SİLAH GÖTÜRÜLÜB
7-09-2019, 17:29
Teref.az- Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib, odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.
İlkin dindirilmə zamanı E.Abbasov silah və döyüş sursatının çay kənarında tapdığını bildirib.
Faktla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.