152 mini havaya sovuran məmur kimdir? - Ağdamda

25-12-2015, 23:23           
152 mini havaya sovuran məmur kimdir? - Ağdamda
Şahin Qasımov "Azərinşaat-ML" MMC-lə birlikdə dövlət vəsaitlərini silib


Ərazisinin böyük bir qismi erməni işğalı altında olan Ağdam rayonunun mədəniyyət və turizm imkanları elə də böyük deyil. Əgər Ağdam bütünlüklə qalsaydı, şübhəsiz, burada turizmi inkişaf etdirmək elə də çətin olmazdı. Eləcə mədəniyyət sahəsinin də ən yüksək səviyyədə təşkili mümkün idi.
O da düzdür ki, Ağdam Azərbaycanın mədəniyyət beşiklərindən biri sayılır. Burada muğam sənətinin yüksə səviyyədə inkişaf etməsi, dünyaca məşhur müğənnilərin yetişdiyi də göz önündədir. Amma son illər yaşanan olaylar və Ağdam Mədəniyyət və Turizm Şöbəsinin səriştəsizliyi daha çox qazanc əldə etməyə yönəlib.

Demokratiya.info xəbər verir ki, Ağdam Mədəniyyət və turizm şöbəsinin müdiri bu ilin ilk 9 ayı ərzində məlum sahəyə 152 min manat ayrılmış investisiyanı elə xərcləyib ki, nə görən var, nə də bilən.
Məsələn, avadanlıqların satın alınması üçün "Azərinşaat-ML" MMC-lə birlikdə keçirilən tender vasitəsi ilə 15617 manat pul xərclənilib. Digər maşın və avadanlığın satın alınması prosesi də eyni adlı şirkətlə birlikdə reallaşdırılıb və bu işlərə 11155 manatın sərf olunduğu sənədləşdirilib. İdarənin saxlanma xərcləri isə 6828 manata başa gəlib.

Qeyd edək ki, Şahin Qasımovun Azərinşaat-ML MMC-lə hansı əlaqələrinin olması barədə tutarlı məlumat olmasa da, baş verənlərdən belə aydın görünür ki, burada ortaq maraqlar var. Çünki əsas pullu işlər məhz qeyd olunan şirkətlə həyata keçirilib. Daha bir misal: Ağdam Mədəniyyət və Turizm Şöbəsinə sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına 11378 manat, bərk inventarın satın alınmasına 30710 manat, yumşaq inventarların satın alınmasına isə 13744 manat xərclənib. Dəftərxana ləvazimatları və təsərrüfat mallarınınnin satın alınması isə 29100 manat pul tələb edib.
Rəqəmlərdən aydın şəkildə görünür ki, Ağdam Mədəniyyət və Turizm Şöbəsinin müdiri bəzi məbləğləri xeyli şişirdib. Məsələn, dəftərxana ləvazimatlarının alınması üçün 30 min manata yaxın pulun sərf olunması kifayət qədər müəmmalıdır.

Bundan əlavə, Şahin Qasımovun Opel-85 MMC-lə də birlikdə bəzi tenderləri həyata keçiridiyi bəlli olunub. Bu şirkətlə birlikdə əsaslı təmir işlərinin satın alınmasına 28948 manat, cari təmir işlərinin satın alınmasına 13744 manat, digər alışlar və xidmətlərin satın alınmasına isə 7760 manat sərf edilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.