizə qayıdırıq ki, bu yanmaq səmimi deyil. Bu olmasaydı, yəni kimsəsiz itlər Avropaya layiq bir demokratiya ilə küçələrimizi azad gəzib dolaşsaydılar belə, onda da Azərbaycanı qınaycaq bar-bar bağıracaqdılar ki, ora getməyin, ay aman it tutar. Bu insan haqlarının pozulmasıdır!!!
Arsenalda üçüncüsü sursat kütləvi informasiya vasitələridir. Etiraf edim ki, hələ jurnalistikaya yeni gəldiyim vaxtlarda bir sıra mətbuat orqanlarına etalon kimi baxırdım. “Washington Post, ”New York Times”, “SNN”, “Euronews”… və s… Amma indi görürəm ki, yox balam. Nə etalon, nə talon, hətta ideallaşdırdığımız bu qurumlar belə böyük bir supermarketmiş vəssəlam. Elə bir supermarket ki, onlardan məharətlə istifadə olunur. Sifarişli məqalələr, sifarişli reportajlar, hətta filmlər… “BBC”nin Azərbaycan haqqında çəkdiyi neqativ filmi xatırlayaq. Ya da elə Qaregin Njde… Hitlerin əlaltısı, azərbaycanlıların qənimi… kimə nə düşmüşdü ki, ilin günün bu vaxtı onu xatırlasın, hələ bir film çəkib faşizmə qalib gəlmiş ölkənin paytaxtında, düz Moskvanın ortasında nümayiş etdirsin… Xeyir ola. Çəkən idilər çəkərdilər də 80 ildə. Niyə bu gün çəkirlər o filmi? Ona görə ki, Türkiyəni Azərbaycanı vurmaq bu gün lazımdır.
Qara piar üçün istifadə olunan arsenalda dördüncü yerdə beynəlxlq qurumlardır. Məsələn, Avropa Parlamenti. Avropa İttifaqı. Məsələn, BMT. Nə qədər acınacaqlı və zavallı səslənsə də, bu əslində istifadə etməli olan qurumlar artıq özləri istifadə olunan vasitələrə çevriliblər. Bəzi yumşaq kağızlar kimi. Kimsə, kimləsə dava edir, gəlib onlardan istifadə edir… hər şey bu qədər sadə…
Arsenalda daxili qüvvələr də əhəmiyyətli yerdədir. Burada mən onlara tərəf dağıdıcı müxalifət, 5-ci kalon, 6-cı barmaq, zadı qırıq, zatı qırıq və s. kimi ifadələr tolazlamasam da deməliyəm ki, daxili qüvvələrdən istifadə zamanı əsas məqsəd məhz dövləti içəridən dağıtmaqdır. Daxili qüvvələr daxildə olan narazılardır. Onlar qrup halında da ola bilər, Əkrəm Əylisili tək fərd şəklində də… Bəzi qüvvələr, bəzi vətəndaşlar hakimiyyətlə dövləti səhv salırlar. Azərbaycana ən sərt sanksiyalar tələb edirlər. Baykot istəyirlər. Avropa Oyunları ərəfəsində daha hansı absurd oyunları çıxarmırlar. Bəs bunların bir effekti varmı? Burada artıq biz nəticəyə keçirik. Qısası, effekt nə oldu: Avroviziya müsabiqəsi ərəfəsində nələr yazmırdılar day… Amma müsabiqə normal keçdi.
Mən burada bir az da ümumiyyətlə sanksiyalar və onların tətbiq edildiyi ölkələr barədə danışmaq istəyirəm. Yazıq Rusiyanın başına Soçi Olimpiadası ərəfəsində nələr gəlmədi?! Deyirlər ki, Gülən sonuncu gülür. Amma Rusiya sonadək gülə bilmədi. Ukrayna müharibəsi başladı. Olimpiada keçdi də. Yüksək səviyyədə başa çatdı da. Bu azmış kimi komanda zaçotunda Rusiya şəriksiz olaraq birinci yeri tutdu da. 30 ildi İranı təzyiq altında saxlayırlar, nə oldu? Əksinə İran öz iqtisadiyyatını tam azad, müstəqil heç kimdən asılı olmadan idarə edir. Göyə də çıxır, yerə də girir. Deməli effekt budursa, onda Allah Zərdüştə rəhmət eləsin. O şey ki, öldürmür deməli bizi güclü edir hökmünə görə…
Biz burada açıq arsenaldan danışırıq. Məxfi orqanlar, onların Azərbaycanda gizli fəaliyyətinə, apardığı pozuculuq işlərinə toxunmuruq. Hər bir ölkə təbii ki, kəşfiyyat işlədir, öz maraqlarını təmin etmək üçün onların xidmətindən isifadə edir. Bu tamam başqa bir söhbətin mövzusudur.
Azərbaycan xalqı və dövləti qarşısında bu gün iki yol var: ya boyun əyib razılaşmaq, müti olmaq, ya da öz müstəqilliyini qorumaq, dözmək. Ölkənin içində qayda, səliqə-sahman yaratmaq. Narazılıqların azaldılmasına nail olmaq. Uğurlu sosial-iqtisadi siyasət yürütmək. Gərək vətəndaş öz ölkəsindən, dövlətindən inciməsin, küsməsin, əksinə ona görə ölməyə hazır olsun… Biz bilməliyik ki, bu təzyiqləri Azərbaycana nə üçün edirlər. Nə üçünü isə budur: Təzyiq bizim müqəddərati istiqamətlərimizədir və məqsəd də budur ki, tələb etsinlər: verin Qarabağı-desinlər, versək təzyiqi dayandırsınlar. Deyəcəklər ki, Azəbaycandan yaxşı ölkə yoxdur. Bütün indekslərdə Azərbaycanı birinci yerə çıxaracaqlar. Hətta BMT-nin xüsusi iclasını çağırıb arayış da verə bilrərlər ki, verilir Azərbaycan dövlətinə ona görə ki, o həqiqətən dünyanın ən vacib ölkəsidir. Təki Qarabağı verək deyə… İndi hansı yaxşıdır? Bizi söysünlər, təzyiqlər etsinlər, amma müstəqilliyimizi qoruyaq, yoxsa bu təzyiqlərdən sınıb, əyilib dövlətə xəyanət səviyyəsində addımlar ataq ki, nə var, nə var bizi söyməyəcəklər. Məncə bu sualın cavabını hamımız bilirik! Təki qürurumuz olsun və bizi söysünlər.