Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və "Qarapapaq Fight Club & Promotion"un birgə təşkilatçılığı ilə "Qan ver yaşat" adlı yardım aksiyası keçirilib FOTO
22-04-2020, 14:01
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq ölkə ərazisində təşkil olunan qanvermə aksiyaları davam edir.
Avropa.info xəbər verir ki, bu gün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və "Qarapapaq Fight Club & Promotion"un birgə təşkilatçılığı ilə "Qan ver yaşat" adlı yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Mərkəzi Qan Bankına gələn qırxa yaxın idmançı ehtiyacı olan xəstələr üçün qan verib.
Onu da qeyd edək ki, bu artıq adı çəkilən ictimai birliyin təşkilatçılığı ilə hər il keçirilən və ənənə halını almış bir aksiyadır. Bu il isə aksiyanı keçirməkdə məqsəd pandemiya dövründə qana ehtiyacı olanlara dəstək olmaqdır.
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov bu aksiya ilə qana ehtiyacı olanlara müəyyən qədər yardım etməyə çalışdıqlarını bildirib.
"Bilirsiniz ki, hazırda bütün dünya pandemiya ilə mübarizə aparır. Ölkəmizdə də karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq insanlara evdə qalmaq və çölə çıxmamaq məsləhət görülür. Biz də məhz belə çətin bir dönəmdə qana ehtiyacı olan xəstələrə müəyyən qədər yardım etməyə çalışdıq. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı həmvətənlərinin bu çətin günündə onlar üçün əlindən gələni etməlidir."
Eyni zamanda aksiyada iştirak edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin idarə heyətinin sədri Taleh Həsənov aksiyada iştirak edən idmançılara öz təşəkkürünü bildirib. O bundan sonra da ictimai birlik olaraq xeyriyyə aksiyalarında mütamadi iştirak edəcəklərini vurğulayıb.
Aksiyada iştirak edən "Qızıl əlcək" idman klubunun rəhbəri, əməkdar məşqçi Rəhim Allahverdiyev isə öz növbəsində bütün idmançılara səslənərək onları bu günlərdə qana ehtiyacı olanlara yardım etməyə təşviq edib. O, bildirib ki, bu kimi tədbirlər belə çətin günlərdə qana ehtiyacı olan vətəndaşlarımıza böyük dəstəkdir.
Qeyd edək ki, aksiyada təkcə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin üzvləri deyil, onların dostları və yaxınları da iştirak ediblər.