Azərbaycanın dünyada artan nüfuzunun nümayişi

2-06-2023, 10:14           
Azərbaycanın dünyada artan nüfuzunun nümayişi
Beynəlxalq səviyyəli forumların keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri bütün dövlətlərin, beynəlxalq iqtisadi mərkəzlərin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin sərgidə çıxış edərək qlobal enerji sektorunun əsas inkişaf vektorlarına toxunduğunu xatırladan politoloqun sözlərinə görə, dövlətimizin başçısı çıxışında Azərbaycanın neft-qaz sektorunun mövcud durumu və gələcək planlar barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd olundu ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək, Rumıniya ilə də bu istiqamətdə əməkdaşlıq olunacaq. Əsas məqsədlərdən biri təchizatın coğrafiyasını genişləndirmək, çoxşaxəli biznes əməkdaşlığına nail olmaqdır. Təsadüfi deyil ki, son illər 10-dan artıq ölkə enerji təchizatının həcminin artırılması üçün Azərbaycana müraciət edib.
Bakıda keçirilən beynəlxalq sərgidə əsas diqqətçəkən məqamlardan biri də ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub və bu məktubda ölkəmizin artan nüfuzundan irəli gələn əməkdaşlıq istəkləridir: “Hər iki məktubda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı rolu ayrıca qeyd olundu. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. Ölkəmiz dünyada təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım göstərir. Cənub Qaz Dəhlizi, Orta Dəhlizin inkişafı enerjinin şaxələndirilməsi baxımından əhəmiyyətli marşrutlardır. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyəti günü-gündən artır. Bu o deməkdir ki, yaxın dövrdə Avropanın iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətində göstərdiyi səylər göz önündədir və yüksək qiymətləndirilir. Etiraf olunur ki, ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu məqsədlə 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Tədbirdə iştirakçılığın miqyası, ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.