Sədərək Ticarət Mərkəzinin yeni fırıldağı - FOTOFAKT
17-01-2016, 07:59
Manatın sonuncu devalvasiyasından sonra ticarət obyeklərində də vəziyyət çətinləşib. Əksər ticarət obyektlərində alver aşağı düşüb ki, bu da narahatlıq yaradıb. Bəzi iri ticarət mərkəzlərində sahibkarlar aylıq kirayə haqlarını ödəyə bilmədiklərindən rəhbərlikdən güzəştlər tələb edir.
Buna cavab olaraq ötən gün Sədərək Ticarət Mərkəzi rəhbərliyinin giriş haqqını ləğv etdiyi barədə mediada məlumat yayılmışdı. Bu addımın atılmasına səbəb kimi həm də ticarət mərkəzinə gələnlərin sayının artırılmasının olduğunu bildirirdilər. Amma bu gün əməkdaşımızın müşahidəsi tamam fərqli mənzərənin olduğunu göstərib. Belə ki, əvvəllər Sədərək Ticarət Mərkəzinə daxil olan hər bir avtomobil qeydə alınır və çek alaraq 50 qəpik ödəyirdi. Hazırda isə Ticarət Mərkəzinə daxil olmaq sərbəstdir və sürücülər ticarət mərkəzinə daxil olarkən onlara çek verilmir. Amma avtomobillər Ticarət Mərkəzindən çıxarkən onlardan pul ödəmək tələb olunur.
Əməkdaşımız "yayılmış məlumatlarda giriş haqqının ləğv olunduğunu” Sədərək Ticarət Mərkəzinin işçisinin yadına saldıqda isə həmin şəxs bunun ancaq piar üçün olduğunu bildirib. Onun sözlərinə görə, Sədərək Ticarət Mərkəzinə giriş haqqı ləğv edilməyib. Belə olan halda sürücülərə çek verilməməsinin səbəbi ilə maraqlandıqda isə tapşırığın belə olduğunu bildiriblər. Bu fakt da göstərir ki, Sədərək Ticarət Mərkəzi son addımı ilə həm sahibkarları, həm də bu məkana üz tutan müştəriləri aldadıb.
Təxminən 10 dəqiqəlik mübahisədən sonra oradan əvvəlkindən fərqli bir çek almaq mümkün olub. Həmin VÖEN-in (9900020171) məxsus olduğu "Sədərək” firmasının qanuni təmsilçisi Yunis Qafar oğlu Qədimbəylidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.