8 Noyabr Zəfəri

2-11-2022, 16:08           
8 Noyabr  Zəfəri
27 sentyabr 2020 -ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan çıxaran Müzəffər Ordumuz 30 il işğal altında qalan,erməni vandalları tərəfindən darmadağın edilən rayon və kəndlərimizi şəhidlər verərək ,qan tökərək qarış –qarış geri aldı. Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.
Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqları Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, vətəninə və torpağına olan böyük məhəbbəti, eyni zamanda igid əsgər və zabitlərimizin şücaəti və xalqın birliyi ilə işğaldan azad etdi.
Paytaxtın Xətai rayonu ərazisində yaradılan Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir.Azərbaycan xalqı və Azərbaycan dövləti bu Böyük Qələbəyə 30 illik uzun ,çətin və şərəfli bir yolu qət edərək nail oldu.

Könül Əfəndiyeva – YAP üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.