Uzaq Pamirdən Azərbaycan sərhədlərinədək
17-12-2019, 12:15
Tanışlığımızdan otuz ilə yaxın bir dövr, zaman keçir. Maraqlı həyat yolu, uğrunda mübarizə aparıb qələbələrə imza atan, uğurunu daxilən qəlbində gizlədən, sevincini dost bildiyi insanlarla bölüşən, xeyirhaxlığından heç vaxt dönməyən peşəkar hərbçi, istedadlı alim, əsl dost. Bu polkovnik Cəlil Xəlilovdur. Hər bir kəsin taleyi öz əlindədir desək, yanılmarıq. Cəlil Xəlilov da istəyinə çatmaq üçün heç zaman çətinlikdən qorxmayıb, maneələrə sinə gərib, prinsipiallıq göstərib. 1975-ci ildə Masallı rayonunun Həsənli kənd orta məktəbini bitirən Cəlil Xəlilov uşaqlıqdan çox keçməkeşli həyat yolu keçib. Hərbçi olmaq arzusu ilə yaşayan gənc Cəlil Ural hərbi dairəsində 1977-1978-ci illərdə əsgəri xidmətdə olub. Nümunəvi əsgər kimi komandirlərinin hörmət və etimadını qazanıb. Məhz bu keyfiyyətlərinə görə ona komandirləri çox müsbət xasiyyətnamə yazıblar. O, Simferopol Ali Hərbi Siyasi Məktəbinə qəbul olub. Kursant həyatının çətinlikləri onu qorxutmayıb. Xalqının adını həmişə uca tutub, onun şərəfli tarixinə sadiq qalıb. Elmlərə dərindən yiyələnməklə yanaşı, idmanla müntəzəm və ciddi məşğul olub. Bir sözlə, gələcək zabit davranışları ilə həmişə seçilib.
Bəlkə, tale onu daha çox sınağa çəkməklə, daha da möhkəmləndirib mətinləşdirib. O, bu sınaqlardan üzü ağ çıxmaqla mübarizliyini, sübut edib, göstərib. Ali Hərbi məktəbi bitirəndən sonra gənc zabitə keçmiş SSRİ DTK-nın cənub-şərq, Pamir Sərhəd dəstəsinə təyinat veriblər. O zaman Əfqanıstanla yüzlərlə kilometr sərhədi olan Tacikistanda da vəziyyət çox gərgin idi. Sərhəddə silahlı toqquşmalar, basqınlar, terror-təxribat hadisələri ara vermirdi. Xidmət çox ağır bir şəraitdə aparılırdı. Cəlil Xəlilov sərhəd pozucularının ardı-arası kəsilməyən hücumuna məruz qalan Bədəxşanın Murqab sərhəd dəstəsində əsl zabit, qorxmaz bir hərbçi kimi şücaət göstərib.
Romantik peşə olan sərhədçi həyatının gözəlliyi ilə yanaşı, ağır, məşəqqətli, o cümlədən təhlükəli anları da mövcuddur. Cəlil müəllim bu sınaqlardan həmişə üzüağ çıxıb.
Hər an təhlükə, hər an ölüm, gərgin həyat onu qorxutmayıb. Necə deyərlər, bir əlində silahı, bir əlində qələm-kitabı. Siyasi şöbədə baş təlimatçı kimi irəli çəkilən Cəlil Xəlilov təhsilini də davam etdirməyi qərarlaşdırıb. Bir dəfə söhbət əsnasında dedi ki, adını dilinə gətirmək istəmədiyim bir zabit vardı, mənim təhsil almağıma hər yolla mane olmaq istəyirdi. Gecə-gündüz çalışırdım. O zaman Orta Asiya Hərbi dairəsinin hərbi tribunalın sədri olan general Firudin Rəsul oğlu Hüseynovun qəbuluna düşdüm. Firudin müəllim çox böyük nüfuz sahibi idi. Məni diqqətlə dinlədi. Mənim ikinci təhsil almağımı biləndə sifətində bir işıq, bir təbəssüm hiss etməyə başladım. Aradan bir az keçmiş sərhəd dəstəsindən xəbər verdilər ki, mənim təhsil almağıma icazə verilib. Sənədlərimi Tacikistan Dövlət Universitetinin hüquq fakultəsinə verdim. Xidmətimlə yanaşı, hüquq fakultəsinin tələbəsi kimi daha yaxşı oxumağı qarşıma məqsəd qoydum.
1987-ci ildə onun xidməti yerini Lənkəran sərhəd dəstəsinə dəyişirlər. Astarada komendantın şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyinat alan Cəlil Xəlilov xidməti işin təşkili, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməyə başlayır.
Sərhəd dəstəsinin rəhbərliyi zabitlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində komendat müavininin təkliflərinə səthi yanaşırdı. Rəhbərliyin işlərə subyektiv yanaşması, ədalətsizliyi, haqlı narazılıq və yaradırdı. Kimlərsə bununla barışırdı. Amma Cəlil Xəlilov haqsızlığa dözmürdü. O, rəhbərliyə çatışmazlığın aradan qaldırılması üçün dəfələrlə müraciət edirdi. Nəticə alınmayanda peşəkar zabitin kəsərli qələmi işə düşürdü. Dərhal yuxarıdan gələn komissiya günlərlə araşdırma aparır, Xəlilovun haqlı olduğunu ortaya qoyurdu. O, hər zaman tabeçiliyində olan zabit-gizirlərin haqqını müdafiə etdiyi və ədalətin bərpası üçün çalışdığına görə çox vaxt sərhəd dəstəsinin rəhbərliyinin haqsız iradına məruz qalmışdı. Amma sonda Cəlil Xəlilovun ədalətili mövqeyi qələbə ilə nəticələnmişdi.
Xatırlayıram ki, rəsmi tədbirlərin birində Moskvadan gələn bir general fasilə zamanı ayaqüstü söhbət əsnasında : Cəlil Malikoviç, siz komendant müavini olan zaman bir məsələnin araşdırılması zamanı az
qala mən karyeramı itirəcəkdim, -dedi. Cəlil müəllim özünəxas təbəssümlə:- “o zaman hər şeyi ədalətlə həll etsəydiniz, o həyəcanı yaşamazdınız, cənab general-deyə” -cavab verdi.
Səksəninci illərdə Lənkəran sərhəd dəstəsinin rəisi olmuş həmin zabit sonradan Rusiya Federasiyasının sərhəd qoşunlarının rəhbərlərindən biri idi.
Təbii, bir tanınmış hərbçi, alim, sərhəd qoşunlarımızın formalaşmasında can yandıran, öz bilik və bacarığı ilə sərhəd dəstəsinin qərargah rəisi vəzifəsindən Sərhəd Qoşunlarının komandanının müavini vəzifəsinə qədər yüksəlmiş bir zabitin ömür yolu örnəkdir desək, yanılmarıq.
Xatırlayıram, 1992-ci ilin noyabrında Lənkəran sərhəd dəstəsinə ezamiyyətə getmişdim. Rusiya Federasiyasının sərhədçiləri hələ Lənkəranı tərk etmədiyi üçün Azərbaycan sərhədçiləri Vel qəsəbəsindəki düşərgədən təlim-tədris məntəqəsi kimi istifadə edirdi. Xəzərin sahilində yerləşən bu düşərgə sovetlər zamanı sərhədçi zabit-gizirlərin övladlarının istirahət yeri olmuşdu.
İlk görüşümüzdən Cəlil Xəlilovun bacarıqlı zabit, dərin biliyə sahib, mənəvi cəhətdən yetkin bir ziyalı olduğunu yəqin etdim. Yenicə yaranan Sərhəd Qoşunlarımızın qarşısında duran ağır, çətin və şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün çox çalışmaq lazım idi. Gənc əsgərlərin qarşısında dövlət sərhədlərini mühafizə etmək, onu qaçaqmalçılıqdan, terrorçulardan, rəqib ölkənin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə cəhdlərin qarşısını almaq kimi məsuliyyətli bir vəzifə dayanırdı.
Bir zabit, bir vətəndaş kimi Cəlil Xəlilov milli təhlükəsizliyimizlə bağlı məsələlərdə həmişə öz prinsipial mövqeyini ortaya qoyurdu. O, ordu quruculuğunda çox yaxından iştirak edir, yeni yaranan sərhəd qoşunlarımızın uğurlu gələcəyinə varlığı qədər inanırdı.
Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətmək, ayrı-seçkilik toxumu səpmək, inamsızlıq yaratmaq kimi məkrli siyasəti həyata keçirmək üçün cəhd göstərirdilər. Bu çox təhlükəli oyunun qarşısını almaq üçün hər bir Azərbaycan vətəndaşı qeyrət göstərmiş, xainlərə layiqincə və tutarlı cavab vermişdir.
1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələr zamanı sərhəd qoşunlarımızın şəxsi heyəti içdikləri anda sadiq qaldılar və bir qrup separatçının zərərsizləşdirilməsində, ifşa olunmasında, qətiyyətli mövqe tutdular. O zaman Lənkəran sərhəd dəstəsinin rəhbərliyi və bütün şəxsi heyəti vətən sevgisinin müqəddəsliyini bir daha sübuta yetirdilər. Birliyimizi, bərabərliyimizi pozmağa cəhd edənlərin bədxah niyyətləri puç oldu, xəbis ürəklərində qaldı. Haqq qələbə çaldı. C.Xəlilovun da hərbi taleyində bu anlar heç zaman yaddan çıxmayacaq, yaddaşlardan silinməyəcək.
Xidməti işin təşkilində əldə etdiyi uğurlar ona böyük etimad göstərilməsinə səbəb oldu. Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin rəisi, sonradan MTN Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə yüksəldi. Maraqlıdır ki, qısa zaman kəsiyində şəxsi heyətin mənəvi-psixioloji durumunun daha da yüksəldilməsi üçün daha təsirli tədbirlər həyata keçirilməyə başlandı. Hər bir zastavanın kitabxanası qəzet, jurnal, maraqlı bədii-tarixi, elmi kitablarla təmin olundu. Kütləvi informasiya vasitələrində sərhədçilərin həyatından bəhs edən yazılar dərc olunmağa başladı, televiziya ekranlarından olduqca maraqlı verilişlər, süjetlər, tamaşıçılara təqdim olundu. Həmin yazıların, verilişlərin əsas mövzusu vətənə məhəbbət, xidmətə sədaqət, vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində daha ciddi, daha efekktiv iş aparmaq idi.
Bir zabit kimi respublikamızın aparıcı qəzet və jurnallarında C.Xəlilovun sərhəd həyatından, ordu quruculuğundan bəhs edən onlarla maraqlı məqalələri dərc olunub. O, elmi fəaliyyətini də unutmur. Elmi mövzuda qələmə aldığı əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb.
C.Xəlilov müxtəlif vəzifələr tutmasına baxmayaraq daim öz səmimiliyini qoruyub saxlamaqda, insanlara qarşı xeyirxahlığını əsirgəməməkdədir. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə döyüşən sərhədçilərimizin şücaəti danılımazdır. O, zaman Cəlil Xəliov səngərdə əsgər və zabitlərimizlə birgə idi. Erməni faşizminə qarşı döyüşmək, düşməni məhv etmək müqəddəs borcdur. Fizuli, Beyləqan istiqamətində gedən döyüşlərdə C.Xəlilov bir peşəkar zabit kimi həmişə öndə idi.
Onun dövlətçiliyimizə əvəzsiz xidmətləri həmişə diqqət mərkəzində olmuş və daim qiymətləndirilmişdir. Qeyd etdiyim kimi, o, elmi araşdırmalarını davam etdirir. 2002-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirən C.Xəliov "Milli Təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi-siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Ömrünün qırx ilə yaxın bir dövrünü sərhəddə xidmətdə keçirən Cəlil Xəlilov həmin anları heç bir zaman unutmur. Taleyindən qızıl xətt kimi keçən hər günündə bir sərhəd sevgisi var. Sərhədimizdə baş verən hər bir uğurlu addıma hamı kimi o da ürəkdən sevinir, qürrələnir.
1993-cü il iyun ayının 15-də xalqımızın təkidi tələbi ilə hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyev çox böyük müdriklik, siyasi iradə, yüksək dövlət idarəçiliyi nümunəsi göstərərək Azərbaycanı düşdüyü ağır bəlalardan, xalqımızı fəlakətlərdən xilas etdi. Tariximizdə əsrlər boyu müasir Azərbaycanın qurucusu kimi yaşayacaq Ulu öndərin dövlətimizin bütün sahələrini əhatə edən çox müdrik, qiymətli ideyaları əbədiyaşardır, daimidir. Bu qiymətli ideyalar ordu quruculuğunda çox mühüm, əhəmiyyətli yer tutur. Politoloq alim kimi Cəlil Xəlilovun yaradıcılığında bu məqamlar xüsusi vurğulanır. Çox maraqlıdır ki, Cəlil Xəlilov xidmət etdiyi dövrdə veteranlara qarşı daim böyük hörmət, qayğı göstərir. Əlamətdar günlərdə, tədbirlərdə əmək və silahlı qüvvələrimizin veteranları sərhədçilərin qonağı olur. Milli Ordu və sərhəd qoşunlarında şərəfli xidmət yolu keçmiş həmin general və zabitlərin əsgər və zabitlərimiz qarşısındakı çıxışları çox müsbət qarşılanmaqla bərabər, uzun müddət onların xatirələrində yaşayır, müsbət duyğular oyadır.
Bu yaxınlarda 100 illiyini qeyd ecəcək Sərhəd Qoşunlarımızın əldə etdiyi uğurlara qəlbən sevinən C.Xəlilov görülən işlərin, həyata keçirilən tədbirlərin daimi və uzunömürlü olacağına, sərhəd qoşunlarımızın yüksəlişinə, müqəddəs sərhədlərimizin mühafizəsi kimi şərəfli xidmətlərinə uğur arzulamaqdadır.
Respublika Veteranlar Təşkilatına xalqımızın ləyaqətli oğlu general-polkovnik Tofiq Ağahüseynov rəhbərlik edən zamandan bu qurumda çox müsbət dəyişikliklər baş verməkdədir. General-polkovnik T.Ağahüseynovun zəngin hərbi təcrübəsi və sərişdəsi, C.Xəlilovun yüksək təşkilatçılığı və işgüzarlığı bu qurumun nüfuzunu daha yüksəldib.
C.Xəlilov 2014-cü ildə Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. Bu gün Prezident İlham Əliyein veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq ideyalarına sadiq, vətənpərvərlik, xalqımızın tarixinə hörmət ruhunda tərbiyə olunması istiqamətində C.Xəlilov çox böyük işlər görür. O, II Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin veteranlarına qayğı ilə yanaşır, onların problemlərini diqqət mərkəzində saxlayır, qəbul olunan dövlət sərəncamlarının həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyət göstərir.
Onlarla orta məktəbdə, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, digər güc nazirliklərinin akademiyalarında, həmçinin ali məktəblərdə veteranlarla yaddaqalan görüşlər keçirilir
Uzun illərin zəngin təcrübəsi, toplanmış nəzəri biliklər, aparılan ciddi araşdırmalar, əldə olunmuş naliyyətlər bir yerə toplanmış və istedadlı alim tərəfindən qələmə alınaraq “Milli Təhlükəsizlik strategiyası” adlı çox qiymətli kitab ortaya qoyulmuşdur. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilovun qələmə aldığı bu dərslik çox ciddi mətləblərdən xəbər verir. Milli Təhlükəsizlik strategiyası,
onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri konseptual şəkildə təhlil olunur. Təkcə tələbələr deyil, politoloqlar, beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olan tədqiqatçılar belə bu kitabdan bəhrələnirlər. Çox böyük zəhmət bahasına əmələ gələn bu əsər Beynəlxalq münasibətlərin, təhlükəsizlik məslələrini öyrənilməsi üçün qiymətli elmi monoqrafiyadır.
Ad günü insanların ən yadda qalan, günlərindədir. Ona görə yox ki, insanlar bir yerə toplaşır, ürək sözlərinin söyləyir, təbriklərini yetirirlər, ona görə ki, sonda insan özü ilə təkbətək qalır, keçidiyi ömür yoluna nəzər salır, vicdanı qarşısında hesabat verir. Altmış yaşın işığında hər şey aydın görünür. Keçilən yolda gərgin əmək, məqsədə çatmaq üçün qətiyyətli iradə, dözüm, zəhmətə qatlaşmaq kimi bir sınaq dayanır. Bu deyilənlərə əməl edən hər kəsi uğur gözləyir.
İlk sərhədçi generalımız Mustafa Nəsirov xidmətdən söz düşəndə Cəlil Xəlilovun adını hörmətlə çəkirdi. Milli Sərhəd Qoşunlarımızın ilk komandanı general-mayor İsgəndər Allahverdiyev Cəlil Xəlilovun uğrunu, hərbi xidmətdəki uğrunu həmişə dəstəkləmişdir. Sərhəd qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov Cəlil müəllimi yaxşı tanıyırdı, ona inanırdı. Bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş general-mayor Vladimir Timoşenko polkovnik Cəlil Xəlilova qarşı rəğbətini gizlətmir və “Həqiqi polkovnik” adlı məqaləsində onu peşəkar hərbçi, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, veteranların problemlərinin həllinə can atan, Avropada Azərbaycanı ləyaqətlə təmsil edən bir politoloq, varlığı ilə Azərbaycanı sevən, azərbaycançılığı yorulmadan təbliğ edən istedadlı bir alim kimi dəyərləndirir.
P.S. Peşəkar hərbiçi, istedadlı alim, Pamirdən Azərbaycan sərhədlərinə qədər şərəfli xidmət yolu keçmiş polkovik Cəlil Xəlilov haqqında yalnız səmimi ürək sözlərimin bir hissəsini qələmə aldım. Rəsmiyyətdən uzaq.
Nəsibiniz həmişə uğur olsun, Cəlil müəllim.
İlqar Quliyev,
Polkovnik