Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur

16-08-2022, 14:57           
Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur
Prezident İlham Əliyevin görülən işlər və verilən tapşırıqların icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. Dövlət başçısı avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu kimi məqamlara diqqət yönəldərək bildirib ki, bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Təbii ki, hər yeni sosial obyektin istifadəyə verilməsi yeni iş yeri deməkdir. Prezident İlham Əliyev iş yerlərinin açılmasını daimi proses kimi qarşıya qoyub. Bu hədəf belə əsaslandırılır ki, əhalinin sayı artır, yeni iş yerlərinin açılması vacib amillərdəndir. Ölkə Prezidenti İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu. Hər bir bölgənin turizm və kənd təsərrüfatı imkanları önə çəkilərək görüləcək işlər, hədəflər diqqətə çatdırıldı.
2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev öz müsahibəsində bu məqsədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyini bildirdi. Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin inkişafında, həm də sosial-iqtisadi göstəricilərdə özünün aydın ifadəsini tapır.
Ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi ilə bu istiqamətdə işlər keyfiyyətcə yeni mərhələyə daxil olub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilir. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir.
Dövlət başçısı İlham Əliyev müsahibədə bildirib ki, biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Artıq azad edilmiş torpaqlarımızda əkin işləri aparılıb. Bu inam ifadə edildi ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək.
Prezident İlham Əliyev diqqəti, eyni zamanda, “Qisas” əməliyyatına yönəltdi. Bildirdi ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri olaraq “Dəmir yumruğ”un yerində olduğunu təsdiqlədi. Bu əməliyyat bir daha Ermənistana belə bir mesajları ünvanladı ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər.
İndi Qarabağda yaşayan ermənilər görürlər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Bütün bunlar düzgün həyata keçirilən, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin nəticəsidir. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.