Beriyanın işə yaramayan yalvarışları, Bağırovun çaşqınlığı – Gizli tarix

11-09-2018, 19:59           
Beriyanın işə yaramayan yalvarışları, Bağırovun çaşqınlığı – Gizli tarix
Tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

VII Hissə

2 iyul 1953-cü il
Sov.İKP MK Rəyasət Heyətinə
Malenkova, Xruşşova, Molotov və başqalarına ünvanladığı məktub:

“Əziz yoldaşlar, beş gün həbsdən sonra istintaqsız və məhkəməsiz,məni cəzalandırmaq istəyirlər. Yalvarıram, buna imkan verməyin, xahiş edirəm təcili müdaxilə edin, sonra gec olar. Telefon vasitəsilə xəbərdarlıq edin.

Əziz yoldaşlar, təkidlə yalvarıram, ən məsuliyyətli və ciddi komissiya tərtib edin, mənim işimi ciddi araşdırsın, komissiyaya y. Molotov, ya da Voroşilov başçılıq etsin. Məgər Rəyasət Heyətinin üzvü buna layiq deyil ki, onun işinı araşdırsınlar, təqsirləndırsinlər, izahat istəsinlər, şahidləri dindirsinlər. Bu, bütün nöqteyi-nəzərdən iş üçün və MK üçündür. Nə üçün indiki kimi edirlər, zirzəmidə otuzdurublar, heç nəyi araşdırmırlar, soruşmurlar.

Əziz yoldaşlar, məhkəməsiz, işi araşdırmadan MK üzvünü - öz yoldaşınızı 5 gecə-gündüz zirzəmidə saxladıqdan sonra qətlə yetirmək istəyirlər.

Bir daha sizə yalvarıram, xüsusilə Leninlə, Stalinlə işləyən yoldaşlara - Molotova, Voroşilova, Kaqanoviçə və Mikoyana. Leninin və Stalinin xatirəsini əziz tutaraq xahiş edirəm durmadan işə müdaxilə edin, axı mən sizin təmiz yoldaşınızam, partiyamızın sədaqətli üzvüyəm.

Mən daima ölkəmizin qüdrətli olmasına çalışmışam, partiyamızın birliyindən başqa fikirlərim olmayıb.

Öz MK-mızı və öz hökumətimizi dəstəkləyirdim və əlimdən gələni edirdim. Əmin ola bilərsiniz, əgər işi araşdırmaq istəsəniz, bütün ittihamlar götürüləcək. Nə üçün tələsirsiniz, bu çox şübhəlidir.

Malenkov və Xruşşov yoldaşlardan xahiş edirəm, inadkar olmayın, əgər yoldaşınız bəraət qazansa, bəyəm pis olar.

Bir daha yalvarıram, sizin yaşlı və günahsız dostunuzun işinə müdaxilə edin, onu məhv etməyin.
Sizin Lavrenti Beriya
Təcili Sov.İKP MK Rəyasət Heyətinə
yol. Malenkova və Xruşşova catdırın
L.Beriyadan telefonla
Əsli. Əlyazması

Beləliklə, Sov.İKP MK Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ daxili işlər naziri, SSRİ Ali Sovetinin deputatı və s. vəzifədən heç bir sanksiya və Ali Sovetin razılığı olmadan kiçik bir qrup rəhbər tərəfindən həbs olunmuşdu. Düzdür, bu hal istisna təşkil etmirdi; əvvəllər də belə həbslər olurdu. Stalin istənilməyən insanları həbsxanaya və hətta qəbirə göndərirdi və baxmırdı ki, bu adamın deputat toxunulmazlığı, MK üzvlüyü və s. var. Ancaq ali partiya orqanı – Siyasi bürodan söhbət gedəndə, onda MK razılığı tələb olunurdu; bu, Buxarin və Rıkovla belə olmuşdu. Ancaq Beriyanın timsalında heç buna da məhəl qoyulmadı. Yalnız Beriyanın həbsindən sonra, formal olaraq MK-nın plenumunu çağırmaq qərarına gəlirlər.

Moskvada plenum çağırılanda, Bağırov L.Beriyanın həbsindən tam xəbərsiz idi. Bağırov Beriyaya telefonla zəng etməyə başlayır. Lakin onun nə xidməti telefonu, nə də ev telofonları cavab vermir. Əvvəl Bağırov heç nəyi başa düşmür və vəziyyəti öyənməkdən ötrü N.K.Baybakova zəng edir. O da cavab verir ki, Beriya yoxdur, ola bilsin ezamiyyətdədir. Bundan sonra Bağırov Mikoyana zəng etdi, onunla qısa danışaraq dəstəyi atdı (şübhəsiz, Mikoyanın mövqeyi bəlliydi - A.M.).

2 iyul 1953-cü ildə plenuma qədər səhər tezdən Moskvada Sov.İKP MK Rəyasət Heyətinin qapalı iclası keçirilir. MK Rəyasət Heyəti üç müşkül məsələnin həlli yollarını müzakirə edirdi. Birinci - plenuma izah etmək ki, nə üçün onlar (MK Rəyasət Heyətinin üzvləri-A.M.) MK-nın plenum çağırışını gözləmədən Rəyasət Heyətinin üzvü Beriyanı həbs etdiriblər. İkinci - plenuma izah etmək ki, nə üçün onlar (MK Rəyasət Heyətinin üzvləri-A.M.) hələ Stalinin sağlığında, yaxud onun ölümündən sonra, əksinə, Beriyaya imkan verdilər ki, yüksək vəzifə tutsun və əgər onun barəsində şübhələr var idisə, bu barədə nə üçün partiyaya appelyasiya etmədilər. Və nəhayət, plenuma izah etməli idilər ki, Beriyanın antipartiya və antidövlət fəaliyyəti nədən ibarət idi ki, o, bunun üçün ən ağır cəzaya məhkum olunubdur.

Təcili şəkildə M.C.Bağırov Sov.İKP MK Rəyasət Heyətinin qapalı iclasına dəvət olunur. Beriyanın həbsini əsaslandırmaq üçün burada ona təklif edirlər ki, Beriyanın 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə müsavat partiyasının əks-kəşfiyyatında fəaliyyəti ilə bağlı ittiham nitqilə çıxış etsin. Eyni zamanda Xruşşov Bağırovdan tələb edirdi ki, o, Beriyanın ona etdiyi sonuncu zəngi barədə izahat versin. Ancaq Bağırov belə bir zəngin olmasını inkar etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.