Cənubi Qafqaza sabitlik və tərəqqi gətirən Azərbaycan-Türkiyə qardaşlığı
30-10-2021, 17:56
Ötən həftə beynəlxalq aləmin maraqla izlədiyi hadisələrdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaradan birbaşa Füzuli hava limanına gəlməsi və Qarabağın qapısı sayılan bu aeroportun açılışında iştirak etməsi oldu. Beynəlxalq status daşıyan Füzuli aeroportuna ilk dəfə olaraq ölkələrarası aviareys məhz Türkiyə Prezidentinin gəlişi ilə baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev səfərin aktuallığına diqqət çəkərək cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirak etmələrini iki qardaş ölkənin sarsılmaz birliyinin, artan gücünün göstəricisi olduğunu vurğuladı.
Müharibədən sonrakı dövrdə Azərbaycanla Türkiyə Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni layihələr reallaşdıraraq işğaldan azad edilmiş ərazilərin tez bir zamanda yenidən qurulması üçün konkret addımlar atmaqdadırlar. Qısa zamanda görülən işlər Böyük Qayıdış üçün vacib prioritetlərdəndir.
Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli hava limanının açılışında iştirak etmələrinin həm də ciddi siyasi əhəmiyyəti var. Azərbaycan işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə, bizim bu ərazilərə qayıtdığımızı və 30 il ərzində viran edilən torpaqları məhz azərbaycanlıların cənnətə çevirəcəyini göstərir. Hazırda işğaldan azad edilmiş rayonlarda yol-nəqliyyat, kənd təsərrüfatı, sənaye obyektlərinin tikintisi intensiv şəkildə davam etməkdədir. İlin sonunadək bütün rayonların elektrik enerjisi ilə təmin olunması əsas hədəflərdən biridir.
Bölgədə quruculuq işlərinin daha bir nümunəsi oktyabrın 26-da Zəngilanda baş tutdu. Zəngilanın Ağalı kəndində Azərbaycan və Türkiyə liderləri birinci özəl sərmayə layihəsinin təməlini qoymaqla bərabər, «ağıllı kənd» layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. Bundan əvvəl isə dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimində iştirak etdilər. Zəngəzur dəhlizinin şərq hissəsinin məhz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməlinin qoyulması xüsusi siyasi əhəmiyyətə malikdir.
Cənab Ərdoğanın son səfəri bir daha göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı həm də regional güc kimi mühüm əhəmiyyətə malikdir. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.