Avropa və Qərb Azərbaycanın uğurlarını qəbul etmir

5-02-2024, 09:45           
Avropa və Qərb Azərbaycanın uğurlarını qəbul etmir
Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması ölkəmizin ədalətsizliyə qarşı mübarizəsinin daha bir göstəricisidir. Bu quruma daxil olduğumuz ildən bu günədək AŞPA Azərbaycana ancaq təzyiq etmək yolunu tutub. Yəni, bu qurum daim ermənilərin, onları müdafiə edənlərin diktəsi ilə qərarlar qəbul edirdi. Keçən ilin oktyabrında da biz onların ədalətsiz münasibətini gördük. Bütün bunlar Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Yəni, AŞPA-nın sanki Azərbaycana təzyiq etməkdən başqa vəzifəsi yoxdur.
Bu gün Avropada insan hüquqlarının tapdalandığını, Fransa da daxil olmaqla, bir sıra ölkələrdə kənd təsərrüfatı işçilərinin yürüşlərinin keçirildiyini vurğulayan deputat deyib ki, həmin etirazlara artıq zirehli texnikalar vasitəsilə müdaxilələr olunur. Azərbaycan öz hüquqlarını qorumaq əzmində olduğu, torpaqlarını işğaldan azad etdiyi, bütövlükdə dünyanın separatizmdən əziyyət çəkdiyi bir vaxtda bir presedent yaradan, separatizmin kökünü kəsən ölkəmizə qarşı təzyiqlər artır. Avropa və Qərb Azərbaycanın uğurlarını görmək istəmir. Çünki Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi ölkəmizin vəziyyətində olan, illərlə dondurulmuş münaqişələri alovlandırdı. Azərbaycan sübut etdi ki, hazırda güclü olmaq, ədalətli olmaq dəyərə çevrilib. Yəni, güclü olmaq lazımdır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə xüsusi əlaqələr qurması, ölkəmizin qitənin enerji təchizatı ilə yanaşı, enerji siyasətində də mühüm rol oynaması onlar tərəfindən qəbul edilmir. Hazırda Fransanın müstəmləkəsi altında olan ölkələrin mübarizəsi genişlənir. Onlar mübarizəyə başlayıblar, müstəmləkəçilik siyasətinə, haqsızlığa etiraz edirlər.
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Ölkəmiz Avropa ilə Asiyanın ticarət əlaqələrinin qurulmasında mühüm rola malikdir. Hazırda Çindən ixrac olunan məhsul Avropaya 55-60 günə çatırsa, Azərbaycanın təklif etdiyi variantda bu müddət 15 günə enir. Azərbaycanın əməkdaşlıq təklifindən bütün region, Avropa, Asiya ölkələri yararlanacaq. Bu isə bəzi qüvvələri narahat edir.
Ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qərarlar Azərbaycanın uğurlarının qarşısını almaq üçündür. Bu, Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin birliyini, ölkəmizin öz torpaqlarına sahiblənməsini həzm etməmək deməkdir. Bu, Azərbaycanın, eyni zamanda, nüfuzunun göstəricisidir. Azərbaycan güclü dövlətdir, ölkəmizdə xalq, dövlət, hakimiyyət birliyi var. Bizim AŞPA-da öz fəaliyyətimizi dayandırmağımız Azərbaycanın bir daha nüfuzunun göstəricisi kimi xarakterizə olunmalıdır. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini həzm edə bilməyənlər anlasınlar ki, artıq qarşılarında güclü Azərbaycan var.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.