Zəfər günü münasibətilə Qorqud partiyasının xalqımızı təbriki
5-11-2021, 16:52
Bir il əvvəl 27 sentyabrda, erməni qəsbkarlarının növbəti təxribatına cavab olaraq şanlı ordumuz, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsinə başladı. 44 gün çəkən bu ikinci Qarabağ müharibəsində müzəffər ordumuz düşməni darmadağın etdi. Nəhayət noyabr ayının 10-da xalqımızın otuz illik torpaq həsrətinə son qoyuldu və düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Azərbaycanın bu zəfər günü son yüz ilin ən şərəfli və fəxarətli günüdür və bu gün bizim əyilmiş qamətimiz düzəldi. Biz bütün dünyaya igid və qorxmaz xalq olduğumuzu sübut etdik.
Bu Vətən müharibəsi dövründə bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Bütün siyasi partiyalar, ictimai təşkilatlar və xalq bir yumruq oldu və xalqımızın əzəmətini, qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın qətiyyətli qərarları və dünya ictimaiyyətinə bizim haqq müharibəmizi kamil şəkildə çatdırması xalqımızın başını bir az da ucaltdı. Bu gün biz artıq fəxrlə - mən cəsur Azərbaycan xalqının oğluyam deyə bilərik. Bu qələbəmiz dünyada Azərbaycana və onun vətəndaşlarına münasibəti də tam dəyişdi. Bütün bunların əsas səbəbkarları isə təbii ki qorxubilməz əsgər və zabit heyətidir. Bu Vətən müharibəsində biz çoxlu şəhid verdik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı, uzun ömür versin.
Qorqud partiyası adından mən xalqımızı - Azərbaycanımızın tarixi zəfəri münasibətilə təbrik edirəm. Mən tam əminəm ki, bu zəfər Azərbaycanın bütün torpaqlarının qaytarılmasının başlanğıcıdır. Böyük Azərbaycanın böyük zəfərləri hələ qarşıdadır.
Qorqud partiyasının sədri Firudin Kərimov