“Bir cüdo əfsanəsi” - Tərlan Həsənov haqqında yazılmış kitabın təqdimat mərasimindən FOTOLAR

2-06-2023, 08:38           
“Bir cüdo əfsanəsi” -
Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib. “Azman Holdinq”in təşkilatçılığı ilə Bakıdakı məşhur “Mangal Steak House - Bayıl” restoranında keçirilən təqdimat mərasimində adı çəkilən şirkətin təmsilçiləri ilə yanaşı idman ictimaiyyətinin nümayəndələri, ölkənin ən tanınmış cüdocuları, “Bir cüdo əfsanəsi” kitabının qəhrəmanı, məşqçi Tərlan Həsənovun dostları və ailə üzvləri iştirak edib.

Koordinat.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Azman Holdinq”in media və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Xanlar Məmmədov açıb. O, “Bir cüdo əfsanəsi” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb.

Xanlar Məmmədov “Bir cüdo əfsanəsi” kitabı haqqında məlumat verərək bildirib ki, cüdo üzrə saysız-hesabsız yetirmələri olan məşqçi Tərlan Həsənovun həyat və idman karyerasından bəhs edən nəşrin hazırlanması ideyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsusdur.

“Bir cüdo əfsanəsi” “Azman Holdinq”in ikinci intellektual məhsuludur. Şirkətin hərtərəfli dəstəyi ilə 2017-ci ildə işıq üzü görmüş “Murov qartalı” kitabı ilə yeni nəşr arasında çox mühüm bağlılıq var. Hər iki kitabın qəhrəmanı sağlığında əfsanəyə çevrilmiş şəxslərdir. Birincisi yeni dövr hərb tariximizdə, ikincisi isə Azərbaycan cüdosunun inkişafındakı əvəzsiz xidmətləri olan şəxsin öz peşəsinə sevgisindən və sədaqətindən, onların keçdikləri keşməkeşli yollardan, əldə etdikləri nailiyyətlərindən bəhs edir. "Azman Holdinq" hər iki kitabı çap etdirməklə onun qəhrəmanlarını aid olduqları sahələrdəki xidmət çərçivəsindən daha geniş auditoriyalarda tanınmasına vəsilə oldu" - deyə, Xanlar Məmmədov əlavə edib.

Xanlar Məmmədov deyib ki, “Bir cüdo əfsanəsi” “Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabı nəşr olunub.

Daha sonra söz “Bir cüdo əfsanəsi”nin qəhrəmanına, 80 yaşı yenicə tamam olmuş əməkdar məşqçi Tərlan Həsənova verilib. Azərbaycanda cüdo üzrə ilk məşqçlərdən biri kimi tanınan əməkdar məşqçi Tərlan Həsənov cüdoya gəlişindən, ilk yarışlarından, gənc idmançıdan peşəkar məşqçiliyə qədər keçib gəldiyi yollardan danışıb.

Hələ yeniyetmə yaşlarında sərbəst güləş üzrə Bakı və respublika çempionu olan Tərlan Əhmədov Belarusda hava-desant qoşunlarında hərbi xidməti dövründə döyüş sambosunun və cüdonun sirlərinə yiyələnib. O, ixtisasca tarixçi olsa da, bütün həyatını və karyerasını yalnız idmana həsr edib. Ömrünün ahıl çağında da öz işindən ayrılmayan peşəkar məşqçi zəngin təcrübəsini və bacarığını gənc cüdoçuların yetişməsinə sərf edir.

Milli Məclisinin Sədr müavini Adil Əliyev da təqdimat mərasimindəki çıxışında Tərlan Həsənovun gənc cüdoçuların yetişməsindəki əməyini xüsusi qeyd edib: "Tərlan müəllimin həyat və fəaliyyəti idman ictimaiyyəti üçün bir nümunədir. Elə buna görə də Azərbaycanın idman ictimaiyyəti ona həm bir məqçi, həm də sözün əsil mənasında müəllim kimi hörmət və ehtiram göstərir. Onun haqqında yazılmış “Bir cüdo əfsanəsi” kitabı da gələcək nəslə dəyərli mənbə olacaq. Cüdoçular Tərlan müəllimin bu idman növünün inkişafındakı xidmətlərini heç vaxt unutmayacaqlar və əslində o, öz fəaliyyəti ilə həm də tələbələrinə idmanda nailiyyətə aparan yolları öyrədir".

Millət vəkili belə bir nəşrin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə "Azman Holdinq"in təsisçisi və Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərova minnətdarlığını bildirib: "Azər Əsgərovun şəhidlər haqqında kitabların yazılmasına, filmlərin çəkilməsinə dəstəyi təqdirə layiq haldır və bunun özü də dövlətə xidmətin ən bariz nümunələridir. Biz Azərbaycanın ərazi bütövlüyünün qorunmasında cüdoçuların xidmətlərini də unutmamalıyıq".

Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.

Bildirilib ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib. Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu “Şöhrət” ordeninə layiq görüb.

O da qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.

Xatırladaq ki, “Bir cüdo əfsanəsi” kitabının müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.