Azadlığının ildönümü mübarək, Qubadlı!
28-10-2021, 16:34
Zəngəzur mahalının qədim yaşayış məskəni, Azərbaycanın dilbər guşələrindən olan Qubadlının 27 illik əsarət zəncirinin qırıldığı, yad əllərdən təmizləndiyi gündən artıq bir il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 кəndi işğaldan azad edildi.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.
Tarix Zəfərdən sonra 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Qubadlıya səfər ediblər. Dövlət başçısı Qubadlıda Azərbaycan bayrağını ucaldıb.
Ölkə başçısının Qubadlıya növbəti səfəri bu il oktyabrın 25-də həyata keçdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüşdəki ən vacib məqamlar Qubadlının bərpası ilə bağlı tədbirlər barədə geniş məlumatların ictimaiyyət nümayəndələrinə çatdırılması idi. qeyd edilib ki, artıq Qubadlı şəhərinin Baş planı hazırlanır və yaxın aylarda təqdim ediləcəkdir. Baş planda bütün məsələlər əhatə edilib, bura Qubadlı şəhərində məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin, yaşayış binalarının və s. tikintisi nəzərdə tutulub.
Prezidentin səfəri zamanı Qubadlı rayonunda sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları keçirilib, Xanlıq-Qubadlı yolunun təməli qoyulub. Bütün bu həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlər Qubadlıların tezliklə öz döqma yurd-yuvalarına qayıtmalarına şərait yaradacaqdır.
Xaliq Ağayev – Qubadlı ictimaiyyətinin nümayəndəsi