Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır

17-03-2023, 16:29           
Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır
Azərbaycanın xarici siyasətində Avropa ölkələrinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniya Federativ Respublikasına işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir. Belə ki, dövlətimizin başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, eyni zamanda, Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, iki ölkə arasında əlaqələrin gələcək inkişafını açıqlayan mətbuata bəyanatları diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin hazırkı inkişaf səviyyəsinə aydınlıq gətirir. Almaniya rəsmiləri Azərbaycanı daim ənənələri olan ölkə kimi dəyərləndirirlər. 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd həm qurumla, həm də quruma üzv dövlətlərlə, o cümlədən Almaniya ilə ölkəmizin münasibətlərində yeni səhifə açdı.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Bu reallıq dövlətimizin başçısı İlham Əliyevin səfər çərçivəsində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə, həmçinin Azərbaycan Prezidenti ilə Almaniya Kansleri Olaf Şoltsın mətbuata birgə bəyanatlarından sonra media nümayəndələrinin suallarını cavablandırarkən də diqqətə çatdırıldı. Otuza yaxın almaniyalı iş adamı ilə iki saata yaxın davam edən görüşdə ölkəmizdə mövcud biznes imkanlarından geniş bəhs olundu. Dövlətimizin başçısı İlham Əliyev Almaniya iş adamlarını Azərbaycana dəvət etdi. Bildirdi ki, hazırda ölkəmiz yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev ilk gündən dost ölkələrin bu prosesdə iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və artıq bununla bağlı müraciət ediblər.
Hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğundan dövlətimizin başçısı İlham Əliyev almaniyalı iş adamları ilə görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə də ətraflı məlumat verdi. Bildirdi ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edildi ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək. Bütövlükdə ölkəmizin Almaniya ilə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir.
Dövlətimizin başçısı İlham Əliyev keçirdiyi bütün görüşlərdə, mətbuata bəyanatında, media nümayəndələrinin suallarını cavablandırarkən əsas diqqət göstərdiyi məsələlərdən biri də təhlükəsizlik məsələsi oldu. 30 illik işğal və postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir.
Ümumilikdə səfər Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Diplomatik münasibətlərimizin qurulmasından sonrakı onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur. Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək.


Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.