Moldovada soydaşlarımız səfirliyə axışdı - FOTO

2-10-2020, 11:28           
Moldovada soydaşlarımız səfirliyə axışdı - FOTO
Cari ilin 1 oktyabr tarixində Moldovada yaşayan 50-ə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Səfirliyinə toplaşaraq, səfir Qüdsi Osmanov ilə görüş keçirmişdir.

Teref.az xəbər verir ki, həmvətənlərimizin Səfirliyə toplaşmaqda əsas məqsədi 27 sentyabrda cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək, habelə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə və ölkəmizin ərazi bütövlüyünü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirmək olmuşdur.

Daha sonra görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qeyd etmişdir ki, cəbhədə gedən döyüşlərlə bağlı narahatlığını və dəstəyini bildirmək üçün 500 nəfərdən çox azərbaycanlı müraciət etmiş, lakin pandemiya səbəbindən Moldova qanunvericiliyə uyğun olaraq 50 nəfərin iştirakı razılaşdırılmışdır. Bundan əlavə, E.Bayramov Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti ilə yardım etməsinin qərara alındığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Bundan əlavə görüşdə keçmiş sədr Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək prezidentimiz İlham Əliyevin Azərbaycanın və millətimizin maraqlarını qoruyan, mənafeyinə xidmət edən eləcə də, ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini qeyd etmişlər.

Görüşdə yekun olaraq çıxış edən səfir Q.Osmanov vətənpərvər soydaşlarımıza vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirmiş, Azərbaycanın kifayət qədər güclü və döyüşkən ordusunun olduğunu və bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulamışdır. Eyni zamanda, səfir Q.Osmanov Moldovadakı Səfirliyin azərbaycanlıların ata yurdu olduğunu və hər zaman onların müraciət və təklifləri üçün açıq olduğunu diqqətə çatdırmış, həmvətənlərimizin mübarizəsini öz savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməli olduğunu qeyd etmiş, bu ölkədə ermənilərin istər siyasi, istərsə də, digər sahələrdə yüksək təsir imkanlarının olduğunu nəzərə alaraq, azərbaycanlıları MAK ətrafında sıx birləşməklə daha güclü olmağa çağırmışdır.

Sonda Səfirliyə toplaşan həmyerlilərimiz görüşə görə səfirə təşəkkürlərini bildirmiş, bütün tövsiyyələri nəzərə alaraq azərbaycanlıların bu ölkədə təşkilatlanması istiqamətdə səylərini gücləndirəcəklərini qeyd etmişlər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.