Norveç səfiri Tərtərdə
16-03-2016, 13:15
Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen martın 15-də Tərtərdə olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfiri səmimi və mehribanlıqla qarşılamış, işgüzar görüş keçirilmişdir.
Görüş zamanı rayon rəhbəri səfirə düşmənlə 48 km təmas xətti olan Tərtər rayonu, onun əhalisi, iqtisadiyyatı , mədəniyyəti, eləcə də qəhraman tərtərlilərin məşğuliyyəti haqqında ətraflı məlumat vermişdir. Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın və məcburi köçkünün bir qisminin də Tərtərdə məskunlaşdığını bildirən M.Məmmədov ölkə başçısının diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırmış, və onların ermənilər tərəfindən işğal olunmuş öz dədə-baba torpaqlarına qayıtmaq istədiklərini bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı ermənilərin suvarma dövründə Sərsəng su anbarından gələn suyun qarşısını kəsməklə kənd təsərrüfatına yaratdıqları süni çətinliklərdən də danışmışdır.
B.İ.Svendsen qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Səfir bildirmişdir ki, 18 aydır Azərbaycanda diplomatik fəaliyyət göstərir. Azərbaycanı yaxından tanımaq üçün bölgələrə səfər edib hər şeyi öz gözləri ilə görmək istəyir. Sərsəng su anbarı ilə bağlı bölgədə yaranan çətinliklər barədə məlumatlıdır.
Norveçdə Azərbaycan kimi neft və qaz yatağı ilə zəngindir. Azərbaycan ilə energetika sahəsində sıx əlaqə yaratmışıq.
Sonra səfir yerli iqtisadiyyatın necə inkişaf etdiyi ilə maraqlanmış, rayon rəhbəri onu maraqlandıran suallara ətraflı cavab vermişdir.
Görüş çox səmimi keçmiş, sonda norveçli diplomat rayon rəhbərinə xatirə hədiyəsi təqdim etmişdir.