ADA Universitetindəki forum önəmli açıqlamalarla yadda qaldı
7-12-2023, 22:22
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu son dərəcə əhəmiyyətli oldu. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı, prosesləri düzgün qiymətləndirməsi və dəqiq təhlilləri bir daha ciddi məqamlarla yadda qaldı.
Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqların fonunda Azərbaycanın regional əməkdaşlıq haqqında, habelə bəzi qeyri-regional aktorların destruktiv siyasətinə münasibəti barədə önəmli açıqlamalar verməklə, həm də Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bölüşdü.
Bu gün Azərbaycan 30 illik erməni işğalının nəticələrini aradan qaldırır. Bərpa-quruculuq işləri ilə yanaşı, Qarabağa dönüş prosesi də sürətlə davam etdirilir. Ölkədə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. Azərbaycan heç bir ölkədən yardım almadan öz hesabına düşmənin xarabalığa çevirdiyi işğaldan azad olunmuş əraziləri quruculuq ünvanına çevirib. Yeni yaşayış məskənlərinin, şəhər, rayon və kəndlərin yenidən qurulması prosesində Azərbaycan xarakter nümayiş etdirir.
Prezident İlham Əliyevin forumda önəmli açıqlamaları dünyanın müxtəlif siyasi dairələrinin zəruri nəticələr çıxarmaları üçün əhəmiyyətli idi. Azərbaycan lideri post-müharibə reallıqlarının regional müstəvidə cərəyan edən prosesləri barədə ətraflı və dolğun məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi şəkildə cavablandırdı. Dövlət başçısı, həmçinin Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıqda Azərbaycanın gələcəyinə dair strateji baxışlarını açıqladı.
Üç saat davam edən forumda Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə aparan yolda əldə olunmuş nailiyyətlər haqqında, eləcə də ölkəmizin suverenliyini bərpa etmək imkanına hazırlığı barədə danışdı. Forumda dövlət başçısı Qərbin bəzi siyasi dairələrinin təhrif etməyə çalışdığı mühüm məsələlərə də toxundu. Cənab Prezident bir daha vurğuladı ki, qanunsuz erməni silahlı birləşmələrinin və separatçı siyasi rejimin Qarabağdan çıxarılması ilə sülh yolunda dayanan ən son maneə aradan qaldırıldı.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bəzi dövlətlərin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul edə bilməməsi artıq heç kimə sirr deyil. Nə qədər acı olsa da, etiraf etmək lazımdır ki, trans-Atlantika camiəsinə aid olmayan hansısa ölkə müstəqil inkişaf yolunun olduğunu bəyan edəndə, Qərb açıq şəkildə buna qarşı çıxır. Ona görə də Qərbin bəzi ölkələri Azərbaycanın öz qanuni torpaqlarında - Qarabağdakı fəaliyyətini və bu region üçün nəticələri tanımaqdan imtina edir, sülhə yox, sırf öz maraqlarına xidmət edən hərəkətlərə dəstək göstərməyə çalışırlar. Hətta daxili vəziyyəti silkələməyə çalışan addım atmağa cəhd göstərirlər. Amma unudurlar ki, Azərbaycanın öz yolu var və kənar qüvvələrin ölkəmizin sabit inkişafına təsiri sıfra bərabərdir. Bununla bağlı Prezident İlham Əliyev forumda bədxah qüvvələrə dəqiq və aydın mesaj göndərdi. Dövlət başçımız Azərbaycanda vəziyyətin sabit olduğunu bildirdi, daxili vəziyyətimizin xarici amillərdən asılı olmadığını diqqətə çatdırdı: “Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”.
Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə də məlumatlandırdı. Sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdıran dövlət başçısı gələcək sülh müqaviləsinin ana prinsipləri barədə danışdı. Eyni zamanda, Prezident forumdakı çıxışında Ermənistan ilə gələcək münasibətlərimizə dair önəmli açıqlama verdi, İrəvandakı revanşist qüvvələrə açıq mesaj göndərdi: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”. Dövlətimizin başçısı bir daha vurğuladı ki, Ermənistan xilası və inkişafı, digər böyük qardaşı kənarda axtarmamalıdır. İrəvan regional əməkdaşlığa imkan verən siyasət aparmaqla buna nail ola bilər.
Prezident qətiyyətlə bəyan etdi ki, ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu elə arzu olaraq qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Amma həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə borcludurlar. Çünki ölkəmiz tarixi ədaləti bərpa edib.
Metin Hüseynov - siyasi sərhçi, politoloq