Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

4-02-2023, 20:22           
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər toplantıda iştirak edərək geniş məzmunlu çıxış edib.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən tədbirdə bir daha səsləndirilib. İclaslarda Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.
Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bildirilib ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Bu gün TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi məsələləri nəzərdən keçirilir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışıqlar aparılır.
Azərbaycanın təbii qaz ixracı ilbəil artır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması nəzərdə tutulub. Bu da Avropa Komissiyası ilə Anlaşma Memorandumunun uğurla icra olunmasının bir göstəricisidir. Hazırda Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Fevralın 3-də keçirilən toplantıda Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər: “Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirən faktorlar sırasındadır.

Tufan Məmmədov – iqtisadçı ekspert
TEREF.AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.