Ağdamın pensiyaçıları niyə pensiyalarını ala bilmirlər ?
13-05-2015, 12:55

Qəzetimizin ötən saylarından birində “Ağdamda təqaüdlər saxtalaşdırılır” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız həmin məqalədə Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlardan bəhs olunurdu. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, hazırda bu şöbənin müdiri vəzifəsini icra edən Novruz Hacıyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlara qarşı rüşvət tələblərinin irəli sürüldüyünü qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Ağdam sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər. Mənbələrin iddialarına görə DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsipi tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması burada adi haldır. Şöbənin müdiri Novruz Hacıyev isə təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların mahir ustası kimi ad çıxarıb. Şikayətçilərin bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeçiliyində çalışan bəzi şəxslər həyata keçirirlər. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Novruz Hacıyevi qətiyyən narahat etmir. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Həmçinin məlumatlara görə bu gün Ağdamda hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində də süründürməçilik hallarına yol verilir. Qəribədir ki, şöbə müdiri müxtəlif maxinasiyalara mütəmadi olaraq imza atsa da, rayon rəhbərliyi tərəfindən yaranmış vəziyyətə heç bir müdaxilə olunmur. Qəzetimizin ötən saylarında dərc olunmuş yazılarda biz qeyd etmişdik ki, bu gün Azərbaycanda sosial sahəyə dövlət qayğısı hər zaman olduğundan daha çox diqqət mərkəzindədir və illər keçdikcə, bu sahədə daha çox uğur əldə edilir, əhalinin sosial müdafiəsi işi daha da təkmilləşdirilir. Bununla belə etiraf etmək lazımdır ki, bu gün bir tərəfdən vətəndaşların, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının təmsilçiləri arasında qanunsuz razılığa gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə davam edənlərə kifayət qədər tez-tez rast gəlinir. Bu arada isə Ağdam rayon sakinlərinin etdikləri şikayətlərin ardı-arası dayanmaq bilmir. Onlar bildirirlər ki, Novruz Hacıyevin əlindən qanuni pensiyalarını belə ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Ağdam şöbəsində bir xeyli pul tələb edilir. Vəziyyətdən istifadə edən şöbə müdiri isə “qiymətləri” qaldıraraq, daha çox pul qorapmağa cəhd edir. Belə ki, əgər keçən il bu məsələ 1500-2000 manat civarında həllini tapırdısa, indi bu rəqəm 2500 manata çatıb. Bunun da məqsədli şəkildə edildiyi deyilir. Çünki Novruz Hacıyevin daha çox pul qazanmaq həvəsi onu bütün yollara əl atmağa vadar edir... \\ bizimdovr.az \\