Şəri, böhtanı, yalanı özünə peşə edən Rüstəm
6-12-2019, 13:17
Teref.az -Hər hansı bir yazıya başlayanda ilk olaraq özüm haqqında məlumat verməyi məqsədəuyğun bilirəm. İsmayıllıdanam, veteran jurnalistəm, Bakıda yaşayıram.Yaşlı olsam da, doğulduğum, böyüdüyüm, bəhrələrindən faydalandığım İsmayıllıya tez-tez gedib gəlirəm. Daha çox yaxşı əməlləri görməyə və təbliğ etməyə çalışıram. İnkişafımızın, yüksəlişimizin əleyhinə olanların da, şəri, böhtanı, yalanı, talançılığı özünə peşə edənlərə münasibətdə də biganə qalmır, onları müxtəlif KİV-lər vasitəsilə yola gətirməkdən çəkinmirəm. Bu yazımda İsmayıllının Qubaxəlilli kəndindən şər-xəta, böhtan peşəli, yalan profili, öz gözündə tiri görməyib, başqasının gözündə tükü seçən Rüstəm Hüseynovu oxucuların diqqət mərkəzinə gətirmək istəyirəm. Onu da qeyd edim ki, R.Hüseynov atası Firidun Hüseynovdan beş çömçə irəlidədir. Bu günlərdə “Space” televiziya kanalında “ustad” böhtancının toxuduğu rəzillik toruna baxdıqda bir daha qərara gəldim ki, mənəvi düşkünlüyə, əxlaqsızlıq vərəminə mübtəla olmuş söyüş müxalifətinin başqa üzü olan Rüstəm Hüseynovun kimliyinə az da olsa diqqət yetirim. Rüstəmi tanımayıb verilişə baxan hər bir kəs elə düşünərdi ki, Qubaxəlillidə el üçün yanan, qayğıkeş, qanunpərəst, məsuliyyətli bir nəfər varsa, o da elə R.Hüseynovdur. Qubaxəlilliyə çəkilişə gələn telekanal əməkdaşları bunun əksinin şahidi oldular. Onlar öz işlərində olsunlar, mən də Rüstəmin qarayaxma tarixçəsinə səthi də olsa, baş vurum.
Rüstəm narkotik bitkilər əkir, bəd əməli faş olanda aləmə car çəkir ki, evinə hücum təşkil ediblər. Rayon icra hakimiyyətinin rəhbərliyi Qubaxəlillidə görüş-qəbul keçirir, çoxluğu görən Hüseynov çırmanıb özünü atır ortalığa və başlayır ağzına gələni danışmağa.(ağlına gələni demirəm) Kim ona bu haqqı verib? Tolerantlıq (dözümlülük) buna deyilmir axı!
Hüseynovların şər-böhtan kampaniyası başlanğıcını nədən götürüb?Qubaxəlilli kəndi ərazisində vaxtilə mövcud olmuş heyvandarlıq kompleksi əmlak payı kimi qanuni əsasda mülkiyyətçilərə paylanıb. Ətrafda olan 7 hektar torpaq sahəsi isə bələdiyyə fonduna daxil edilib. Hüseynovlar da təkidlə bələdiyyədən tələb ediblər ki, həmin sahəni AZNAR şirkətinə böyük qiymətə satmaq üçün onlara icarəyə versin. Bələdiyyə sədri də təklif edib ki, vəsait bələdiyyənin hesabına köçürülməklə icarə müqaviləsi iki hüquqi şəxs arasında bağlansın. Məqsədinə çatmayan şər-xətalar bələdiyyə sədri Mirzağa Mirzəxanovun adına öz daxilərində olan qara ləkələri yaxaraq bildikləri bütün ünvanlara göndəriblər. Əvvəl bələdiyyə sədri olmuş Yaşar Calalovu da hansısa bir binanı qanunsuz satmaqda günahlandırıblar. Nəticə olaraq M.Mirzəxanov işgüzar nüfuzuna xələl gətirdiyi,ünvanına təhqir dediyi üçün Rüstəm Hüseynov barəsində məhkəmədə iddia qaldırıb.Məhkəmə qərarı belə olub ki, cavabdeh üzr istəsin və 2 min manat həcmində təzminat ödəsin. Ağsaqqalların xahişi ilə Mirzəxanov təzminatdan vaz keçib. Bundan şirinliklənən Hüseynovlar yeni iddialarla rəsmi dairələrdə çıxış etməyə başlayıblar. Bələdiyyədən tələb ediblər ki,perspektiv inkişaf fondundan onlara bağ salmaq üçün 1,5 hektar yer verilsin. Hələ indiyə qədər yazı hücumçularını başa salmaq olmur ki,fondun ərazisi fərdi ev tikintiksi, kəndin genişlənməsi üçündür,təsərrüfat fəaliyyətindən ötrü deyildir.
Ədalətsizliyi, təhqiri, şəri, böhtanı, əyriliyi, insanların haqqına girməyi özlərinə peşə edən Hüseynovlar mərdüməzarlıqla rayon icra hakimiyyətinə, Respublika təşkilatlarına kiflənmiş,pas atmış fikirlərini haqsızlıqla yazmaqda davam edirlər.
Bəli, vətəndaşın hüququdur yazmaq,müraciət etmək,sorğu göndərmək,təbii ki, qanun çərçivəsində,lakin unudulmamalıdır ki, vətəndaşın çoxsaylı vəzifələri də var. Hüquqlar və vəzifələr bir-birindən ayrılanda qanunsuzluq yaranır.Qanunsuz hərəkətlərə görə də hər kəsdən məsuliyyət tələb olunur. Bu həqiqəti heç kəs gərək unutmasın.
Vahid Xəlilov
Veteran jurnalist