KAŞ ŞƏHİD MƏN OLAYDIM.. NİYƏ MƏHZ QALİB ZÜLFÜQARLI ?
29-03-2016, 12:26
BİR NEÇƏ GÜNƏ TOYU OLACAQDI...
Anamın yatdığı torpağa- Ağsuya aparan yollar kimi fikirlərim yenə dolaşıq düşüb.(5 ildir bu dolaylar anamın yanına yox,uyuduğu yerə aparır məni).Nədən başlayacağımı,fikrimi anladacağımı bilmirəm.Haqsız qınaq oxlarına tuş olmaqdan çəkinirəm.Amma deməsək də olmur.Yanıb-yaxılıram.Neçə gündür başımdan çıxmır.Niyə toyuna günlər qalan 24 yaşlı leytenant Qalib Zülfüqarlı öndə olmalıydı?Bəyəm əsgər,zabit,döyüşçü qıtlığıdır,yoxsa son ümid yeri 3-5 günə toyu olacaq bəyə qalmışdı?
Suallar içimi yeyir,özümü bağışlaya bilmirəm.Bu gənclərin şəhid olmalarında özümü də suçlu sayıram.Çağında bu savaşı bitirə bilmədiyimə görə.Danışmağın,yazmağın,yanmağın nə anlamı var?Ayrı çağ “lazım gəlsə” savaşa atılacağımızı reklam edirik.Niyə bəs atılmırıq?Niyə biz yox,toyuna sayılı günlər qalan QALİBlər öndə “ÖNCƏ VƏTƏNDİR” deyibən can verir?Vallah,düzgün yol deyil!Ağzımda dilim yanır,vallah!
Gəlin,əyri oturaq,düz danışaq.Savaş varsa,torpaqda yağı gözü varsa,ŞƏHİD də olacaq,ƏLİL də,QAZİ də!Amma daha belədə yox də!Apreldə toyu olacaq döyüşçünü martın sonlarında düşmənlə üz-üzə qoymaq nə deməkdir?Sualıma,yanğıma kim cavab verə bilər?Sizdən soruşuram,ay ordu generalları,müdafiə başçıları? Orden-medalla yaxanızı qırağa çəkə bilməzsiniz!
Cavab verə biləcəksinizmi şəhid anasının göz yaşlarına,nişanlı qızın qan(l)a boyanan xınayaxdısına?
Eh,şəhid balam!Kaş yerinə mən olaydım...
Məğrur Bədəlsoy,Qarabağ savaşı əlili
TEREF.İNFO