Azərbaycanın diplomatik uğurlarının davamı - Moskva görüşü
26-05-2023, 20:46
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
Prezident İlham Əliyev bu gün Azərbaycana iqtisadi cəhətdən heç kimin dəstəyinə ehtiyacın olmadığını bildirərək xarici dövlət borcumuzun ÜDM-in 9%-dən aşağı olduğunu qeyd edərək valyuta ehtiyatlarımızın xarici dövlət borcundan 10 dəfədən çox olduğunu ifadə edib: “Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır”.
İclasda çıxışı zamanı Ermənistan istisna olmaqla, Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etməsinə toxunan Prezident İlham Əliyev NikolPaşinyanın da iştirak etdiyi bu tədbirdə münasibətlərin normallaşdırılması üçün tarixi imkan yarandığını növbəti dəfə rəsmi İrəvanın diqqətinə çatdırıb: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur".
Dövlət başçısı "Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək" açıqlaması ilə eyni zamanda Ermənistan tərəfinə konstruktivlik nümayiş etdirib, bu çətin geoiqtisadi və siyasi durumdan çıxmaq üçün verilən şansdan yararlanmaq imkanının olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur.
İclas çərçivəsində aparılan müzakirələrdə Prezident İlham Əliyevin Ermənistanın baş naziri NikolPaşinyana diplomatiya dərsi keçməsi diqqət çəkən məqamlardandır. Dövlət başçısı İlham Əliyev bildirib ki, “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək NikolPaşinyana bu dərsi keçdi ki,“dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.
Ümumi olaraq görüşə nəzər salsaq görərik ki, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır.
Aysel Mənsimova - politoloq