Bakının kənar küçələrində abadlıq-yenidənqurma işləri davam edir

17-06-2020, 09:50           
Bakının kənar küçələrində abadlıq-yenidənqurma işləri davam edir
Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teref.az-a verilən xəbərdə deyilir ki, bu istiqamətdə görülən işlər cərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq-yenidənqurma işləri həyata keçirilir. Artıq Məhəmməd Hadi küçəsində genişmiqyaslı işlər sona yetib. Həmçinin rayonun Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində də əsaslı təmir və küçəboyu abadlıq işləri başa çatıb.

Bu işlər çərçivəsində binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daş düzülüb, yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib.

Binaların yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə və idman qurğuları, oturacaq və söhbətgahllar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemi quraşdırılıb.

Eyni zamanda binaların birinci mərtəbəsində və qarşısında yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin daha da gözəlləşməsinə öz töhfələrini veriblər.

Hazırda Seyid Əzim Şirvani, Qaçaq Nəbi və Naximov küçələrində abadlıq-yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, asfalt örtüyü salınır.

Bu küçələrdə aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmir-yenidənqurma işlərinin başqa küçələrdə davam etdirilməsi nəzərdə tutulmuşdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.