İqtidaryönlü düşərgədən “Xalq parlamenti” ideyasına REAKSİYA: “Heç bir effekti olmayacaq” - Fəzail Ağamalı
27-02-2020, 16:47
“Parlamentə seçilənlər Azərbaycan dövlətçiliyinə bağlı olan siyasətçilər və müstəqil insanlardır”
Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral seçkilərinin nəticələrindən narazı qalan müxalifət partiyalarının “Xalq parlamenti” yaratmaq təşəbbüsünə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, Azərbaycanın radikal müxalifəti ölkədə ciddi sosial dayaqlara malik deyil:
“Müxalifət partiyaları arasında vaxtilə özünün şəbəkəsi, üzvlərinin sayı ilə fərqlənən Müsavat və Xalq Cəbhəsi partiyaları bu gün Bakıda ofis partiyasına çevriliblər. Onların regionlarda dayaqları demək olar ki, yox dərəcəsindədir. Cəmiyyət “Xalq parlamenti” yaratmaq təşəbbüsü ilə çıxış edən partiya və şəxslərə etimad göstərmir.
Bu gün Azərbaycan xalqı sabitliyin, ölkənin iqtisadi inkişafını təmin edən, beynəlxaq nüfuzunu artıran, hər zaman özünün iradəsi ilə atmış olduğu addımlarla dövlətin maraqlarını müdafiə edən cənab prezidentin yanındadır, birmənalı olaraq, onu dəstəkləyir.
Bunu sadəcə olaraq, anlamaq lazımdır. Əslində, bu gün parlamentə seçilənlərin mütləq əksəriyyətinin fəaliyyətinə nəzər salsanız görərsiniz ki, onlar bu və ya digər şəkildə dövlətçiliklə bağlı olan partiyalar, siyasətçilər və müstəqil insanlardır. Azərbaycan xalqı bu xətdən kənarda qalanları qəbul etmir.
Sosioloji sorğular aparılsa, açıq-aşkar bəlli olar ki, Azərbaycan xalqı radikal müxalifətin, anarxist qüvvələrin yanında deyil. Bunu bəlkə özləri də bilirlər, ancaq etiraf etmək üçün özlərində güc tapmırlar. Məğlubiyyətlərinə bəhanə gətirmək üçün ən müxtəlif üsullardan istifadə etməyə çalışırlar.
Onsuz da, hər seçkidən sonra bu cür bəyanatların şahidi oluruq. Bir-iki aydan sonra cəmiyyətin onlara dəstək vermədiyini görərək, yenə çəkilirlər öz qərargahlarına, kompyuterin qarşısında oturub, “siyasi fəaliyyət”lərini davam etdirirlər.
Digər tərəfdən, onlar “Xalq parlamenti”ni formalaşdırsalar belə, bunun heç bir effekti olmayacaq. O qurumu yaratmaq istəyən şəxslərin nə indi, nə də gələcəkdə Azərbaycanın siyasi həyatında yeri yoxdur”.
Səxavət Məmməd