Xeyirxahlıq ənənələri davam edir

22-01-2022, 13:31           
Xeyirxahlıq ənənələri davam edir
Bir neçə gün əvvəl paytaxtımızın mədəni həyatında əlamətdar hadisə baş vermişdir. Görkəmli tarixi şəxsiyyət, Şərqin ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı keçirilmişdir. Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun müəllifi olduğu heykəlin şəhərin mərkəzində ölkə başçısı cənab İlham Əliyev tərəfindən açılışı olmuşdır.

Kasıb ailədə anadan olan və böyüyən, sonradan öz əməyi və bacarığı sayəsində zənginləşən hacı ən çox öz xeyriyyəçiliyi ilə xalqın yaddaçına həkk olub. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə o dövrdə Bakı şəhəri üçün mühüm əhəmiyyət kəsb edən Sollar su kəməri layihəsi həyata keçirilib. Həmin kəmər bu gün də fəaliyyət göstərərək Bakı və Sumqayıt şəhərlərini təmiz içməli su ilə təmin edir.

Hacı Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa etdirib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açdırıb, Bakıda tramvay xətlərinin açılmasında böyük əməyi olub. Yaratdığı sənaye müəssisələrində minlərlə insan işlə təmin edilib.

Hacı eyni zamanda şəhərin genişlənməsi və gözəlləşməsinə də öz töhfələrini verib. Xaricdən dəvət etdiyi memarlar tərəfindən Bakıda onlarla gözəl binalar tikilib ki, bu tikililərin gözəlliyi bu gün də insanı valeh edir. Hacının fəaliyyətinin böyük hissəsi Bakıda və ölkəmizdə elmin, mədəniyyətin inkişafına yönəlmişdi.

1897-ci ildə “Kaspi” qəzetinin naşirliyini alaraq bu qəzeti milliləşdirib, Həsən bəy Zərdabinin Bakıya gəlişini təmin edib. O həmçinin, “Həyat” qəzeti, “Fyüzat” jurnalı kimi mətbuat incilərimizi maliyyələşdirməklə ölkədə milli mətbuatın inkişafına böyük dəstək verib.

Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdı. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Abidənin açılış mərasimində ölkə başçısı bu məqamı xüsusilə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, həmin o tələbələrin arasında babası Əziz Əliyev də olub.

Hacı Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirib. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.

Bu gün Müstəqil Azərbaycanımızda xeyriyyəçilik ənənələri davam etdirilir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Hazırda Heydər Əliyev Fondunun qarşısında yeni vəzifələr durur. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş

fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Fuad Heydər – YAP Səbail Rayon Təşkilatının əməkdaşı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.