Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımıza vəsiqələr təqdim olunub

17-03-2020, 20:38           
Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımıza  vəsiqələr təqdim olunub
Teref.az-Martın 16-da Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda 2000-ci ilədək ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına köçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan, ilkin olaraq, 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış şəxsə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələrin təqdimetmə mərasimi keçirilib.
Vəsiqələri Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə heyətinin sədri, professor Aygün Attar təqdim edib.
Azərbaycanın və qardaş Türkiyənin aidiyyətı dövlət orqanları 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və hazırda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların hüquqi vəziyyəti, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun müəyyən edilməsi, Türkiyə ərazisində hüquqi statusunun leqallaşdırılması, qeydiyyata alınması və digər məsələləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, ötən müddət ərzində birgə fəaliyyət göstərib.
Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və bununla əlaqədar müvafiq dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumlara) tapşırıqlar verilib. Tapşırığa əsasən müxtəlif dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılıb, intensiv araşdırma və müzakirələr aparılıb.
Vəsiqələrin verilməsi 2019-cu ilin sonlarında Türkiyə Respublikasının Daxili İşlər Nazirinin müavini cənab İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı işçi qrupunun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib. Müvafiq razılaşmaya uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə səfəri çərçivəsində 23 sentyabr 2019-cu il tarixində İstanbul valisi cənab Ali Yerlikaya ilə görüş zamanı prosedurun həyata keçirilməsi detalları ilə bağlı dəqiqləşdirmələr aparılıb.
Artıq hər iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyəti nəticəsində bir qrup insana yeni vəsiqələr verilib. Qeyd edək ki, bu, sənədləşmə işinin başlanğıcıdır, proses yeni siyahıların dəqiqləşdirilməsi və sənədlərin hazırlanması istiqamətində davam edir.
Yeni vəsiqələrlə təmin olunmuş soydaşlarımız Azərbaycan və Türkiyənin Prezidentlərinə humanist addıma görə təşəkkürünü bildirib. Onlar Türkiyə ərazisində indiyədək üzləşdikləri problemlərin həllində bu addımın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Xatırladaq ki, vəsiqə verilmiş şəxslər Türkiyə Respublikasında qeyri-qanuni məskunlaşma ilə bağlı nəzərdə tutulmuş bütün inzibati cərimələrdən azad olunub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.