Yazısı ilə üfunət yayan adamlar qanundan bu qədər bixəbərdirmi? (Gözü çıxmış qurd qardaşlarından niyə öyrənmirlər)

7-09-2019, 07:21           
Yazısı ilə üfunət yayan adamlar qanundan bu qədər bixəbərdirmi? (Gözü çıxmış qurd qardaşlarından niyə öyrənmirlər)
Teref.az-ın poçtuna daxil olmuş tənqidi yazını təqdim edirik:
“Teref.az” saytında çalışan hörmətli media nümayəndələri, yolunuzun düzgünlüyünə, etik qaydaları hər janrda olan yazılarınızda gözlədiyinizə görə reytinqi sıfır dərəcəsində olan bir saytın İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin ünvanına yazdığı hədyana cavabı sizə göndərməyi gərəkli saydım.
Əvvəla onu qeyd edim ki, heç bir sayt, qəzet, jurnal yazısı əsasında başçı, nazir və ya başqa yüksək vəzifə sahibi təyin olunmur, işdən azad edilmir. Bu, cənab Prezidentin müstəsna səlahiyyətidir. Məsləhətdir ki, hərə öz işi ilə məşğul olsun.
Yazıda deyilir ki, iş adamı, “Yaşıl market” kimi tanınan bazarın sahibi Vidadi İskəndərov şikayətçidir. Artıq o, şikayətçi deyil. O, bazarı işlədə bilmədiyi, müasir iqtisadi münasibətlərdən xəbərsiz olduğu, biznes fəaliyyətini qura bilmədiyi üçün obyektini satıb. Yeni sahibkar obyektinin açılışını da edib. Şər-böhtan, iftira, mənəvi qəsd müəllifi onu da unudub ki, başçı prokurorun fəaliyyətinə nəzarət etmək səlahiyyətində deyildir. Köhnə palan içi tökən məlum saytın rəhbəri quruya atdığı tilovla balıq tutmaq fikrinə düşüb.
Görülən işlərə kor qalmamaq üçün İsmayıllıya gəlmək, onun inkişafını rayon mərkəzində, iki qəsəbədə və bütün kəndlərdə görmək lazımdır. Ucqar Əhən kəndindən başlamış aran kəndi Gəraybəyliyədək, Ağsu rayonu ilə sərhəd kəndindən tutmuş Göyçay rayonu ilə sərhəddə yerləşən Mollaisaqlı kəndinədək tikinti-quruculuq-abadlıq işləri gedir, çoxsaylı sosial layihələr həyata keçirilir. Büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşan bir rayon dövlət büdcəsindən milyonları necə ala bilər? Rayonun büdcə xərclərini periodik olaraq Maliyyə Nazirliyi də, Hesablama Palatası da yoxlayıb. Başqa cəfəng, ikrah doğuran söz yığınlarına cavab verməyi səviyyəsizlik hesab edir, yalnız bir neçə məsələyə diqqəti cəlb etmək istəyirəm.
“Su-kanalizasiya şəbəkəsinin yenilənməsi” layihəsi indiki başçıdan əvvəl icra olunmuşdu. Qazılan küçələrin, yolların bərpası və asfaltlanması isə sonraya saxlanmışdı. Onların bu işini də yeni başçı gördü. Bədxah saytlarda çalışanlar isə özlərini görməməzliyə qoydular. İsmayıllıda yayın ən isti günlərində belə su qıtlığı olmayıb.
2013-cü ilədək İsmayıllı şəhərinin bir-iki küçəsi asfaltlanmışdı, onu da su çəkənlər dağıtmışdı. İndi şəhərdə mövcud olan irili-xırdalı 141 küçənin 91-i asfaltlanıb. Taxıl əkini ilə əlaqədar təsərrüfatçıların aldığı subsidiyanın miqdarını yuxuda görən sayt rəhbəri özünün tamamilə keçmişdə qaldığını sübut edir. Əvvəla onu qeyd edim ki, bir neçə ildir İsmayıllıda taxıl istehsalı 100 min tondan artıq olur. Hər hektardan 35-36 sentner məhsul götürülür. Həsən Həsənov da rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən xeyli vaxt idi ki, kənd təsərrüfatı idarəsinə rəis getmişdi. Aqrar inkişaf mərkəzinin direktoru olandan sonra bu vəzifədən də çıxıb. “Fil qulağında yatmaq”, goreşənlik etmək, tullantı qutularında qurdalanmaq buna deyirlər.
Hər ilin sonunda İsmayıllıda növbəti ilin sosial-iqtisadi inkişaf proqramını hazırlamaq üçün bütün yaşayış məntəqələri üzrə təhlillər aparılır, monitorinqlər keçirilir, bütün istiqamətlər üzrə ehtiyaclar nəzərə alınır və icra tədbirləri müəyyənləşdirilir. Bu tədbirlərdə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, aztəminatlı ailələrdən olan ahılların, qocaların, əlillərin və şagirdlərin ehtiyacları ilkin sırada nəzərə alınır. Hansı humanitar tədbirlər həyata keçirilir? Bunu sadalamaq İslamda günah hesab edilir. Yalnız onu deyirəm ki, il boyu bu kateqoriyadan olan insanların qapısı mərhəmət hissi ilə döyülür. Cənab Prezidentin hər bir məmurun xalqın xidmətçisi olmaq tapşırığı İsmayıllıda məsuliyyətlə icra olunur. Özünü peşəsinə layiq, ağıllı, obyektiv hesab edən hər bir yazar qələmə aldığı mövzu ilə əlaqədar həmin təşkilatın reqlamentinə, əsasnaməsinə, o sahə üzrə Qanuna əsaslanmalıdır. Belədə başa düşər ki, (əgər düşünə bilən başı olsa) vətəndaş üçün ev tikmək, ev təmir etmək, uşaq bağçası açmaq, hər hansı bir vətəndaşa bu və ya digər mərasimi keçirmək üçün vəsait vermək rayon icra hakimiyyəti başçısının səlahiyyətində olan məsələ deyildir.
Şər-böhtan və təhqir yolu ilə qazanca çatmaq istəyən saytın redaktorumu, rəhbərimi hər bir kəlməsində, hər bir cümləsində həddi aşır, tənqidi bilə-bilə təhqirlə qarışdırır. İsmayıllı rayon icra hakimiyyətinin heç bir təşkilata, heç bir şəxsə borcu yoxdur. Yazıda iddia edildiyi kimi, turizm-istirahət mərkəzlərinə indi kimsə əl qoymur, əslində oraya vaxtilə uzanmış əllər cəsarətlə geri götürülür.
Sonda bir daha qeyd etməyi vacib sayıram ki, adını çəkməklə səhifənizi çirkləndirmək istəmədiyim sayt vaxtilə müxtəlif internet səhifələrində getmiş mənəvi qəsdlərin, yalanların, şərlərin icmalı olan cəfəngiyyat toplusu ilə özünün kimliyini, qərəzini, maddi hərisliyini ortaya qoyur. Həssas məsələlərə toxunmaqla insanlar arasında təfriqə salacağına ümid edir. Bir neçə millətin, etnik qrupun, milli azlığın nümayəndələrinin yaşadığı İsmayıllıda belə cəhdlər əsla keçərli deyil. 5-6 il bundan əvvəl dünyasını dəyişmiş, il yarımdır xəstə yatan insanların adını nöqsanlarda hallandırmağı da mənəviyyatsızlıq sayıram.
Doğma rayonumda gedən sürətli inkişafdan, sosial həyatın zənginləşməsindən, insanların layiq olduğu həyata qovuşmasından sevinən bir insan kimi bu fikirləri ünvanınıza göndərməyi özümə borc bildim.

Hörmət və ehtiramla,
Vahid Xəlilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.